Araşdırma

İsmayıllı hadisəsində İsmayıllı müəmması

  • News Code : 385746
  • Source : “Media forum”
Rəsmi qurumlar İsmayıllıda baş verən hadisələr zamanı həbs olunan şəxslərin sayını, onların nədə ittiham olunduğunu açıqlamır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İsmayıllı hadisələrinə görə ilk həbslər yanvarın 23-dən 24-nə gecə aparılıb. Ayın 24-də keçirilən növbəti aksiya zamanı və sonrakı günlərdə də xeyli şəxs həbs olunub, amma onların dəqiq sayı, harada saxlanmaları və nədə ittiham olunmalarına dair rəsmi məlumat verilmir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə yanvarın 28-də “Media forum” saytına bildirib ki, İsmayıllı hadisələrinin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır: “Biz ilk açıqlamamızda qeyd etmişik ki, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Hazırda istintaqı Respublika Prokurorluğu aparır. Bütün məsələlər prokurorluğun səlahiyyətindədir. Neçə nəfərin həbs edildiyi, hansı maddələrlə ittiham olunduğu və harada saxlandığına dair suallara istintaqı aparan orqan cavab verəcək”.  

“Media forum” saytı “İsmayıllı hadisələri zamanı neçə nəfər həbs olunub, neçə nəfər inzibati qaydada cəzalandırılıb, cinayət işi hansı maddələrlə açılıb” sualları ilə Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanova müraciət edib. Eldar Sultanov deyib ki, məsələ haqda rəsmi açıqlama olacaq və bütün suallara orada aydınlıq gətiriləcək. Amma iş gününün sonunadək belə bir açıqlama olmayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası İsmayıllı rayon şöbəsinin sədri Sadiq Umudlu “Media forum”a deyib ki, hadisələrə görə həbs olunanların sayı yüz nəfərdən artıq olub, amma onların bir hissəsini azad ediblər: “Göyçay polisində on nəfər qalmışdı. Deyilənə görə, səkkiz nəfər Bakıya aparılıb, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Otuz nəfərin həbsdə olduğu bildirilir. Amma rəsmi qurumlar həbs olunanlar haqda heç bir məlumat vermir. İnsanlar övladlarının harada saxlandığını öyrənə bilmir”.

Sadiq Umudlu həbs olunanlardan bəzilərinin adlarını açıqlayıb: “Əmirəliyev Elvin Nizami oğlu, Kamilov Xəyal Mübariz oğlu, Şaramov Xəyal Sergey oğlu. Xəyal Kamilov, Xəyal Şaramov AXCP üzvləridir. Onların harada saxlandığını öyrənə bilmirik”.

Sadiq Umudlunun sözlərinə görə, həbs olunub sonradan buraxılan Elşən Səmədova və Ruslana ağır işgəncə verilib, hazırda vəziyyətləri ağırdır.

Elvin Əmirəliyevin atası Nizami Əmirəliyev “Media forum” saytına deyib ki, 22 yaşlı oğlu dörd gündür İsmayıllı Rayon Polis Şöbəsində saxlanılır və əlavə heç bir məlumat ala bilmir: “Otel yanan zaman oğlum da orada olub. Oğlum deyib ki, gedib gördüm otel yanır, bir dənə yanan kartonu götürüb atdım kənara. Elvini səhər gəlib evdən apardılar. Onlara qalsa, bütün olanları, dağıntıları mənim oğlumun boynuna qoyarlar. Amma əllərində fakt yoxdur”.

Nizami Əmirəliyevin sözlərinə görə, dörd gündür İsmayıllı Rayon Prokurorluğuna və polis şöbəsinə gedir, amma heç bir məlumat ala bilmir: “Hər dəfə deyirlər ki, yaxşı olacaq. Əlavə heç nə demirlər. Oğlumu məhkəməyə çıxarmayıblar, məhkəmə qərarı olmadan saxlayırlar. Həbs olunanlardan bəzilərini zaminə buraxıblar. Hazırda İsmayıllı Rayon Polis Şöbəsində 20 nəfərdən artıq şəxs saxlanılır. Elə adamlar var ki, övladları haqda heç bir məlumat ala bilmir. Bəzi şəxsləri Şamaxı, Qəbələ və Göyçay rayon polis idarələrində saxlayırlar. Bu gün oğluma isti paltar, yemək apardım. Amma yeməyi qaytardılar”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!