Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : fazellankarani.com
çərşənbə axşamı

27 dekabr 2011

20:30:00
287092

Sual və Cavab

Ayətullah Fazil: Mürtədlik nə deməkdir?

Ayətullah Fazil Lənkəraninin mürtədliklə bağlı fiqhi hökm ətrafındakı şübhələrə cavabı.

Bağışlayan və Mehriban Allahın adı ilə!

 

İmam Əli (ə) buyurmuşdur: “İlahi peymanların pozulduğunu görüb qəzəblənmirsiniz, ancaq (ilahi əhd-peymanların müqabilində heç bir əhəmiyyəti olmayan) atalarınızın peymanlarının pozulmasına razı deyilsiniz və bunu biabırçılıq sayırsınız” (“Nəhc əl-bəlağə”, xütbə: 106).

İmam Xomeyninin Salman Rüşdinin mürtədliyi və qətlinin vacib olması ilə bağlı hökmünün, eləcə də böyük şiə mərcəi həzrət Ayətullah əl-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkəraninin həm “mürtəd”, həm də “Peyğəmbəri (s) söyən” kimi qətlinin vacibliyi haqqındakı hökmünün ardınca son zamanlar mənə məktublar gəlir.

Məktublardan birində hövzə keçmişinə malik, bir neçə əsərin müəllifi mürtəddin qətl hökmü ilə bağlı bir sıra elmi məsələlərə, fiqhi iradlara işarə vurur. Əslində bu iradlar yeni deyil. Köhnə iradlardır. Mən gözləyirdim ki, o, daha yeni məsələləri önə çəksin və daha ciddi bəhsləri müzakirəyə çıxarsın. Hər bir məktuba ayrıca cavab yazmaq imkanım olmadığı üçün üzr istəməklə yanaşı ümumi bir cavab verməyi məqsədəuyğun hesab etdim. Ümidvaram ki, dinə, məntiqə, əsaslandırmaya azacıq könül vermiş insanlar gerçəyi duyacaq və etiraf edəcəkdir.

Öncə bu məsələni diqqətinizə çatdırmağı lazım bilirəm ki, heç bir mömin və müsəlman insan başqa bir insanın yolunu azmasına, onun aqibətinin pis olmasına sevinmir. Heç bir müsəlman adi halda bir insanın öldürülməsinə sevinmir. Əksinə, sevindirici hal Allah hökmünün icrası, ilahi göstərişə itaətdir. Məsum imamların (ə), xüsusilə İmam Hüseynin (ə) dürlü kəlamlarında dinin məqsədlərindən biri kimi göstərilən mühüm bir məsələ ilahi cəza tədbirlərinin icrasıdır. Bu, təkid olunan məsələlərdən biridir və bir çox maddı, mənəvi bərəkətlərə səbəb olur.

Qütb Ravəndi “Lübb əl-lübab” kitabında Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Yer üzündə ilahi cəza tədbirlərindən birinin icra olunması, altmış ilin ibadətindən daha yaxşı, daha xalisdir”.

Təfsilatlı cavabdan öncə aydın şəkildə bütün müsəlmanlara, bildirmək istəyirəm ki, mürtədin qətlinin vaciblik hökmü keçmiş və son fəqihlərin heç birinin tərəddüd etmədiyi, əhli-sünnə və şiə arasında yekdil hökmlərdəndir. Yalnız son dönəmdə bir neçə alim bu məsələyə şübhə ilə yanaşmışdır və onların sayı bir əlin barmaqlarının sayından çox deyil. Bu, yüzlərlə keçmiş və son alimlərlə müqayisə olunası deyil. Bu hökm diqqətinizə çatdıracağımız izahla dinin zəruri hökmlərindən hesab olunur. İctihad əhli bilir ki, dinin zəruri məsələlərində ictihada yer yoxdur.

Biz uca səslə və iftixarla hamıya bildiririk ki, dəyəri və həqiqəti olan Allahın qanunudur. Onun qarşısında heç bir qanunun, heç bir bəyanatın dəyəri yoxdur. Allahdan başqa heç bir qrupun, heç bir şəxsin qanun təyin etmək hüququ yoxdur. Yalnız Allah bəşəriyyət üçün qanun təyin edə bilər. Bütün dünya müsəlmanları bilsinlər ki, mürtədin qətlinin vacibliyi qəti ilahi qanundur. Bu, Peyğəmbərin (s), Əmirəlmömininin (ə), eləcə də sonrakı dönəmlərdə icra olunmuşdur.

İndi isə bu məsələnin müxtəlif elmi mehvərlərini qisaca nəzərdən keçiririk. Bu bəhsdə altı mehvərdə bir sıra mətləbləri yığcam şəkildə diqqətinizə çatdırırıq:

Birinci mehvər: Mürtədin qətli və Quran;

İkinci mehvər: Mürtədin qətli və rəvayətlər;

Üçüncü mehvər: Mürtədin qətli və qanunsuzluğun yayılması məsələsi;

Dördüncü mehvər: Mürtədin qətl hökmü dinin süstləşməsinə səbəb olurmu?

Beşinci mehvər: Cəza tədbirlərinin icrası məsumun (ə) olması ilə şərtlənirmi?

Altıncı mehvər: Mürtədin qətlinin vacibliyi rəhmət peyğəmbəri olmaqla uyğun gəlirmi?

 

Birinci mehvər: Mürtədin qətli və Quran.

1. Bəziləri güman edirlər ki, mürtədin qətl hökmünün Qurana əsaslanan heç bir dəlili yoxdur. Daha irəli gedərək bildirmişlər ki, bu məsələ Quran ruhu ilə səsləşmir. Fikrimizcə, bu güman əhli-sünnədən başlanmışdır. Müqəddimə olaraq qeyd edək ki, doğrudur, Quranda mürtədin qətlinin vacibliyi ilə bağlı tam aydın ayə yoxdur. Əgər biz mürtədin qətlinin vacibliyi ilə bağlı yalnız bu ilahi kitaba istinad etsək, rəvayətləri, icmanı, hətta zərurəti belə bir kənara qoysaq, onun sübutu çətindir. Amma bir neçə məsələyə diqqət yetirmək lazımdır:

Birinci məsələ: Tarix boyu heç bir fəqih və ya təfsirçi bu məsələ ilə bağlı Qurana əsaslanmamışdırmı? Mürtədliyin hökmünü inkar edənlərin ibarətlərindən anlaşılır ki, guya tarix boyu əsas etibarı ilə heç bir alim mürtədin qətlinin vacibliyi ilə bağlı Qurana istinad etməmişdir. Bu baxış bəzi müxaliflərin Quran ayələrinə tam diqqət etməməsi, bəzilərinin məlumatının azlığı, bəzilərinin isə elmi baxımdan zəif olmasından qaynaqlanır. Məsələnin aydınlaşması üçün demək lazımdır ki:

A) “Bəqərə” surəsinin 54-cü ayəsindən istifadə etmək olar ki, mürtəd qətlə layiqdir. “O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: “Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü (buzovu tanrı bilən adamlarınızı) öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir!” - demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır”.

Bəni-İsrailin böyük əksəriyyəti Firon qoşunundan xilas olduqdan, onlar üzərində qələbə çaldıqdan və həzrət Musa (ə) Tur dağına lövhələri almaq üçün getdikdən sonra Samirinin buzovuna sitayiş etməyə başladı. Tövhiddən xaric oldular. Sonra həzrət Musa (ə) onlara buyurdu: “Siz bu azğınlığınız səbəbilə özünüzə zülm etmisiniz. Tövbə etməli və bir-birinizi qətlə yetirməlisiniz”. Bu qətldə məqsəd nəfsi öldürmək, nəfslə, ehtiraslarla mübarizə aparmaq deyil. Əksinə, məqsəd həqiqi qətl, yəni öldürmək, ruhu cisimdən ayırmaqdır. Məlumdur ki, burada qətl fərmanı Allah-Taala tərəfindən verilmişdir. Bunun səbəbi Bəni-İsrailin o qədər möcüzələri, nişanələri müşahidə etdikdən sonra mürtəd olması, dindən çıxması idi.

Bu ayədən bəlli olur ki, birincisi, yəhudilər arasında mürtədlik, dindən çıxmaq qətlin mövzusudur. Belə bir məsələnin cəzası qətldir. İkincisi, keçmiş şəriətlərin hökmlərini “istishab” qaydası ilə İslam şəriətində də doğru hesab edə, nəsxi (keçmiş hökmün qüvvədən düşməsi, ləğv olunması) bir kənara qoya bilərik. Bəli, kimsə “istishabı” qəbul etməsə, yalnız birinci məsələ ilə kifayətlənməlidir. Amma bu qədəri müddəanı müqayisə etmək üçün kifayətdir.

Alusi “Ruh əl-məani” təfsirində yazır: “Qətl, ya bu xüsusi qrupun tövbəsi olmuşdur, ya da ümumiyyətlə Musa (ə) şəriətində mürtədin tövbəsi mütləq mənada qətl olmuşdur”.

Sözügedən ayənin izahı ilə bağlı İmam Əlidən (ə) nəql olunan bir hədisdə oxuyuruq: “Bəni-İsrail həzrət Musadan (ə) soruşdu: “Bizim tövbəmiz hansı şəkildə olmalıdır?” Həzrət Musa (ə) buyurdu: “Buzova sitayiş edənlər hər biri digərini öldürməlidir”. Belə ki, bəziləri öz qardaşlarını, atalarını, övladlarını qətlə yetirdilər. Nəhayət, Allahdan əmr gəldi ki, bu işi saxlayın” .

Burada irəli sürülə biləcək digər bir fikir isə budur ki, sözügedən ayə qrup şəklində mürtəd olanlara aiddir və bu hökmü bir şəxsin mürtəd olmasına aid etmək olmaz. Lakin “tövbə edin” ifadəsindən aydın olur ki, hər birinin tövbəsi ayrı-ayrılıqda vacib idi. Nəticədə isə hər bir şəxsin mürtəd olması qətlə layiq olması üçün mövzu idi.

B) Fəxr Razi “Təfsiri-kəbir”də “Bəqərə” surəsinin 217-ci ayəsini izah edərkən yazır: “Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!” Əməllərin dünyada heçə getməsində məqsəd budur ki, o ələ keçirildikdə öldürülməlidir. Ələ keçməsi mümkün olmadıqda isə onunla döyüşmək lazımdır ki, ona qələbə çalınsın. Həmçinin möminlər ona kömək edə bilməzlər. Onun arvadı ondan öz-özünə, talaqsız ayrılır və ona, müsəlmanlardan irs payı çatmır” .

Məlumdur ki, Fəxr Razi əməllərin dünyada puça çıxmasının mütləq mənasından belə bir nəticə çıxarmışdır. Onun geniş mənası hətta onun öncə pak və hörmət dairəsinə salan, qanını haram edən iki şəhadəti və İslamı da əhatə edir. Əməllərin puça çıxması ilə istər sözlə, istərsə də əməli olaraq gördüyü bütün işlər etibardan düşür. Bəzi mötəbər rəvayətlərdə İmam Sadiqdən (ə) nəql olunur: “La ilahə illəllah şəhadəti və Allahın elçisini (s) təsdiq etmək qanı hörmətə mindirir. Onunla nikahlar və miraslar sabitləşir”. Hədisin mənası budur ki, bu şəhadət olmadıqda artıq qanın hörməti olmur (insanın öldürülməsi icazəli olur), nikahlar pozulur, mirasdan pay çatmır.

Mərhum Mühəqqiq Xoyi “Tənqih” əsərində yazır: “Çoxlu sayda rəvayətlərimiz göstərirlər ki, İslamda, qanın hörmətində, miras və nikahın icazəli olmasında meyar tövhidə və Peyğəmbərin (s) nübüvvətinə şəhadət verməkdir. Bəlkə buna görə də Şeyx Tusi fitva vermişdir ki, əgər bir müsəlman həcc əməllərini yerinə yetirsə, sonra mürtəd olsa (dindən çıxsa), onun həcci batildir. Əgər yalnız bu ayəni mütləq mənada başa düşsək, Şeyx Tusi haqlıdır”.