“Ərəb üsyanları, İran inqilabı da belə başlamışdı”

Avropalı analitik Azərbaycandakı bölgə üsyanlarını şərh etdi

  • News Code : 386084
  • Source : Azadlıq
“Milli və qlobal şərait artıq başqadır; süni sabitlik, “çörək və tamaşa” siyasəti işləmir”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Niyə İsmayıllıda adi yol qəzası bu qədər ciddi iğtişaslara və etirazlara səbəb olub? Bu suala bir çox analitiklər və ekspertlər cavab axtarır. Onlar bir çox Yaxın Şərq və Şimali Afrika ölkələrində hakim rejimlərin dəyişməsilə nəticələnən “ərəb baharı”nın analoqu olan “Azərbaycan baharı”nın başlanmasından  danışmağın mümkünlüyünü müəyyən etməyə çalışırlar.

Belçikanın Hent Unversitetində çalışan avropalı analitik Bruno De Kordye Turan-ın Vaşinqton müxbiri ilə söhbətində buna cavab tapmağa çalışıb.

“Xalq üsyanı harada - Tunisdə və ya Qubada baş verməsindən asılı olmayaraq, psixoloji dəyişdirici açardı. Yəni, qəzəb fiziki, hüquqi və digər nəticələrdən daha güclü olur”, - analitik qeyd edib.

- Hakimiyyət son İsmayıllı hadisələrindən, həmçinin Quba iğtişaşlarından  hansı nəticəni çıxarmalıdır?

- İsmayıllıda, bundan əvvəl Qubada üsyan edənlərin qəzəbinin əsas hissəsi dəbdəbəli ciplərə, otelə, malikanələrə yönəlib. Bütün bunlar müəyyən sistemin simvoludur, nəinki maddi obyektlər. Bu cür narazılıq dalğalarının yarandığı şərait iqtisadiyyatın mühüm hissəsinin elitanın, onların yaxınlarının və qohumlarının iştirakı ilə dövlətin əlində cəmləşməsi, hakimiyyətin özbaşınalığıdır. Və bütün bunlar adamların yaşamağa məcbur olduğu gündəlik reallıqla ziddiyyət təşkil edir.

Bakıya gələn əcnəbilərin bir çoxu yalnız çevik inkişafı, mərkəzdə və sahil boyunca dəbdəbəli butiklərin, kafelərin  inşasını görürlər, narazılıqların səbəblərini anlamırlar.

Azərbaycan böyük potensiala, yalnız neft-qaza yox, aqro-sənaye, nəqliyyat və istehsalata malik ölkədir. Lakin hazırda potensial inhisarlaşdırılıb və iqtisadiyyat oliqarxların və elitanın qaydaları ilə işləyir. İqtisadi inkişaf var, ancaq hamımız bilirik ki, ÜDM artımı hələ hər şey demək deyil.

Quba və İsmayıllı iğtişaşlarını “xuliqanlıq” və ya “kənardan təsir” kimi izah etmək çox asandır. Belə danışanlar adamların düşdüyü vəziyyəti və müəyyən məqamda onların təhqirləri və özbaşınalığı qəbul etməməsini sadəcə qiymətləndirmir.

Ərəb regionunda üsyanlar belə baş verdi. İran inqilabı da belə başladı.

- Yəni, “ərəb baharı” ilə analogiya var?

- Tunisdə, Misirdə və üsyanın baş verdiyi digər ərəb ölkələrində  vəziyyət Azərbaycan ilə oxşardır. Bununla belə, şəxsən mən Azərbaycanda zəncirvari reaksiya gözləmirəm, bir səbəbdən – Azərbaycan keçmiş SSRİ mədəniyyətinə və psixologiyasına məxsusdur.

İki il əvvəl heç kim ciddi şəkildə gözləmirdi ki, Qəddafi və ya Mübarək devriləcək. Qubada olduğu kimi,  İsmayıllıda da vəziyyət bir neçə güzəştdən  (rayona yeni başçının təyini və bəzi məmurların açıq şəkildə cəzalandırılması) sonra sakitləşə bilər.

Ərəb üsyanları həqiqətən Azərbaycana psixoloji təsir göstərib. Bu yaxınlarda keçirilən sosioloji sorğu zamanı əsasən respondentlərdən soruşublar ki, Azərbaycanda “ərəb baharı”na ehtiyac varmı?  33,9% müsbət cavab verib. 14% deyib ki, dəyişiklik lazımdır, lakin Suriyada olduğu kimi zorakılıqdan qorxurlar. Bu o deməkdir ki, nəyisə dəyişmək üçün cəmiyyətdə potensial var.

- Bütün bunlar seçki ilinə necə təsir göstərəcək?

- Seçkilər bəzən dönüş anına çevrilir. Gürcüstan və Ukraynada “rəngli inqilablar” zamanı da belə olmuşdu. Lakin burada heç bir avtomatika yoxdur. Belə ki, bir neçə ərəb üsyanı açıq saxtalaşdırmadan sonra başlamamışdı. Fikrimcə, builki prezident seçkilərinin 2008-ci ilin nəticələrindən fərqlənəcəyini gözləməyə dəyməz. Lakin milli və qlobal şərait artıq başqadır və hakimiyyət strukturları bunu yaxşı başa düşürlər.

- Qərb son hadisələrlə bağlı susub. Yaxın gələcəkdə başqa reaksiyanı gözləməyə dəyərmi?

- Zənnimcə, orada dialoq və dinc qərarların vacibliyi barədə adi diplomatik ritorika olacaq.  Eyni zamanda Qərb və beynəlxalq birlik nə edə bilər? Onların öz enerji maraqları var və bu reallıqdır. Bununla belə, onlar ölkədə vəziyyətə nəzarət imkanlarına malik deyil. Lakin hamı başa düşür ki, süni sabitlik, “çörək və tamaşa” siyasəti işləmir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!