Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : mediaforum
bazar ertəsi

11 iyul 2011

19:30:00
253055

SƏLİB YÜRÜŞLƏRİ DAVAM EDİR

SABİNA FREYZER: “QARABAĞDA MÜHARİBƏ UZUN SÜRƏCƏK”

Dağlıq Qarabağda müharibə Rusiyanın təhlükəsizliyi və onun qonşuları ilə münasibəti baxımından zərərli olacaq. Bu, 2008-ci ildə Rusiya-Gürcüstan arasındakı beşgünlük müharibə zamanı baş verənlər kimi olmayacaq. Qarabağda müharibə uzun sürəcək. Rusiya Ermənistanın təhlükəsizliyi ilə bağlı öhdəlik götürüb və onlara məhəl qoymaya bilməz.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Beynəlxalq Böhran Qrupu Avropa proqramlarının icraçı direktoru Sabina Freyzer “Turan”ın Vaşinqton müxbirinə müsahibə verib.

- Beynəlxalq çağırışlara və ümidlərə baxmayaraq Azərbaycan və Ermənistan prezidentləri Kazanda razılığa gələ bilmədilər. Niyə belə oldu?

- Uzun illər ərzində ilk dəfə ATƏT-in Minsk qrupu prezidentlərin Kazan görüşündən əvvəl nikbinlik nümayiş etdirirdi. Həmsədr ölkələrinin Dovil bəyanatı baza prinsiplərinin aydın versiyası idi və sülh sazişinin hazırlanması üçün balanslaşdırılmış zəmin yaradırdı.

Mən inanırdım ki, mətn üzərində uzun işdən sonra həmsədrlər tərəflərin qəbul edə biləcəyi formulu tapıblar və nəhayət, Ermənistanla Azərbaycan arasında kompromis mümkün olacaq.

Üç prezidentin Dovil bəyanatında deyilirdi ki, Kazanda Ermənistan və Azərbaycan prezidentləri baza prinsiplərini başa çatdırmaq üçün siyasi iradə nümayiş etdirməlidir, sonrakı yubanma tərəflərin sülhə nail olmaq üzrə öhdəliklərini sual altına qoya bilər. Kazanda bu iradə olmadı. Prezidentlər öz cəmiyyətlərini sülhə hazırlamaq üçün çox az iş gördülər. Onlar sülh yaratmaqdan çox müharibə əhvalındadırlar.

Tərəflər başa düşməlidirlər ki, sülh qurban tələb edir. Lakin hazırda bu qurbanı vermək cəhdlərinin olması görünmür.

- Bu yaxınlarda “Nyu-York Tayms” qəzetində dərc olunmuş məqalənizdə qeyd etmisiniz ki, prezidentlər saziş imzalamasalar, beynəlxalq vasitəçilər müharibənin bərpasına hazırlaşmağa başlayacaqlar. Sizcə, saziş əldə olunmadıqdan sonra nələr baş verəcək?

- ATƏT-in Minsk qrupu bildirir ki, ilin sonunadək baza prinsiplərini qəbul etmək imkanı var. Bundan sonra Ermənistan və həmsədr ölkələr seçkiqabağı dövrə qədəm qoyacaq. Odur ki, hazırda sonuncu cəhd edilir. Rusiya xarici işlər naziri Sergey Lavrov regiona gedib. Həmsədrlər də yenidən ora səfər edəcəklər.

Biz nizamlanmada irəliləyişə nail ola bilmirik. Lakin düşünürəm ki, Ermənistanda, Azərbaycanda və həmsədr ölkələrdə qarşıdakı seçkiləri nəzərə alsaq, növbəti illərdə bu, daha çətin olacaq.

Kazan görüşü və Dovil bəyanatı bu münaqişəyə beynəlxalq diqqəti artırdı və vəziyyətlə, müharibənin bərpasına dair reallıqlarla bağlı daha çox adam məlumatlıdır.

Belə ki, Avropa Parlamenti bu məsələni müzakirə edir, Avropa İttifaqının ali nümayəndəsi xanım Eşton bununla bağlı bəyanat verərək danışıqlar prosesini dəstəkləməyə hazır olduğunu bildirib.

Sentyabrda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin ediləcək. Ümid edirəm ki, Piter Semnebidən fərqli olaraq o, işğal olunmuş ərazilərə gedərək Avropa İttifaqının problemin həllinə yardım göstərməyə hazır olduğunu nümayiş etdirəcək.

- Nizamlanma prosesində Rusiyanın rolunu necə görürsünüz?

- Rusiya Dağlıq Qarabağ üzrə sazişin axtarışında müsbət rol oynayır. Şəxsən prezident Medvedyev sülh sazişinə nail olmaq üçün saatlarla vaxt sərf edib. Dağlıq Qarabağda müharibə Rusiyanın təhlükəsizliyi və onun qonşuları ilə münasibəti baxımından zərərli olacaq. Bu, 2008-ci ildə Rusiya-Gürcüstan arasındakı beşgünlük müharibə zamanı baş verənlər kimi olmayacaq. Qarabağda müharibə uzun sürəcək. Rusiya Ermənistanın təhlükəsizliyi ilə bağlı öhdəlik götürüb və onlara məhəl qoymaya bilməz. Digər tərəfdən Türkiyə də Azərbaycanın qarşısında oxşar öhdəliklərə malikdir. Rusiya və Türkiyə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri aldığı bir dövrdə regionda müharibənin baş verməsi onları ayıracaq və hər iki tərəfə olduqca mənfi təsir göstərəcək.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır