Sağlam Cəmiyyət

"Əsgər analarına dəstək" İctimai Birliyi dəyirmi masa keçirdi

  • News Code : 287064
  • Source : Fakt Xeber
"BİZİM ÜÇÜN YENİ İL QARABAĞIN AZADLIĞINDAN SONRA BAŞLAYIR"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün  “Əsgər analarına dəstək” İcimai Birliyi orduda baş verən müəmmalı əsgər ölümləri, nizamnamədən kənar hallar və bunun doğurduğu ciddi fəsadlar barədə dəyirmi masa keçirdi. Tədbirdə həmçinin digər məsələlərə də toxunuldu. Dəyirmi masada qurumun təmsilçiləri ilə yanaşı, ictimaiyyətin və mətbuatın nümayəndələri də iştirak edirdilər.

Qurumun sədri Növrəstə İbrahimova tədbiri açaraq son aylarda orduda ölüm hallarının artması və onun səbəbləri haqda geniş məlumat verdi. O, konkret rəqəmlər göstərərək təxminən 1000 nəfər itki verildiyini, 600 nəfərin yaralandığını, 13 əsgərin düşmən gülləsinə tuş gəldiyini, 13-nün avtomobil qəzasına düşməsi haqda məlumat olduğunu, 16 nəfərin isə intihar etdiyni bildirdi. Növrəstə xanım dedi ki, bütün bu tələfatlar baxımsızlığın, əsgərlərə göstərilən laqeyd münasibətin, cəzasızlığın acı nəticələridir: “Əsgərlər vətənin müqəddaratının havası və suyu sayılır. Bunlarsız yaşamaq mümkün olmadığı kimi, vətən də əsgərsiz nəfəs ala bilməz. Maraqlıdır, xidmətə həvəslə yollanan əsgər sonradan nəyə görə intihar etməlidir? Şübhəsiz ki, onu buna vadar edən ciddi səbəblər var. Azərbaycan əsgəri hər çətinliyə dözsə də təhqirə dözmür. Bəs orduda avtomobil qəzaları nə üçün tez-tez baş verir? Avtomobil ömründə onu idarə etməyən əsgərə etibar edilir və bunun sonu da ölümlə nəticələnir. Bunlar hamısı mənəviyyatın səviyyəsinin aşağı olmasının göstəricisidir”.

N.İbrahimova müqəddəs kitabımızdan, müqəddəslərimizin hədislərindən sitat gətirərək dedi ki, əsgər Allah-Təalanın sevdiyi kəsdir, Allah onun silahının səsini sevir. Amma çox təəssüf ki, vətənin bu ağır günündə, torpaqlarımızın 20 faizinin işğal edildiyi bir şəraitdə ona hələ də biganə münasibət göstərilir və səhvləri düzəltmək əvəzinə, zorakılıq davam etdirilir: “Bu əsl faciədir. Belə faciələr isə qeyd etdiyim kimi, mənəvi boşluğun nəticəsidir. Əgər əsgər Allahı tanıyırsa, onda vətəni də göz bəbəyi kimi qoruyacaq. Komandir hər addımda Allahı başının üstündə görürsə, onda əsgərə atalıq qayğısı göstərəcək, müəllim hədiyyəyə deyil, övladlarımızın təhsilinə diqqət yetirəcək, həkimlər vətəndaşlarımızın puluna yox, sağlamlığına fikir verəcək. Allahı tanıyan valideyn öz övladına, ailəsinə düzgün xidmət göstərəcək.”

Hacı Növrəstə daha sonra ölkədəki ümumi vəziyyətə toxunaraq dedi ki, kimlər həqiqəti danışırsa, qanunsuzluqlara etiraz edirsə müxtəlif ittihamlarla həbsə atılır, ağır cəza alır: “Hərbi xidmətdən qorxmaq iman zəifliyinin nəticəsidir. Vətən müqəddəsdir, onu qoruyanlara canımızı da qurban versək yenə azdır. Yəni əvvəllər belə olub. İndi isə əsgərlərə təzyiq göstərilir, işgəncə verilir, qürurları sındırılır. Necə olur ki, ata-ananın xeyir-duası ilə hərbi xidmətə yollanan əsgər öldürülür, nizamnamədən kənar hərəkətlərin qurbanı olur, amma cinayətkar cəzasız qalır, rütbələri, vəzifələri artırılır, amma hicab qadağasına etiraz edənlər nahaqdan cəza çəkirlər?”.

N.İbrahimova sonda əsgər analarına, övladları hərbi xidmət zamanı müəmmalı şəkildə həlak olan valideynlərə müraciət edərək, haqsızlıq və qanunsuzluqlarla barışmamağa çağırdı: “Əgər əsgərlər qəsdən öldürülürsə, işgəncələr verilirsə valideynlər nəyə görə susurlar? Ölümün səbəblərini dəqiq bildiyi halda nə üçün bunu mətbuata açıq deməkdən çəkinirlər? Nə qədər ki, susqunluq göstəriləcək, müəmmalı ölümlərin də sayı artacaq. Haqqı, haqqın səsini boğmaq olar, amma öldürmək olmaz. Çünki Haqq Allahın özüdür. Bu gün bütün dünya ermənilərə haqq qazandırır, lakin Azərbaycana dəstək göstərən yoxdur. Çünki erməni məqsədinə çatmaq üçün zülüm-zülüm ağlayır, yalançı göz yaşları tökür. Biz isə düşməni və düşmənçiliyi çox tez unuduruq. 20 ildən artıqdır ki, torpaqlarımız işğal olunsa da, bayramları çox təntənəli şəkildə qeyd edirik. İndi də eyni ovqatla yeni ilə hazırlaşırıq. Ancaq bizim üçün yeni il Qarabağın azadlığından sonra başlayır”.

Qurumun təmsilçilərindən biri Təranə Məmmədova da diqəti müəmmalı əsgər ölümləri və bunun səbəblərinə yönəltdi. Təranə xanım bu yaxınlarda bir əsgərin gizir tərəfindən öldürülməsi faktına toxundu: “Müdafiə Nazirliyi bunu silahla ehtiyatsız davranmanın nəticəsi kimi təqdim etdi. Amma bu ciddi şübhə doğurur. Valideynlər heç nədən çəkinməməli, bunu açıq deməlidirlər. Əgər əsl səbəb gizlədilirsə, cinayətkar da cəzasız qalır və növbəti cinayətlər başlayır.”

Qurumun digər təmsilçisi Günay Rəcəbova isə Azərbaycan cəmiyyətində haqqın, ədalətin hər zaman tapdandığını, zaman-zaman axtarılan həqiqətin tapılmadığını vurğuladı: “Türkiyədə bir əsgər döyüldüyü üçün bütün cəmiyyət də, ordu da ayağa qalxdı. Amma bizdə belə deyil, hər şeyə biganə yanaşırıq, unutqanlıq göstəririk, bir-birimizə dəstək vermirik. Valideynlər isə belə hallarda susmamalıdırlar. Əks halda cinayətlər davam edəcək. Bunun qarşısını almaq üçün birlik nümayiş etdirilməlidir”.

Səidə Məmmədova da şəhidlərin yüksək məqamda dayandıqlarını vurğulayaraq dedi ki, onlar öz qanları ilə qaranlıq səhifələrimizə işıq saçır: “Biz haqsızlıqlara, əsgər ölümlərinə nə üçün dözməliyik? Susduqca vətən də parçalanır. Mənəviyyatı, qüruru sındırılan əsgər vətəni qoruya bilməz. Tarix unudulursa, faciələr də davam edir”.

Qurumun sədr müavini Kəmalə Manafova isə Azərbaycan xalqının mənəviyyatına zərbə vurmaqla sərvətlərimizi talamağa çalışanların mövcudluğundan danışdı. Kəmalə xanım bunun nümunəsi kimi ölkəmizdə keçiriləcək “Avrovijin” mahnı müsabiqəsinə toxundu. Və dedi ki, bu, Azərbaycan üçün faciədir: “İqtisadi böhran vəziyyətində belə bir müsabiqənin keçirilməsi bizə yaraşmaz. Az qalıb ki, nəfəs almağı da kart sisteminə keçirsinlər”.

Digər qurum təmsilçisi İlahə Səmədova övladlarımızın həvəslə hərbi xidmətə getdiklərini, lakin sonradan dəhşətli hadisələrlə, işgəncələrlə üzləşdyini söylədi. İlahə xanım hicab qadağasına da toxundu: “Rusiya televiziyası dövlətimizin başçısına hicab qadağası barədə sual verəndə, o, belə bir problemin olmadığını dedi. Əgər belədirsə, ondan neçə aydan bəri davam edən həbslər nə üçündür?”

Şəhid anası Aynur Məmmədova isə “Vətəni sevmək imandandır ” deyərək, oğlu Sadiqi hərbi xidmətə yola saldığını bildirdi: “Mənim oğlum da şəhiddir. O da haqq yolunda rəhmətə getdi. Sadiq çox cəsarətli gənc idi. O, neçə-neçə ermənini öldürə bilərdi. Amma çox təəssüf ki, bizim orduda əsgərə əyilməyi öyrədirlər. Sadiq isə əyilməyi xoşlamırdı, təhqirə dözmürdü. Mən susmamışam. Sadəcə səs-küy salmağa utanıram ki, birdən ermənilər bizə gülər”.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib