Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Fakt Xeber
bazar ertəsi

20 fevral 2012

20:30:00
297949

əliyevlərin sionist sevgisi

DİNDARLARIN KÜTLƏVİ HƏBSİ İSRAİL VƏ YƏHUDİ DİASPORASI TƏRƏFİNDƏN DƏSTƏKLƏNİR"

Eynulla Fətullayev: "Hazırkı sistem üçün ən böyük təhlükə siyasi islam və siyasi islamı dəstəkləyən institutdur. Hakimiyyət də islamçılara qarşı yeni repressiv cəbhəni açmaqla Qərbə nümayiş etdirir ki, siz bizi sıxmayın. Azərbaycanın daxilində siyasi İslam kimi çox ciddi bir amil var. Əgər biz olmasaq, bu amilin qarşısında heç kəs dayana bilməyəcək."

Əhli Beyt -ABNA- xəbər agentliyi- Bir neçə gün bundan öncə Nardaranda, Gəncədə, Sumqayıtda və ölkənin digər bölgələrində dindarlara qarşı növbəti dəfə repressiya dalğası baş qaldırıb. İnanclılar arasında kifayət qədər hörmət olunan və ictimai fəallığı ilə fərqlənin bu şəxslər polis bölmələrinə aparılaraq müxtəlif ittihamlarla həbs ediliblər. Son həbsləri də nəzər alsaq, ölkədə məhbus dindarları sayının 60-a yaxın olduğunu deyə bilərik. Mövzu ilə bağlı FaktXeber.com-a müsahibə verən “İnsan Haqları Uğrunda” İB-nin sədri Eynulla Fətullayev suallarımızı cavablandırıb.

- Eynulla bəy, ölkədəki dindarların bir neçə aydan bir, kütləvi həbs olunmasının arxasında nə durur?

- Artıq bu məsələ ilə bağlı araşdırma aparırıq. Belə bir təşəbbüslə çıxış etmişik ki, QHT-lərdən və media nümayəndələrindən ibarət qrupla Nardarana səfər edərək baş vermiş situasiyanı yerində araşdıraq. Heç şübhəsiz hesab edirəm ki, bu olduqca təhlükəli bir prosesdir. Dünyəvi müxalifətin sıradan çıxmasından sonra artıq hamıya məlumdur ki, hakimiyyət üçün bu müxalifət o qədər də təhlükəli deyil. Hazırkı sistem üçün ən böyük təhlükə siyasi islam və siyasi islamı dəstəkləyən institutdur. Onu da qeyd edim ki, son illər ərzində ictimai rəydə hazırkı müxalifətin nüfuzdan düşməsi, eyni zamanda müxalifətin daşıdığı siyasi dəyərlərin devalvasiyasından sonra, ölkədə İslamı dəyərlərin və siyasi İslamın populyarlaşması və əhali tərəfindən rəğbətlə qarşılanması müşahidə olunmağa başladı. Hakimiyyət ilk günlərdə bu prosesə o qədər də önəm və ciddiyyət vermirdi. Amma illər və aylar keçdikcə siyasi islamın genişlənərək sistemləşdiyini və müqavimət formasına gəlməsinin şahidi olduq. Ona görə də bu həbslər preventiv və adekvat aksiyalardır. Belə proseslər bu günə qədər İran, Türkiyə və Yaxın Şərq ölkələrində də kifayət qədər müşahidə olunub. Lakin hakimiyyətin İslami instituları əzməsi, daha da əks effekt verir. Ona görə də, mən bu həbsləri islamın Azərbaycanda ilk növbədə siyasi nüfuzu və artan gücü ilə əlaqələndirirəm. Eyni zamanda onu da yaddan çıxarmaq lazım deyil ki, Azərbaycan İslami qüvvələrin hakimiyyətdə olduğu Türkiyə və İranın qonşuluğundadır. Qonşu dövlətlərin Azərbaycanda ictimai fikrə kifayət qədər təsir imkanları mövcuddur. Ona görə də beynəlxalq aləmdə və ölkə daxilində yaranmış situasiyalar bu cür addımlar atmağa sövq edir.      

- Sizcə bu həbsləri Eurovision qabağı keçirilməsi planlaşdırılan gey paradla əlaqələndirmək olarmı? Nəzər alsaq ki, bu paradın keçirilməsini ən kəskin etiraz edən məhz ölkənin inanclı kəsimidir.

- Düşünürəm ki, yalnız bu məsələ ilə əlaqədar deyil. Bu proses Qərb dairələri tərəfindən, xüsusilə hökumətin sıx əlaqədə olduğu İsrail və yəhudi diasporası tərəfindən dəstəklənir. Məlum olduğu kimi Qərb dairələri ölkədə siyasi İslamın güclənməsində maraqlı deyillər. Vaxtı ilə Türkiyə və İranda da bu prosesin fəallaşmasına qarşı hər cür maneələr törədirdilər. Ona görə də, zənnimcə bu məsələdə hökumət tam olaraq Qərb dairələrin maraqlarını qazana bilir. Hakimiyyət tərəfindən islamçılara qarşı baş vermiş repressiyalara Qərb tərəfindən ən yaxşı halda susqunluq nümayiş etdirilir. Hər hansı etiraz və ya tənqidi fikirlər səsləndirilmir. Düşünürəm ki, bu proses birbaşa Qərb dairələrinin dəstəyi ilə həyata keçirilir. Digər tərəfdən, hakimiyyət bu həbslərlə Qərbə onu nümayiş etdirmək istəyir ki, Azərbaycan siyasi islam fəallaşır və hakimiyyət bu cür sərt tədbirlərə əl atmasa, islamçılar fəallaşaraq nəticədə siyasi qüvvə formatında meydana çıxıb ölkədəki situasiyanı dəyişə bilər. Eyni zamanda hökumət tərəfindən atılan bu addımlar son zamanlar Qərbdən gələn narahatlıqlara və tənqidlərə adekvat olaraq atılan cavabdır. Çünki son zamanlar Qərblə hökumət arasında insan və demokratiya sahəsindəki münasibətlər olduqca gərginləşib. Həmçinin enerji faktorunun, xüsusi ilə qaz faktorunun təsiri var bu məsələlərdə. Hakimiyyət də islamçılara qarşı yeni repressiv cəbhəni açmaqla Qərbə nümayiş etdirir ki, siz bizi sıxmayın. Azərbaycanın daxilində siyasi İslam kimi çox ciddi bir amil var. Əgər biz olmasaq, bu amilin qarşısında heç kəs dayana bilməyəcək.

 

Xəyal Şükür

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır