ARDNŞ hasil etdiyi neft və neft məhsullarını özü satır, özü də alır...

Əliyevlər nefti necə talayır? .

  • News Code : 392843
  • Source : Azadliq
Alqı-satqı prosesində nəzarətdən kənar əldə olunan gəlir isə məmurların şəxsi hesablarına daxil olur

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən baş qərargahı Isveçrənin Bazel şəhərində yerləşən Beynəlxalq Haqq və Ədalət Assosiasiyasi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) oradakı törəmə şirkəti SOCAR-ın fəaliyyətinə dair araşdırmalar aparıb və hesabat hazırlayıb. Hesabatın tam mətni tezliklə ictimaiyyətə təqdim olunacaq. Hesabat əsasında hazırlanmış məqaləni təqdim edirik:

***

Azərbaycan nefti dünya bazarına müxtəlif yollarla Gürcüstan, Rusiya və Türkiyənin Aralıq dənizindəki Ceyhan limanından daşınır. Bu daşınma ilk baxışda sadə bir ticarət əməliyyatı olsa da, əslində, Azərbaycan neftinin ətrafında hansı oyunların aparıldığı əksəriyyət üçün sirr olaraq qalmaqda davam edir. “Milli sərvət” və ya “Qara qızıl” adlandırılan Azərbaycan nefti bir çox şirkətlər, iri maliyyə şəbəkələri və offşor şirkətlərin qurduğu “karusel” əməliyyatlarının əsas obyektidir.

Ilk növbədə onu qeyd etmək lazımdır ki, dünya bazarında daha çox “Azeri Light” adı ilə tanınan Azərbaycan nefti ARDNŞ tərəfindən yaradılmış SOCAR Marketinq və Əməliyyatlar Şirkəti tərəfindən satılır. Bakı şəhəri, Sabit Orucov küçəsi 28 ünvanında yerləşən həmin şirkətin bütün əməliyyatlarına şirkətin baş meneceri Adnan Əhmədzadə adlı şəxs rəhbərlik edir. Əvvəllər ARDNŞ-in tenderlərini Almaniyanın “Select Energy GMBH” şirkəti alırdısa, indi bu funksiyanı “SUMATO Energy.PTE.Limited” şirkəti yerinə yetirir.

2005-ci ildə Yeni Zelandiyada qeydiyyatdan keçən “SUMATO” şirkətinin əsas təsisçiləri arasında Azərbaycan vətəndaşının adı da hallanır. SUMATO şirkəti Azərbaycan neftini dünya bazarına çıxarmaq üzrə təşkil edilmiş tenderin qalibidir. Həmin şirkərtin Sinqapur və Dubayda ticarət ofisləri fəaliyyət göstərir. Rəsmi sənədlərə əsasən, belə bir nəticəyə gəlmək olur ki, bütün əməliyyatlar Sinqapurdakı ofis vasitəsilə həyata keçirilir.

2011-ci ildə həmin şirkətin Yeni Zelandiyadakı qeydiyyatı ləğv edilmiş və sonradan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində şirkət yenidən qeydiyyatdan keçmişdir. Sinqapurda Penang Road 163, 02-01 Winsland House II ünvanında yerləşən “SUMATO” şirkəti Azərbaycan nefti ətrafında yaradılmış “karusel” əməliyyatına rəhbərlik edən əsas şirkətlərdən biridir.

“SUMATO” tərəfindən imzalanan müqavilələrə həmin şirkətin xam neft və neft məhsulları üzrə meneceri cənab Lothar Tauschke imza edir. Maraqlıdır ki, uzaq Sinqapurdakı şirkətin mühüm yazışmaları Mətin Talışlı adlı bir azərbaycanlı tərəfindən aparılır. Həmin şirkətin əslində, azərbaycanlılara məxsus olmasına heç bir şübhə yeri qalmır. L.Tauschke eyni zamanda, Isveçrənin Cenevrə şəhərində Rue de Commerce 9 ünvanında yerləşən “SUMATO Energy Services SA” şirkətinin baş direktorudur. SUMATO Energy Services SA Azərbaycanın Sumqayıt şəhərində yerləşən, ARDNŞ-in tabeliyində olan “Azərkimya”nın istehsal etdiyi neft məhsullarının əsas alıcılarındandır.

