Bir Həqiqət...

Böyük mübarizə yolunda şeytan vəsvəsələri

  • News Code : 346519
  • Source : haqq yolu
Sən evinə, cibinə girən adamı, yoldan ötəndə söz atan avaranı vurarsan, əzərsən, qanını içərsən. Amma İslam müqəddəsliklərinə daş atanlara qarşı böyük mübarizədə yerin yoxdur. Çünki sən Malik kimi böyük yox, özün kimi kiçiksən! Allah öz rəhmətinə qərq etsin iddiasız şəhidləri, Allah qorusun iddiasız məhbuslarımızı, mübarizləri, Allah İslamı cılızlardan qorusun...

Bilirik ki, bilmək azdır və bildiyinə əməl etmək mühümdür. Bilirik ki, bir gün Malik Əştər yoldan ötəndə avaranın biri əlində olanı ona atır. Maliksə bunu hiss etmirmiş kimi düz ötüb keçir. Həmin avara eşidəndə ki sataşdığı adam Malik olub, qorxudan bir başı olur, bir dizi. Amma Malikin böyük hədəfləri vardı. Malik tufanlı dənizdə gəminin burnunda dayanmışdı sanki. Dənizin küləkdə sıçrayıb onun üzünü cırmaqlayan damlalarını hiss etmir, ya da köynəyinin qolu ilə silib irəliyə baxırdı... Bu ibrətamiz hadisəni hər birimiz nəql edir, amma növbə əmələ çatanda yaddan çıxarırıq. Bəli, bilmək azdır. Nəhcül-Bəlağənin 164-cü xütbəsində Həzrət Əlinin (ə) xalqı narazı salmış Osmanla söhbəti yer alıb. Həzrət (ə) buyurur: “Xalq məni irəli verib, özləri ilə sənin aranda səfir olaraq göndərib. And olsun Allaha, bilmirəm sənə nə deyim. Mən elə bir şey bilmirəm ki, sən xəbərsiz olasan. Sənə bilmədiyin bir şeyi tövsiyə etmirəm. Mən bildiyimi sən də bilirsən...” Bunu mövlamız Əli (ə) dövrün xəlifəsi Osmana deyir! Osman da bilirdi, amma...

Əlinin (ə), Malikin bildiyini qismən də olsa hər birimiz bilirik. Dünyanın sinəsində İşğalçı İsrail ağırlıqda bir yara var. Bilən bilir ki, planetin nə ağrısı varsa, orada sionist barmağı var. Mərhum İmam Xomeyni (r) müsəlmanlar əl-ələ verəcəyi təqdirdə bu rejimin nəfəs dərə bilməyəcəyinə inanırdı. Çox çalışdı ki, müsəlman dünyasını oyatsın, təfriqələr kənara qoyulsun, “Malikə atılan daşlara” əhəmiyyət verilməsin. İnananlar bütün iddiaları kənara qoyub sarıldılar Allahın qırılmayan ipinə. Bu gün ABŞ, Qərb, İsrail və əlaltı rejimlər təşvişdəsə, bunun səbəbi böyük mübarizə yolunda kiçik iddiaları kənara qoymuş insanlardır. Sən və mən isə...

İslam İnqilabının həssas günlərində İran Kürdüstanından qiyam xəbəri gəldi. ABŞ İslam İnqilabını boğmaq üçün bütün kartlara əl atırdı. İmam Rahil (r) Çəmrana qiyamı yatırmaq üçün 24 saat vaxt verdi. Hərbi vertolyotlar havaya qalxdı. Terrorçuların mərkəzləşdiyi hərbi qərargahdan aralı Çəmran vertolyota enmək göstərişi verdi. İnqilaba sadiq qəhrəman kiçik əməliyyat qrupu ilə yerə endi. Vertolyotlar havada dövrə vururdular. Aşağıda heç nə görünmürdü. Bir qədər ötdü. Çəmran fitnəkarların qərargahı üzərinə İnqilab bayrağını sancanda hələ 24 saat tamam olmamışdı! Bunu da hamımız bilirik. Amma bilmək bəs etmir. Bu şər və böhtanla silahlanmış düşmənin meydan sulaması göstərir ki, biz nəinki Malik deyilik, hətta Malikə daş atan adama oxşarlığımız var.

Bizim bildiklərimizi düşmən də bilir. Düşmən də bilir ki, onun qara günü müsəlmanlar təfriqələri kənara qoyub əl-ələ verdiyi zaman gələcək. O, bizdən fərqli olaraq bildiyinə əməl edir. Müsəlman cəmiyyətini parçalamağa, liderləri baş-başa qoymağa külli miqdarda pul yatırır.

Bütün bu sözləri özümə deyirəm, kimsə inciməsin. Özümə deyirəm ki, sən yaxşı müsəlman deyilsən. Çünki mənəm-mənəmlik, cılız iddialar varlığını nəfsinə qul edib. Bu zülm dünyasında İslam bayrağını daim havada saxlayan Çəmranlar, Müğniyələr olub. Sən hara, Çəmran hara?! Sən hara, Müğniyə hara?! Sən evinə, cibinə girən adamı, yoldan ötəndə söz atan avaranı vurarsan, əzərsən, qanını içərsən. Amma İslam müqəddəsliklərinə daş atanlara qarşı böyük mübarizədə yerin yoxdur. Çünki sən Malik kimi böyük yox, özün kimi kiçiksən! Allah öz rəhmətinə qərq etsin iddiasız şəhidləri, Allah qorusun iddiasız məhbuslarımızı, mübarizləri, Allah İslamı cılızlardan qorusun...

“Ölüm aldığınız ləzzətləri viran qoyacaq, şəhvətlərinizə kölgə salacaq, məqsədlərinizi əlçatmaz edəcək. Ölümün çox arzulanmaz bir görüşü var...” – buyurur Təqvalılar Mövlası. Ölüm? Heç yadına düşür? Yadına düşür ki, bir gün çarəsiz halda yatağa düşüb can verəcəksən? Deyəcəklər filankəs öldü. Deməyəcəklər şəhid oldu. Çünki dünya istəkləri, şəxsi mənafelər, mənəm-mənəmlik yolunda şəhadət yoxdu. Bəlkə üstəlik bir lənət də göndərdilər dalınca!..

 

Arzu Eyvazov

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib