Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : IQNA
cümə

25 noyabr 2022

19:08:51
1326216

Naxçıvandakı bütün nazirliklər Bakıya tabe etdirilir?

Bakıdan gedən maliyyəçilər artıq bir müddətdir ki, muxtar respublikada maliyyə sənədlərini yoxlayırlar; muxtar respublikanın nazirlikləri birbaşa Bakıda olan nazirliklərə baş idarələr formasında tabe ola bilər.Bu barədə musavaq qəzeti yazıb.

Yazıda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində həbslər apardığı haqda məlumatlara toxunaraq deyilir: “ muxtar respublikanın Gömrük Komitəsinin bəzi əməkdaşları saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindiriliblər, kabinetlərdə isə axtarışlar aparılıb. Məlumatda bildirilir ki, Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır. Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və sədr müavini Səbuhi Novruzovun komitənin inzibati binasına buraxılmadığı da deyilirdi.

Qəzet xatırladır ki, Səhət Həbibbəyli AMEA-nın Prezidenti İsa Həbibbəylinin oğlu, Səbuhi Novruzov isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun bacısının həyat yoldaşıdır.

Yazıda sonra deyilir: Naxçıvan MR rəhbərliyi ətrafında maraqlı hadisələr müşahidə edilir. Bildirilir ki, Bakıdan gedən maliyyəçilər artıq bir müddətdir ki, muxtar respublikada maliyyə sənədlərini yoxlayırlar. Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun YAP-ın 30 illik yubileyi keçirilən gün Bakıda olduğu, lakin tədbirə dəvət olunmadığına dair iddialar var. Hazırda muxtar respublikada bir sıra struktur islahatlarının aparıldığı, Naxçıvandakı qurumların Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabe etdirilməsi istiqamətində də addımlar atıldığına dair məlumatlar yayılır. Məlumatlara görə, Gömrük Komitəsində aparılan əməliyyatın bir məqsədi də qurumun ləğv edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilməsni təmin etməkdir.

Onu da bildirək ki, noyabrın 1-də Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ləğv edilib. Onun yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə tabe olan Naxçıvan Baş İdarəsi yaradılıb. İdarəyə Möhsün Aşurov rəis təyin edilib. Bundan əvvəl isə sözügedən qurumun Əsasnaməsi dəyişdirilərək onun bir sıra səlahiyyətləri məhdudlaşdırılmışdı. 

İddialar var ki, Naxçıvanın idarə edilməsində Bakının rolunun artırılması vacib hesab edilir. Naxçıvan Muxtar Respublikasının nazirlikləri birbaşa Bakıda olan nazirliklərə baş idarələr formasında tabe ola bilər. Eləcə də rayonların icra hakimiyyətləri. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin ləğvinin də gündəmdə olduğu deyilir. Bütün bu məsələlərlə bağlı idarəetmədə islahat xarakterli addımlara qarşı V.Talıbovun müqavimət göstərə biləcəyi ağlabatan görünmür, amma belə iddialar da var.

342/