Araşdırma

Bu gün hər yerindən duran milləti aşağılayır – Bunun kökü hardan gəlir? – Təhlil

  • News Code : 486072
  • Source : Deyerler.org
Brief

Publisist və ssenarist Çingiz Sultansoy: “Bir vaxtlar adi “Topxana” meşəsinin qırılması ilə 100 minlərlə insanın meydanlara axışmasını, indi ən ciddi haqsızlıqlarda belə müşahidə etməməyimizi əksər insanlar millətin mənəvi sınmasında görür.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, “Deyerler.org” saytına fikirlərini bölüşən tanınmış jurnalist, publisist və ssenarist Çingiz Sultansoy bildirib: “Azərbaycanda son zamanlar millətin mütiliyi və passivliyi geniş müzakirə olunmağa başlayır. Hər yerindən duran da bu məsələni özü başa düşdüyü kimi izah etməyə çalışır. Seçkilərdəki passivliyi, etirazların sönüklüyü və s. kimi halları xalqa tənə vurmaqla izah edən insanlar artmaqdadır. Bunların arasında sıravi insanlardan tutmuş, ziyalılaradək görmək olar. Bir vaxtlar adi “Topxana” meşəsinin qırılması ilə 100 minlərlə insanın meydanlara axışmasını, indi ən ciddi haqsızlıqlarda belə müşahidə etməməyimizi əksər insanlar millətin mənəvi sınmasında görür.”

O daha sonra deyib ki, bizim millətdə özünü kifayət qədər qiymətləndirməmək var: “Mən bu mövzunu yazılarımda daima işıqlandırmışam. Mən bunu millətimizdə milli qürur, milli vüqar hissinin çatışmamazlığı ilə bağlayıram. Azərbaycan xalqı bir toplum olaraq, bu gün dünyanın aparıcı xalqlarından deyil. Misal üçün Çin, İngiltərə, Amerika, Yapon, Almanlar dünya xalqlarının reytinqində, əgər bu reytinqi tərtib etmək mümkün olsa, ilk əlliliyə düşməsə də, ikinci əlliliyin ilk yerlərində qərarlaşa bilər. Azərbaycan xalqının tarixinə, keçmişinə, dünya mədəniyyətinə verdiyi töhfələrə görə, poeziyasına görə, memarlığına görə və s. bu yeri bizim xalqımıza vermək olar. Amma bizim vətəndaşların, tək savadsız insanların deyil, ziyalıların da danışıqlarına, qiymətləndirmələrinə diqqət etsəniz görərsiniz ki, onalar Azərbaycan xalqı haqqında elə fikirdədirlər ki, guya bizim millət yarıçılpaq gəzən, yarımvəhşi tayfalar səviyyəsindədir. Bizi birləşdirən dəyərlər yoxdur. Bizim heç bir ulu keçmişimiz, mədəniyyətimiz və dövlətimiz yoxdur. Düzdür, bizim dövlətimiz arzuladığımız dövlət deyil. Sıravi vətəndaşının keşiyində durmur, onun mənafeyini qorumur, xalqına qənim kəsilib. Bu tam ayrı mövzudur. Amma xalqın varlığı, özünü tanıması hökumətlərlə müəyyən olunmur. Hökumətlər gəldi-gedərdi, xalqın özü və dəyərləri uzun sürən anlayışlardır.

Bizim millətdə özünü kifayət qədər qiymətləndirməmək var. Bunun bir səbəbi milli özünüdərkin lazımı səviyyədə olmamasıdır. Ukraynadakı hadisələri müşahidə edərək, bildirilir ki, biz xalq, millət deyilik. Təbii ki, arzu olunardı ki, ölkəmizdə milli şüur səviyyəsi, siyasi mədəniyyət Ukraynadakı kimi olardı. Amma bunların olmaması o demək deyil ki, biz millət deyilik. Digər tərəfdən kim deyə bilər ki, bizim milli mənliyimiz elə bu səviyyədə də qalacaq? Kim deyə bilərdi ki, cəmi 23 il öncə ateizm rəsmi dövlət siyasəti olan SSRİ dağıla bilər? Ölkə ərazisində dini mövzularda rahat danışıla bilər?

Bu cür danışan insanları mən şərti olaraq iki yerə bölürəm. Bir qismi şüursuzdur və hadisələrdən nəticələri çıxarmağı bacarmır. Hesab edir ki, Azərbaycan xalqı müti xalqdır. Düzdür, biz son zamanlar xalqın mütiliyini müşahidə edirik. Amma bu mütiliyi izah edən obyektiv səbəblər də var. Bu qrup insanlar xalqının bugünki vəziyyətini, millətin milli xarakteri, mentaliteti kimi qəbul edirlər. 

Digər bir qismi isə bütün bunları anlayır və şüurlu surətdə təbliğ edir. Bunun da səbəbləri var. Bu qrup insanların şüarı ondan ibarətdir ki, millət hamısı mütidir, əqidəsiz adamlardır, bu xalq bir yığın nadürüst insan toplumudur. Bəzi insanların da etirazı da yalnız quru sözlərdən ibarətdir. Bu etirazlarda əsas məsələ şəxsi mənafeni güdməkdir.

Milli məsələdə bu cür deyilməyin əsas səbəbi ondan ibarətdir ki, ictimaiyyətə təlqin olunsun ki, cəmiyyətdə heç müxalifət yoxdur. Bütün müxalifət nümayəndələri hakimiyyətdən pul alır. Sadəcə olaraq, bütün bu insanlar müxalifət rolunu oynayırlar və qonorarını da hakimiyyətdən alır. Bu fikirlərin yayılması bu səbəbdəndir ki, hakimiyyətdə baş verən korrupsiyaya, yarıtmazlığa və s. kimi qanunsuzluqlara  bəraət qazandırılsın. Yəni camaat qəbul etsin ki, toplum hamısı rüşfətxor və fırıldaqçıdır, onda indiki məmurlar getsə, yerinə digəri gələcək və o da elə bu cür davam edəcək.

Onda daha niyə tənqid edək. Bu fikrin təhlükəsi ondan ibarətdir ki, “elə başını aşağı sal və sən də bir yerdən oğurla” fikri insanlara təlqin edilir. Əgər öz taleyindən narazısansa, haqqı axtarma, sən də bir yerdən oğurlamaq haqqında fikirləş. Təhlükəli olan bu məqamdır”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!