Araşdırma zamanı məlum olur ki, M.Talışlı “SUMATO” şirkətindən əlavə, bir neçə yeni yaradılmış şirkətlərdə də əsas aparıcı şəxslərdən biridir. Belə şirkətlərdən biri də “Cronus Energy AG.” şirkətidir. O, 2012-ci ilin dekabrında L.Tauschke ilə birgə “Cronus Energy AG.” adlı şirkət təsis edib. Isveçrənin Baar Kantonunda qeydiyyatdan keçən bu şirkət neft və qaz sahəsində fəaliyyət göstərir. Bu şirkətin də daha çox offşor şirkətlərdən biri kimi qəbul edilməsi doğru olardı.

ARDNŞ-lə əməkdaşlıq edən bir sıra şirkətlər var ki, onların fəaliyyəti ciddi maraq oyadır. Məsələn, bunlardan biri də “Petro Singapore Trading PTE” şirkətidir. “Petro”nun əsas ticarət ofisi Bakı şəhərində Bakıxanov küçəsi 6 ünvanındakı “Bridge Plaza”nın 5-ci mərtəbəsində yerləşir. Bundan əlavə, şirkətin Berlin və Dubayda da ofisləri fəaliyyət göstərir. “SUMATO” ilə yanaşı, “Petro Singapur” şirkəti də Azərbaycan neftinin əsas alıcısı rolunda çıxış edir. Həmin şirkət 2011-ci ildə ARDNŞ-dən 45,5 milyon ton xam neft və 400 min ton neft məhsulları alıb-satıb. 2010-cu ildə Sinqapurda təsis edilmiş bu şirkət faktiki Azərbaycana məxsusdur. Burada fəaliyyət göstərən şirkət personalının əksəriyyəti azərbaycanlılardan ibarətdir.

Azərbaycan neftinin satışında və alışında əsas rol oynayan şirkətlərdən biri də 2008-ci ildə Isveçrənin Cenevrə şəhərində qeydiyyatdan keçən “SOCAR Trading”dir. Azərbaycan rəsmiləri israr edirdilər ki, “SOCAR Trading” rəsmi dövlət qurumu olan ARDNŞ-ə məxsusdur. Lakin həmin şirkətin səhmləri Maltada qeydiyyatdan keçmiş “Supra Holding”ə məxsusdur. ARDNŞ isə ilkin dövrlərdə “Supra Holding”in səhmlərinin 50 faizinə nəzarət edirdi. Digər 50 faiz isə iki offşor şirkətlərə - Dubayda qeydiyyatdan keçmiş “Heritage General Trading FZE” şirkətinə (40 faiz) və Britaniya Virgin Adalarında (British Virgin Islands) qeydiyyatdan keçmiş “Renfrel Holding LTD”yə (10 faiz) məxsusdur. Zaman ötdükcə səhmlərin təxminən 80 faizi ARDNŞ-ə verildi. Bu isə ona görə edilir ki, əməliyyatların əhəmiyyətli hissəsi məhz həmin şirkət vasitəsilə həyata keçirilir. Məqsəd isə əslində, kənardan diqqəti cəlb etməmək və bu mümkün olmadıqda, biznesin əsl mahiyyətinin gizlədilməsinə nail olmaqdır. Təsadüfi deyil ki, “SOCAR Trading” şirkətinə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevlə hələ Dövlət Təhlükəsizlik Komitəsi dövründən yaxın münasibətlərdə olan, daha sonra əslən azərbaycanlı Vahid Ələkbərovun rəhbərlik etdiyi, Rusiyanın ən böyük neft şirkətlərindən olan “Lukoil” neft şirkətində çalışan V.Qolovuşkin rəhbərlik edir.

Azərbaycan məmurlarının yaratdıqları offşor şirkətlər

Artıq heç kimə sirr deyil ki, Avropada, Uzaq və Yaxın Şərqdə, Afrikada, Rusiyada çoxlu sayda SOCAR şirkətləri fəaliyyət göstərir. Gürcüstanda “SOCAR Gürcüstan”, “SOCAR Trading”, Türkiyədə “Petkim”, “SOCAR Trading”, Rusiyada “SOCAR Trading”, Birləşmiş Ərəb Əmirliklərində “SOCAR Trading”, Sinqapurda “SOCAR Trading”, Nigeriyada “SOCAR Trading” və s. Bir faktı qeyd etmək kifayətdir ki, Isveçrə kimi kiçik bir ölkədə “SOCAR Trading”, “SOCAR Black Sea”, “SOCAR Energy Switzerland”, “SOCAR TAP” və s. şirkətlər fəaliyyət göstərir. Bütün bu SOCAR şirkətlərinin ətrafında isə çoxlu sayda offşor şirkətlər yardılıb. ARDNŞ rəhbərliyi iddia edir ki, həmin şirkətlər Azərbaycan neftinin dünya bazarına daha effektli şəkildə çıxarılması üçün yaradılıb. Əslində isə bu şirkətlər heç də təkcə Azərbaycan neftinin dünya bazarına çıxarılması ilə məşğul deyillər. Bu şirkətlər daha çox başqa funksiyanı yerinə yetirirlər. Daha dəqiq desək, həmin şirkətlər Azərbaycan neftini offşor şirkətlərdən alırlar. Azərbaycan məmurları tərəfindən yaradılmış offşor şirkətlərin sırasına “SUMATO Energy”, “Global Assistant”, “Black Stone”, “Cross Caspian”, “Ocean Energy”, “Middle East”, “Rels Factor”, “East Energy” və s. bu kimi çoxlu sayda offşor şirkətlər aiddir. Həmin offşor şirkətlərin başına isə xarici vətəndaşlar oturdulur. Əslində, həmin xarici vətəndaşlar bir görüntüdür. Daha dəqiq desək, diqqəti cəlb etməmək məqsədilə şirkətlərin başına xarici vətəndaşlar təyin edilsə də, əsas işləri həmin şirkətlərdə Azərbaycan məmurlarının etibar etdikləri və rejimə sədaqəti olan azərbaycanlılar həyata keçirir.

Burada ilk baxışda mürəkkəb mexanizm qurulduğu təəssüratı yaransa da, əslində, çox sadə bir mexanizm fəaliyyət göstərir. ARDNŞ neft və neft məhsullarını özünün offşor şirkətlərinə satır. Daha sonra həmin offşor şirkətlər neft və neft məhsullarını ARDNŞ-in törəmə şirkətləri olan SOCAR şirkətlərinə satır. Offşor şirkətlərdən nefti alan SOCAR şirkətləri məhsulu yenidən öz nəzarətlərində olan başqa bir offşor şirkətlərə satırlar.

Hər barreldən 20 dollar ciblərə gedir...

Belə çıxır ki, ARDNŞ özünün hasil etdiyi nefti və neft məhsullarını özü satır və özü də alır. Əslində isə, bu alqı-satqı prosesində nəzarətdən kənar əldə edilən gəlirlər birbaşa neft sahəsinə nəzarət edən məmurların şəxsi hesablarına daxil olur. Hesablamalara görə, həmin əməliyyatlar zamanı hər barreldən orta hesabla 20 dollar gəlir əldə edilir ki, bu pullar da dövlət büdcəsinə deyil, şəxsi hesablara daxil olur.

Burada diqqəti başqa bir maraqlı məqam cəlb edir. Məsələn, yuxarıda adları qeyd edilən cənab M.Talışlı və L.Tauschke əsas offisi Sinqapurda yerləşən “SUMATO Energy” şirkəti adından müqavilələr imzalayır və yazışmalar həyata keçirirlər. Ancaq həmin şəxslər faktiki Sinqapurda deyil, Isveçrənin Cenevrə şəhərində yaşayırlar. Məntiqi olaraq belə bir sual ortaya çıxır: hər müqavilədə yüz min barrellərlə neft satan “SUMATO” şirkətinin məsul şəxsləri necə olur ki, şirkətin Sinqapurdakı baş ofisində deyil, ordan min kilometrlərlə uzaqda yerləşən Isveçrənin Cenevrə şəhərində yaşayırlar? Cavab isə çox sadədir. “SUMATO” adlı offşor şirkətin fəaliyyətini idarə etmək üçün heç də rəsmi qeydiyyatda göstərildiyi kimi, Sinqapurdakı baş offisdə oturmağa ehtiyac yoxdur. Çünki həmin şirkətin sənədləri Sinqapurda deyil, digər offşor şirkətlərin sənədləri kimi yalnız bir ofisdə cəmləşdirilib. SOCAR şirkətləri ətraflarında yaratdıqları çoxlu sayda offşor şirkətlərin sənədlərini, möhür və blanklarını SOCAR şirkətlərinin ofislərində saxlayırlar. Lazım olduqda isə, bir neçə dəqiqə ərzində SOCAR şirkətlərində offşor şirkətlər adından müqavilələr hazırlanır, imzalayıb möhür vurduqdan sonra prossesi “uğurla” başa çatdırırlar.

SOCAR şirkətlərində Azərbaycan məmurlarına yaxın olan adamlar çalışırlar. Ayda orta hesabla 12-15 min dollar məvacib alan həmin şəxslər xaricdə yüksək dəbdəbəli evlərdə yaşayır, 200-250 min dollarlıq qiyməti olan lüks avtomobillərdə gəzirlər. Sanki Azərbaycanın milli sərvəti xalqa deyil, bir qrup şəxsə məxsusdur.

Sadə azərbaycanlı ölkənin sərvətindən nə əldə etdi?

Həmin prosesdə maraqlı cəhət isə alqı-satqı prosesi zamanı edilən ödənişlərdir. Bu ödənişlər adətən bir ay müddətində həyata keçirilir. Məlum olduğu kimi, indiki dövrdə neft və neft məhsullarına olan tələbat heç də azalmayıb və bu sahədə alıcının tapılması problem deyil. Necə deyərlər, beynəlxalq alıcılar “əllərində nəğd pulla” həmin məhsulları almağa hazırdılar. Məhz bu “karusel” əməliyyatından keçdikdən sonra Azərbaycan nefti dünya bazarına satışa çıxarılır.

Araşdırmalar göstərir ki, bu maliyyə əməliyyatları dünyanın tanınmış bankları tərfindən həyata keçirilir. Həmin banklar sırasına dünya maliyyə sistemində tanınmış “BNP Paribas”, “Credit Suisse”, “UBS”, “ING”, “Geneve Kantonalbank”, “Credit Agricole”, “Fortis” kimi banklar daxildir. Əslində, həmin banklar üçün SOCAR şirkətləri tərəfindən “çirkli pulların yuyulması” bir o qədər də maraqlı deyil. SOCAR şirkətlərinin fırıldaqçılıq fəaliyyəti biznes dairələrində müxtəlif lətifələrin yaranmasına səbəb olub. Qeyd edək ki, Azərbaycanın “Paşa Bank”ı eyni zamanda “Geneve Kantonalbank”ın yaxın partnyorlarından biridir.

Məlum olduğu kimi, təbii sərvətlər tükənəndir. O cümlədən, neft və qaz da. Artıq Azərbaycanın “Qara qızıl” adlandırılan neft hasilatı tükənmək prosesinə qədəm qoyub. Son statistik məlumata görə, bu ilin yanvar ayında neft hasilatı 2012-ci ilin yanvar ayı ilə müqayisədə 2.35 faiz azalıb. Yaxın perspektivdə neft hasilatının hiss olunacaq dərəcədə azalması gözlənilir. Indi belə bir sual ortaya çıxır: bəs Azərbaycanın sadə vətəndaşı ölkənin bu sərvətindən nə əldə etdi?

 

Surxan Lətifov

Beynəlxalq Haqq və Ədalət Assosiasiyası;

Ekspert Qrupunun üzvü

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!