Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə

27 yanvar 2023

20:16:12
1341519

İranın Bakıdakı səfiri XİN-ə çağırılıb

Bu gün İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

Azərbaycan Respublikası XİN-in verdiyi məlumata görə, görüşdə Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş silahlı basqın qınanıb və “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməli olduğu vurğulanıb.

Görüşdə həmçinin, İranın səlahiyyətli qurumları tərəfindən silahlı hücumu törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, hücumun hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində ehtimal üzrə əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması tələb olunub.

Görüşdə İran səfiri Seyid Abbas Musəvi Azərbaycan səfirliyinə qarşı baş verən silahlı hücumu kəskin şəkildə pisləyərək baş verənlərdən dərin kədər hissi keçirdiyini, səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verdiyini bildirib.

Səfir görüşdə habelə İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, ətraflı məlumatın istintaq prosesi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacağını vurğulayıb.

342/