Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Fakt Xeber
cümə

3 fevral 2012

20:30:00
294638

əliyevlərin qənaətbəxşsiz syasətlərinə son qoyulsun!

AİP etiraz aksiyalarını keçirtməkdə israrlıdır

Elçin Manafov: "Əgər iki dövlət bir millətiksə, nəyə görə, qardaş ölkəyə qarşı atılan bu cür addımları sərt cavablandırmamalıyıq. Hakimiyyət dəstək olmaq əvəzinə susmaqla kifayətlənir"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən son günlər Azərbaycanda və dünyada bir neçə səs-küylü hadisələr qeydə alınıb ki, bunlardan da ən yadda qalanı Xocalı soyqırımının törədilməsində birbaşa adı hallandırılan Sarkisyan, Köçəryan və Qukasyanın adının Azərbaycan Parlamentində aparılan müzakirələr zamanı 2007-ci ildə siyahıdan çıxarılması və Fransanını qondarma soyqırımla bağlı məlum qərarı oldu. Sözügedən məsələlərlə bağlı Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov FaktXeber.com-un suallarını cavablandırıb.

-  Elçin bəy, Xocalı faciəsinin növbəti ildönümü ərəfəsindəyik. Bu günlərdə xaricdə yaşayan azərbaycanlıların spiker Oqtay Əsədova ünvanladığı müraciətdən bəlli oldu ki, 2007-ci ildə parlamentdə müzakirələr zamanı bu hadisələrin birbaşa təşkilatçıları olan Köçəryan, Sarkisyan və Qukasyanın adları səbəbkarlar siyahısından çıxarılıb. Bu məsələ ilə bağlı sizin fikirlərinizi bilmək istərdik.

- Bismillahir Rəhmanir Rəhim. Bu bizim üçün təzə bir hal deyil. İndiyə qədər torpaqlarımızın işğalından neçə illər keçməsinə baxmayaraq, onların azad olunması üçün hər hansı bir addımlar atılmayıb. ATƏT-in Minsk Qrupunu da salıblar ortaya neçə illərdir başımızı boş-boş şeylərlə qatırlar. Ortalıqda nəinki, hər hansı bir müsbət nəticə yoxdur, hətta aparılan danışıqlar əleyhimizə nəticələnib. Onların ermənipərəst mövqeləri özünü göstərir. Əsl qəsbkarları və zalımları ört-basdır eləməyə çalışır.

Cinayətkarları bundan artıq gizlətmək olmaz. Xocalı soyqırımını törədənlər artıq bunu ediblər və tarix də buna şahiddir. Bu danılmaz faktlardır. Amma onların adlarının qatillər siyahısından çıxarılması bir daha həqiqi müstəqilliyimizin sual altında olduğunu göstərir. Görünən odur ki bu sifarişli bir işdir. Əgər həqiqətən bizim heç nədən çəkinəcəyimiz olmasa, bu faktlar gizlədilməzdi. Vətənimizə, millətimizə bu qədər zərbələr vurub, torpaqlarımızı işğal altında saxlayanların qarşısında zəif iradə göstərilməsi onu göstərir ki, kiminsə narahat olacağından qorxub bu məsələni ağartmırlar.

- Bir neçə gün əvvəl Fransa səfirliyinin qarşısında siz də aksiya keçirdiniz. Ancaq bir neçə politoloqun və XİN-in yumşaq bəyanatından başqa başqa biz sərt təpkiləri görmədik. Necə düşünürsünüz, bayaq Xocalı soyqırımı ilə bağlı adlarını çəkdiyimiz şəxslərin cinayətkar kimi elan olunması birbaşa cavab ola bilərmi?

