Yersiz Gəldi Yerli Qaç

Azərbaycanı mənimsədikləri kimi “Dirçəliş Günü”nü mənimsəyən əliyevlər sülaləsi

  • News Code : 482104
  • Source : ABNA- Xəbər Agentliyi Musavat-a istinadla
Brief

23 il əvvəl Azərbaycan xalqı meydanlara çıxdı və Milli Azadlıq Hərəkatı başladı. Ənvər Əliyev: « Bu gün elə bir tendensiya yaranıb ki, bütün müsbət işləri Heydər Əliyevin adı ilə bağlayırlar. Ancaq bu, orta əsrlər tarixi deyil və hər kəs bilir ki, bu tarix kimlərin zəhmətinin nəticəsidir.»

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 23 il öncə-1988-ci il noyabrın 17-də Azərbaycanda meydan hərəkatı başlanıb. Azərbaycan üçün həmin gün xalq hərəkatının başlanğıcının qoyulduğu tarix olaraq mühüm əhəmiyyət kəsb edir. Məhz həmin gün o dövrkü Lenin meydanı-indiki Azadlıq meydanında ilk dəfə Azərbaycanın milli bayrağı qaldırıldı. Bakının baş meydanında ilk mitinq noyabrın 17-də keçirildi və 18 gün fasiləsiz davam etdi. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra prezident Əbülfəz Elçibəy 17 noyabrın Milli Dirçəliş Günü adlandırılması və rəsmi dövlət bayramları sırasına daxil edilməsi haqda fərman verdi. 2006-cı ilə qədər 17 noyabr qeyri-iş günü olaraq dövlət səviyyəsində bayram edilirdi.

Bunları xatırlatmaqla 1988-ci ilin 17 noyabr hadisəsinin Azərbaycan üçün necə yüksək əhəmiyyət kəsb etdiyini vurğulamaq istədik. Meydan hərəkatının bir sıra həqiqi və yalançı qəhrəmanları olub. Meydan hərəkatının həqiqi qəhrəmanlarından və sonrakı illərdə də bütün sınaqlardan qəhrəman kimi çıxan Ənvər Əliyev 17 noyabrda başlanan mitinqin əsas təşkilatçısı olub. Ə.Əliyev 23 il əvvəl baş verənlər haqda danışarkən bildirdi ki, bu tarixin Azərbaycanın müstəqillik əldə etməsində xüsusi rolu olub.

Ə.Əliyev o dövrkü proseslərin əsasən Dağlıq Qarabağ məsələsi ətrafında cərəyan etdiyini və tədricən müstəqillik uğrunda hərəkata çevrildiyini deyir: “Erməni akademik Aqambekyan çıxış edərək bildirmişdi ki, Dağlıq Qarabağ iqtisadi cəhətdən Azərbaycandan çox Ermənistana bağlıdır. Bu fikirlər Bakıda, xüsusən ictimai fəallığı ilə seçilən insanlar arasında bomba kimi partladı. 17 noyabr mitinqindən əvvəl 1988-ci il fevralın 19-da küçə yürüşü, mayın 16-da isə mitinq keçirmişdik. Proses yüksələn xətlə inkişaf edirdi. Dağlıq Qarabağda və Ermənistanda Azərbaycanın ərazi bütövlüyünə qarşı keçirilən mitinqlərə qarşı Bakıda da misli görünməmiş mitinqin keçirilməsi zərurəti yaranmışdı. 17 noyabrda həmin mitinqi başladıq. Bakı Dövlət Universiteti, Politexnik və İnşaat institutlarının yataqxanalarında yaşayan tələbələrə, tərəfdarlarımıza 17 noyabrda səhər tezdən meydana yığışacağımız barədə xəbər verdim. Plakatları, şüarları BDU-da ”Yurd" Cəmiyyətində hazırladım. SSRİ-nin qırmızı bayrağının yuxarısını karandaşla göy, aşağısını isə yaşıl rəngləyib Azərbaycanın milli bayrağına oxşatdım ki, mitinqdə qaldıraq. Səhər saat 8-də yataqxanalarda yaşayan bir neçə yüz adamla, o cümlədən Fazil Qəzənfəroğlu və Əli Kərimlinin də tələbə olaraq öndə getdiyi bir qrup tələbə ilə universitetin yanına gəldik. Xeyli sayda tələbə və müəllim bizə qoşuldu. Metronun “Elmlər Akademiyası” stansiyasının yanından indiki Texniki Universitetə tərəf yürüş başladı. Politexnik İnstitutunun qarşısında yürüşə qoşulanların sayı o qədər artdı ki, böyük izdiham yarandı. Milis qarşımızı kəsdi. Əvvəldən planlaşdırdığımız kimi, yerə oturduq. Otura-otura, dura-dura Ali Sovetin qarşısına qədər getdik. Ora çatanadək 5-6 dəfə milis qarşımızı kəsdi və əlimizdəki bayraqları aldı. Ali Sovetin qarşısında Bakı Şəhər Daxili İşlər İdarəsinin rəisi Fətullah Hüseynovun başçılığı ilə milislər bizə hücuma keçdilər. Bizi amansızcasına döydülər, əlimizdə qalan bütün bayraqları cırdılar. Mənim başımı yarmışdılar və ağır travma almışdım. İzdihamı parlamentin qarşısında dağıtdılar, lakin binaların arası ilə hamı axışdı indiki Azadlıq meydanına tərəf. Saat 12.30-da meydana daxil ola bildik. Meydana daxil olanda mənim arxamca təxminən 30-40 min adam gəlirdi. Meydanda da təxminən bir o qədər adam olardı. Beləliklə, meydanda ilk mitinqimizə saat 13-də təxminən 80 min adamla başladıq".

