Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA: Neftin gəlirindən insanlara niyə aylıq məvacib verilmir? Qazilər və Şəhid ailələrinə niyə yardım edilmir? Şərlənərək həbs olunan ruhanilər, siyasilər, jurnalistlər niyə azad olunmur? Ölkədəki inhisarçılığa qarşı niyə birdəfəlik və kəskin mübarizə aparılmır? Korrupsiya nə üçün baş alıb gedir? Qarabağ nə üçün alınmır? Əgər alınıbsa Azərbaycan qanunları nə üçün orda icra olunmur? Prezident başda olmaqla Azərbaycan vətəndaşlarının Xankəndinə gedişi niyə yasaqdır? Araik niyə həbs edilmir?
Söz və ifadə azadlığının vəziyyəti niyə bərbad haldadır? Niyə demokratik seçki keçirilmir? Niyə görə ölkədə aparılan siyasət cəmiyyətlə razılaşdırılmır və qəbul edilmiş qərarlarla bağlı cəmiyyətə məlumat verilmir? Niyə ölkədə real müxalifət yoxdur? Niyə neftdən gələn gəlirlər mənasız və hətta «ekzotik» layihələrə sərf edilir? Nə üçün bütün beynəlxalq hesabatlarda ölkənin adı antidemokrtik ölkələrin sırasında çəkilsə də, bundan hər hansı nəticə çıxarılmır?..
BÜTÜN SUALLARIN BİR CAVABI
Suallar, suallar. Onların sırasını davam etdirmək olar. Amma bu sualların bir «cavabı» daha çox eşidilir: «prezident istəyir, fəqət ətrafındakı məmurlar imkan vermir...».
Buna nə dərəcədə inanmaq olar? Doğrudanmı İlham bu qədər acizdir? Əsla. Bunun əksini iddia etmək üçün kifayət qədər tutarlı əsaslar var. Necə ki, İlham, Mehriban və qızları Leyla 2021, fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olarkən çıxışı zamanı İlham belə dedi: «...biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik...». .
O, bütün səmərəsiz tikililərin açılışında iştirak edir, hara gedirsə ilk növbədə insanlarla birbaşa kontaktlardan yayınır, halbuki prezidentliyinin ilk çağlarında, bəlkə də hələ təcrübəsiz olduğundan əhali ilə təmasda olurdu. İndi isə əvvəlcədən təşkil olunmuş və öyrədilmiş adamlarla «görüşlər» keçirməyə üstünlük verir. Onu ancaq cəmiyyətin fövqündə olan bir başçı kimi təsəvvür etmək mümkündür və getdikcə cəmiyyətlə onu ayıran arakəsmələrin sayı artmaqdadır.
Elə bu səbəbdən günahı məmurların boyuna atmaq sadəcə sadəlövhlükdən başqa bir şey deyil – o, hər şeyi bilir, hər şeydən xəbərdardır, ancaq atası kimi idarəçiliyi belədir, çünki o, başqa idarəçilik görməyib və bacarmır, həm də əcnəbi jurnalistlərdən birinə «mən kral deyiləm, prezidentəm» - desə də, əslində ölkəni elə kral kimi idarə edir. Amma hətta krallar üçün də müəyyən məhdudiyyətlər olurdu, krallar belə ideal mənada sərbəst olmurdular.
ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN, LÜDOVİK!
Kral Lüdovikin məşhur bir kəlamı vardı: «Dövlət – mənəm!». O, heç inana da bilməzdi ki, yüz illər sonra kiçik dövlətlər meydana gələcək, bu kiçik, xırda dövlətlərin böyük iddialı başçıları olacaq, çünki kral gərək bütün mənalarda kral olsun, daha ərazisinin parlaq güşəsi olan Qarabağı işğal altında, bir neçə faizi də daim güllə-atəş altında olmasın. Napoleon məğlub olanda Lafayet ona təklif edir ki, tez bir zamanda ölkəni respublika elan etsin və bizim dildə desək, demokratik islahatlar aparsın. Napoleonun cavabı çox qısa olur: «Mən imperatoram!». Bəli, Napoleon imperator idi və bu ada tam layiq idi. Bəs indikilər haqda nə demək olar?
İndiki krallar keçmişdən ancaq iki şey əxz ediblər: dövlətin sərvətlərinə sahib olmaq və hakimiyyəti özlərinin istədikləri varislərinə ötürmək. Onlar ancaq bir döyüşü udublar – öz millətləri ilə savaşı. Bəli, bu cəbhədə onlar qalibdirlər. Başqa cəbhələr isə onları düşündürmür...
İLHAM ƏLİYEV SİYASİ ELİTADAN ASILIDIRMI?
Bu suala da çox vaxt belə cavab verirlər ki, ölkədə oliqarxlar var və onlar siyasi qərarlara təsir edirlər. Düzdür, oliqarxlar var, amma onların rolu bir az şişirdilmirmi? Bunu ona görə qeyd edirik ki, oliqarxlar boş fəzada mövcud olmur, oliqarxiya şəraitində özlərini biruzə verirlər və əgər ölkədə oliqarxlar varsa, onların başçısı da var, əks təqdirdə ölkədə başqa sistem mövcud olardı.
Təsadüfi deyil ki, prezidentin biznes imkanları, biznes layihələri və əmlakı haqqında getdikcə daha çox şok xəbərlər yayılır – yerli və əcnəbi mətbuat bu haqda mütəmadi yazır, ən başlıcası isə bu yazılar və xəbərlər təkzib olunmur.
Qeyri–demokratik ölkələrdə mübarizə və çəkişmələr bir qayda olaraq «saraya» köç edir. Bu baxımdan Azərbaycanda da belə halı istisna etmək olmaz, qruplar, təbii ki, var. Amma unutmamalıyıq ki, Azərbaycanda baş verən bütün hallar İlhamın nəzarəti altında baş verir. Xalqın milli sərvətlərinin sovrulub külə döndərilməsindən tutmuş, pozğunçuluğun Azərbaycanda baş alıb getməsi, narkomaniyanın yayılması, səhiyyənin bərbad vəziyyəti, mentalitetin dəyişdirilməsi və s bəlalar hamılıqla prezidentin nəzarəti ilə həyata keçirilir. «Prezident özü başqa cür istəyir, fəqət onu belə idarə etməyə məcbur edirlər» kimi cılız bəyanatlar isə bu ölkədə yalnız ironik təbəssüm doğura bilir, ancaq ironik...
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!