- Nəinki indi bu cür fürsət yaranıb, məqamdır. Elə bu əvvəldən olmalı idi. Nədən çəkinirlər, nədən ehtiyatlanırlar? Ağa ağ deyərlər, qaraya qara. Bunların bizə ziyandan başqa xeyirləri olmayıb. Hərçənd biz onları da müstəqil bilmirik. Onları da qızışdırıb ortaya salaraq millətlərarası iğtişaşları yaradıblar. Düzdür onların özlərində də irqçilik olub ki, belə cinayətlər baş verib. Belə olan halda nəyə görə cinayətkarların adları hallanmamalıdır. Bir halda ki, hələ də yaralarımız sağalmayıb və bu günə qədər torpaqlarımız işğal altındadır. Çox təəssüf edirik ki, dövlət səviyyəsində buna etirazlar olunmadı. Hərçənd ki, müəyyən təşkilatlar öz etirazlarını bildirdilər. Lakin bu etirazlar çox geniş səviyyədə həm xalq və eyni halda rəsmi dövlət səviyyəsində olmalı idi. Əgər iki dövlət bir millətiksə, nəyə görə, qardaş ölkəyə qarşı atılan bu cür addımları sərt cavablandırmamalıyıq. Hakimiyyət dəstək olmaq əvəzinə susmaqla kifayətlənir. Hətta bəzi şəxslər Sarkozinin müdafiəsinə qalxaraq, onun əməllərinə haqq qazandırırlar. Halbuki Sarkozi, qardaş ölkəyə qarşı açıq-aşkar xəyanət və düşmənçilik nümayiş etdirirlər. Bu hallar bizi narahat edir və çox təəssüflənirik.

- Bildiyimiz kimi İslam Partiyasının Bakı Meriyasına qarşı Apellyasiya Məhkəməsi var idi aksiyalara icazə verməməsi ilə bağlı. Ancaq siz Fransa səfirliyi qarşısında başqa bir aksiya keçirdiniz. Bilmək istərdik ki, yenə hansısa aksiyalarınız gözlənilirmi?

- Bu günə qədər qanuni şəkildə etiraz aksiyaları keçirmək üçün kifayət qədər müraciətlər etmişik. Onsuz da qanun bizə müraciət etmədən belə aksiyalar keçirməyə icazə verir. Lakin biz müraciət etməklə qanuna bağlılığımız göstərmək istədik ki, bizi hansısa qanun pozuntusunda, asayiş pozuntusunda ittiham etməsinlər. Etiraz aksiyaları keçirməkdə israrlıyıq və bunu qanun çərçivəsində etmək istəyirik. Bildiyiniz kimi Bakı Şəhər İcra Hakimiyyətini, qanuni aksiya keçirmək istəyimizin qarşısını aldığına görə məhkəməyə vermişdik. Yenə biz bu məsələ də israrlıyıq və etiraz aksiyaları keçirtmək üçün şərait gözləyirik. Qanunun bizə verdiyi hüquqlardan kifayət qədər istifadə etmək istəyirik. Çünki biz bu ölkənin vətəndaşıyıq və bu qanunlardan istifadə etmək hüququmuz var.

- Bir neçə ay əvvəl Ziyalılar Forumu adlı bir qurum yaradıldı. Və bir neçə ciddi sayılacaq dərəcədə tədbirləri keçirildi. Onların sonuncu səs-küylü bəyanatlarından biri də 30 minlik aksiya keçirmək istəkləri ilə bağlı oldu. Azərbaycan İslam Partiyası Ziyalılar Forumunun aksiyalara qoşulmaqla bağlı çağırışına cavab verəcəkmi?

- Biz razılaşdırılmış mitinqin tərəfdarıyıq. Son dəfə biz Apellyasiya məhkəməsinə məhz bu məsələyə görə müraciət etmişdik. Digər tərəfdən də bütün haqq yolunda aparılan mübarizələri, məxsusən sivil mübarizələri dəstəkləyirik, alqışlayırıq.

- Bir müddətdir ölkədə fəaliyyət göstərən siyasi qurumlardan biri də İctimai Palatadır. Və bu qurumda kifayət qədər ictimai təşkilatlar və siyasi partiyalar biləşiblər. Nəzərə alsaq ki, 2013 ölkədə prezident seçkisi ilidir, AİP-in İctimai palatada təmsil olunmaq istəyi varmı?

- Bizim hələ ki, hakimiyyətə qarşı heç bir iddiamız yoxdur. İP və ölkədə olan bütün sağlam qüvvələrin hamısı ilə xoş münasibətlərimiz mövcuddur. Ara sıra tədbirlərimizə dəvət etmişik. AİP-lə bağlı bütün qərarlar partiyanın Baş Məclisində verilir. Bu barədə isə hər hansı bir müzakirələr aparmamışıq.

- Bəs İslam Partiyasının prezident seçkilərində hər hansı bir namizədi dəstəkləmək fikri varmı, yoxsa öz namizədi ilə iştirak etmək istəyir?

- Bu məsələlər haqqında yalnız Baş Məclis qərara verə bilər. Fərd olaraq mənim bu barədə səlahiyyətim yoxdur.

 

Müsahibəni hazırladı: Xəyal Şükür

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır