Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

6 dekabr 2021

09:20:17
1205665

Araşdırma

İİR, Azərbaycan və Türkmənistan arasında imzalanan qaz müqaviləsinin TƏSİRLƏRİ

Qeyd edək ki, noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan Aşqabadda qazın svop tədarükü barədə razılaşma imzalayıblar. Razılaşmaya əsasən, Türkmənistandan Azərbaycana İran İslam Respublikası vasitəsilə ildə 1,5 - 2 milyard kubmetrədək qaz göndəriləcək. Müqavilənin icrasına bu aydan başlanılması gözlənilir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Azərbaycan, Türkmənistan və İİR arasında qazın svop tədarükü üzrə Aşqabadda imzalanan müqavilə bütün tərəflərə qazandıran bir razılaşmadır.

Bunu Beynəlxalq Araşdırmalar İnstitutunun iranlı eksperti Mehdiyə Əbülhəsəni deyib.

M.Əbülhəsəninin sözlərinə görə, bu müqavilə əsasında İran İslam Respublikası  Türkmənistandan idxal etdiyi qaz üçün vəsait ödəməyəcək, bunun qarşılığında Azərbaycana qaz ixrac edəcək.
Ekspert əlavə edib ki, bu müqavilə ciddi siyasi və iqtisadi əhəmiyyət daşıyır, bu baxımdan hər üç ölkə üçün müsbət faktor hesab olunur:

"İran İslam Respublikası İqtisadi Əməkdaşlıq Təşkilatının beş üzv ölkəsi ilə qonşudur. Üstəlik sanksiyalar şəraitindədir. Buna görə də İİR mütləq qonşu ölkələrlə münasibətləri inkişaf etdirməlidir. Bu baxımdan qaz svopu üzrə müqavilə hər iki aspektdən İran İslam Respublikasına kömək edəcək", - deyə o bildirib.

M.Əbülhəsəninin fikrincə, bu müqavilə İranın Avropaya qaz ixracı üçün perspektiv də yarada bilər.

İran İslam Respublikasının Milli Neft Şirkətinin beynəlxalq məsələlər üzrə idarəsinin sabiq müdiri Məhəmməd Əli Xətibi də qeyd edib ki, İranın şimal və şimal-şərq vilayətləri ölkənin qaz şəbəkəsinin sonunda yerləşir və soyuq fəsillərdə istehlakın artması ilə həmin ərazilərdə qazın təzyiqi aşağı düşür:

"İranın bu vilayətlərində infrastruktur problemlərinə görə, qısa müddət ərzində istehlakın azaldılması üzrə hər hansı plan icra etmək mümkün deyil. Türkmənistan, İİR və Azərbaycan arasında qaz svopu üzrə imzalanan müqavilə İranın şimal və şimal-şərq vilayətlərində verilən qazın təzyiqinin aşağı düşməsinin qarşısını ala bilər. Hazırkı şəraitdə bu vilayətlərə qaz verilməsi üçün alternativ yol yoxdur", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan Aşqabadda qazın svop tədarükü barədə razılaşma imzalayıblar. Razılaşmaya əsasən, Türkmənistandan Azərbaycana İran İslam Respublikası vasitəsilə ildə 1,5 - 2 milyard kubmetrədək qaz göndəriləcək. Müqavilənin icrasına bu aydan başlanılması gözlənilir.


Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!