Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

23 may 2023

20:50:32
1368224

Azərbaycanda məhrəmlər arasında evlilik təhlükəsi

Azərbaycan Respublikasında süni mayalanma mərkəzlərinin follikul donorundan istifadəsi barədə qanuni bazanın, lazımlı sistemin və nəzarətin olmaması ölkə də məhrəmlər arasında nikah ehtimalını artırır.

son günlər sosial şəbəkələrdə gənc qadınlardan follikulların pulla alındığına dair elanlara rast gəlinir. Belə ki, follikul İnstagram* sosial şəbəkəsindəki follikul donorluğuna dair səhifələrdə donor olanlara 400-700 manat ödəniş ediləcəyi bildirilir.

Sputnik Azərbaycan bununla bağlı jurnalistik araşdırma aparıb. Araşdırma yazısında deyilir: "Follikul donoru" səhifəsinin admini Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, prosedur 12 gün davam edir. Bunun üçün əvvəlcə donor qadınlara müxtəlif dərman preparatları verilir. Qadının yaş həddi isə 18-29 olmalıdır. Əsasən hamiləlik keçirmiş qadınlara üstünlük verilir. Bildirilib ki, bir qadın bir neçə dəfə follikul donoru ola bilər. Prosedur barədə daha ətraflı məlumat donor qadın müayinə olunduqdan sonra verilir.

Sputnik Azərbaycan süni mayalanma mərkəzlərinin follikul donorundan istifadənin qanuni olub-olmadığını araşdırıb.

Sumqayıt Tibb Mərkəzi PHŞ-nın direktor müavini Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli bildirib ki, Azərbaycanda mövcud qanunlarda reproduktiv hüceyrə donorluğu təsbit edilməyib. Həmçinin donorların xüsusi qeydiyyat sistemi də yoxdur. Ona görə də follikul donorlarının olub-olmaması haqqında heç bir rəsmi məlumat qeyd edilmir.

Bir qadının follikul ilə bir necə qadının bətninə embrionun yerləşdirilməsinə gəlincə, T.Rəcəbli bildirib ki, nəzəri olaraq bir qadın follikulu ilə bir neçə pasiyenti mayalandırmaq mümkündür.

“Beynəlxalq praktikada reproduktiv hüceyrə donorları xüsusi sistemdə qeydiyyata alınır, bu da bir donordan sadəcə bir resipient üçün follikul toplanmasına şərait yaradır. Həmçinin nikaha daxil olarkən bu sistem vasitəsilə gizlilik qorunması şərti ilə yoxlamalar aparılır, bu da gələcəkdə bacı-qardaş nikahlarının qarşısını alır”, - deyə həmsöhbətimiz bildirib.

Perinatal Mərkəzin rəhbəri Azərbaycan Respublikasında isə reproduktiv hüceyrə donorlarının xüsusi sistemdə qeydiyyata alınmadığını xatırladıb və bunun süni mayalanma mərkəzlərinin öz vicdanlarına buraxıldığını deyib.

Bu mövzuda hər kəsi düşündürən suallardan biri də eyni follikullardan doğulan uşaqların bacı-qardaş sayılıb-sayılmamasıdır.

Mütəxəssis bildirib ki, bir qadın follikulundan yetişdiyi üçün bu cür körpələr bacı-qardaş sayılır.

”Genetik olaraq eyni qadının yumurta hüceyrəsindən inkişaf edən embrionlar bacı-qardaş sayılırlar və beləliklə, transfer sonrası dünyaya gələn uşaqlar bacı-qardaş olurlar.”- deyə Təranə Rəcəbli deyib.

Həkim donorların sistemsiz istifadəsinin gələcəkdə bacı qardaşların nikahı ehtimalını ortaya çıxaracağı barədə xəbərdarlıq edib.

342/