Ə.Əliyevin sözlərinə görə, mitinqdə şüarları “Ermənistana onunla əlaqələri kəsəcəyimiz barədə xəbərdarlıq olunsun!”, “Topxanadakı tikinti dayandırılsın!”, “Dağlıq Qarabağda Azərbaycanın iqtisadi, siyasi və hüquqi hakimiyyəti bərpa edilsin!” olub: “Şüarları iki saatdan bir səsləndirirdik. Əhalinin sayı getdikcə artırdı. Mitinqin ikinci günü yüzminlərlə adam toplaşmışdı. 18 günlük mitinqdə elə günlər oldu ki, bir milyon adam meydana toplaşırdı”.

Ə. Əliyev onun icazəsi olmadan mitinqdə heç kimə söz verilmədiyini deyir: “Ən böyük iddialı Nemət Pənahov idi. İkinci gün ona söz verdik, çıxış elədi. Əbülfəz bəyə ikinci gün çox çətinliklə söz verə bildim. Başımdan zərbə aldığım üçün mitinqin üçüncü günü dözə bilmədim və evdə qısamüddətli müalicəyə getdim. Bir neçə günlük müalicədən sonra meydana qayıdanda milis məni meydana buraxmadı. Yalnız bir neçə gündən sonra arxa qapıdan gizli daxil ola bildim”.

Lakin təsüflə qeyd etməliyik ki, Azərbaycana hakim kəsilmiş əliyevlər sülaləsi bu günü Heydər Əliyevin adı ilə bağlayır və hər il noyabrın 17-də Heydər Əliyevin şəkli ekranlara həkk olunur. Hakimiyyətin nəzarətində olan mətbuat orqanları da “Dirçəliş Günü”nü Heydər Əliyevin zəhmətlərinin nəticəsi kimi qiymətləndirir.

Ənvər Əliyev isə bu haqda bildirib ki, 17 noyabrı Heydər Əliyevin adı ilə bağlamaq həmin tarixə ləkə vurmaqdır və minlərlə insanın əməyini mənimsəmək cəhdidir: “Bu gün elə bir tendensiya yaranıb ki, bütün müsbət işləri Heydər Əliyevin adı ilə bağlayırlar. Ancaq bu, orta əsrlər tarixi deyil və hər kəs bilir ki, bu tarix kimlərin zəhmətinin nəticəsidir. Bu günü kimlərinsə adına yazmaq ədalətsizlikdir və həmin tarixə ləkə atmaqdır. Insanlar alın təri ilə, döyülə-döyülə, söyülə-söyülə, zindan həyatı yaşayaraq bu günə imza atıb. Gərək belə fikirlər işlədəndə halallıq alasan. Heydər Əliyevin sağlığında belə fikir yox idi. Indi ölkəni çapıb-talayanlar, tamada düşüncəsində olanlar bu tarixi özlərinə sərf edən variantda təqdim edirlər”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!