Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

25 iyul 2023

18:04:11
1382327

İran bütün region ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi iyulun 24-də Ermənistan xarici işlər naziri ilə görüşdə bəyan edib ki, Tehran bütün region ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir.

Regional problemlərin region ölkələrinin özləri tərəfindən həll edilməsinin vacibliyini vurğulayan Rəisi xarici müdaxilənin problemləri daha da dərinləşdirdiyini bildirib və deyib: “İran Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləməklə ümid edir ki, bu danışıqlar regionda mümkün qədər sülh, təhlükəsizlik və əmin-amanlıq yaradacaq və sabitliyi gücləndirəcək”.

İranın heç bir geosiyasi dəyişikliyi və region ölkələrinin sərhədlərinin yerdəyişməsini qəbul etmədiyinə diqqət çəkən prezident əlavə edib ki, İran bütün region ölkələrinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Tehran hesab edir ki, hazırda hər iki qonşu ölkənin qarşı tərəfin ərazi bütövlüyünü tanıdığını göstərən ciddi bəyanatları sülhün reallaşmasının qarşısında duran əsas maneəni aradan qaldırır.

Məlum olduğu kimi 10 noyabr bəyanatındakı digər qeyri-müəyyənlik Sünik keçidindən necə istifadə edilməsi ilə bağlı idi. Bu keçid Ermənistanın ərazi bütövlüyündədir və Azərbaycanın mərkəzi hissəsini Naxçıvanla birləşdirir. Əmir-Abdullahiyanın dediyinə görə, Azərbaycan prezidenti İlham Əliyev son görüşdə İran dövlətini əmin edib ki, onun Ermənistanla quru sərhədini bağlamaq niyyətində deyildir. 

Beləlikə də Ermənistanın Azərbaycan Respublikasının Naxçıvana çıxışı üçün Sünik vilayətindən keçidi açmağa hazır olduğunu bildirməsi ilə Cənubi Qafqazda sülhün bərqərar olması yolunda növbəti maneə öz həllini tapmağa yaxınlaşır.

İran İslam Respublikası hesab edir ki, istənilən sülh müqaviləsinin davamlılığı üçün tərəflər mübahisələri beynəlxalq normalara hörmət edərək, bir-birinin ərazi bütövlüyünü tanımaqla və beynəlxalq səviyyədə tanınmış sərhədləri qorumaqla həll etməlidir.

Bunu nəzərə alaraq, tərəflər beynəlxalq sərhədləri pozmamaq və Dağlıq Qarabağdakı erməni azlığının təhlükəsizliyini təmin etmək qərarına gəliblərsə, münaqişə bitmiş hesab olunur və İslam İran Respublikası bu inkişafı müsbət qarşılayır.

Bununla da Qarabağ münaqişəsinin sona çatması və sülhün bərqərar olması tərəflərin mənafeyini təmin edəcək və iki ölkə xalqını qane edəcək. Bu inkişafla region ölkələri arasında 3+3 formatında əməkdaşlığa imkan yaranacaq və lazımsız münaqişələrə son qoyulacaq. Regionda sülh sazişindən zərər görəcək yeganə ünsür sionist rejimdir ki, Qafqaz ölkələrinə silah satmaq və kəşfiyyat imkanlarını itirəcək. Bu səbəbdən region ölkələrinin İsrailin təxribatçı hərəkətləri qarşısında diqqətli olmaları lazımdır.