Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

8 fevral 2023

19:20:18
1344819

Mirzoyan: İrəvan sülh sazişi haqqında Bakıdan təklif alıb

Ermənistan Azərbaycandan sülh sazişi haqqında növbəti təklifləri alıb və mətnin üzərində işləyir.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniya XİN başçısı Annalena Berbokla birgə mətbuat konfransında bildirib.

"Biz Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri ilə görüşməli idik, amma Laçın dəhlizinin bağlanması ilə əlaqədar Ermənistan tərəfi iştirakını təxirə saldı. Buna baxmayaraq, biz öz təkliflərimizi Azərbaycan tərəfinə təqdim etdik və bu günlərdə Bakıdan sülh müqaviləsi ilə bağlı yeni təklifləri aldıq. Mətn üzərində işi davam etdiririk", - deyə Mirzoyan bildirib.

Qeyd edək ki, sülh prosesi bir ildən çoxdur davam edir. Bu müddət ərzində İrəvan dəfələrlə Bakının təklif etdiyi 5 bəndin Ermənistanı qane etdiyini bildirib, amma cavab şərtləri irəli sürüb. 

Azərbaycanın təkliflərinin mahiyyəti ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasından, gələcəkdə ərazi iddialarında imtinadan, sərhədin demarkasiyasından və sülh müqaviləsinin bağlanmasından ibarətdir.

Ermənistan tərəfi isə sülh sazişində Qarabağın adının çəkilməsini və ona müəyyən bir status verilməsini tələb edir.

Ermənistan XİN rəhbəri əlavə edib ki, Laçın dəhlizinin blokadası və bütün digər problemlərə rəğmən, danışıqlar davam edir.

Onun sözlərinə görə, “ermənilərə qarşı davamlı aqressiv ritorika və nifrət təbliğatı danışıqların uğurlu və rəvan keçməsinə qətiyyən kömək etmir”.


342/