Araşdırma

Bizim “pulsuz” tibbi xidmət xəstələrə neçəyə başa gəlir?

  • News Code : 338473
  • Source : Ann az
Bu günlərdə Sabirabad rayonunda Qarayevlər ailəsi, ailə başçısın itirib...

Əhli Beyt -ABNA- xəbər agentliyi- Yəqin, heç kəsə sirr deyil ki, qanunvericiliyə əsasən, Azərbaycanda dövlət poliklinikalarında və xəstəxanalarında müalicə ödənişsiz əsaslarla aparılmalıdır. Reallıqda isə belə olmadığı da heç kəsə sirr deyil. Amma hər şeyin bir həddi olmalıdır.

Bu günlərdə Sabirabad rayonundan olan Qarayevlər ailəsinə ağır itki üz verib. Ailə başçısı Nadir Qarayev dünyasını dəyişib. Onu ağır vəziyyətdə tibb müəssiələrindən birinə gətiriblər, ailə üzvlərinə deyiblər ki, ürəyində 15 min manatlıq əməliyyat olunmalıdır. Özü də həkimlər pulu bəribaşdan istəyiblər.

Nadir Qarayevin qızı Sevinc Qasımovanın sözlərinə görə, ailənin pula heyfi gəlməyib və lazım olan məbləğ bir gün müddətində toplanıb. Bundan sonra əməliyyat başlayıb. Amma xəstə əməliyyat masasında dünyasını dəyişib: “”Pulumuzu qaytarmamaları bəs deyil, üstəlik, əlavə min beş yüz manat istədilər. Həkim dedi ki, əməliyyat zamanı çətinlik yaranıb və onlar süni tənəffüs aparatından istifadə ediblər, bu isə, pul deməkdir”.

Poliklinikalarda xidmətlər də havayı deyil. Düzdür, həkimlər burada zorla pul qoparmırlar, amma profilaktik müalicə üçün də ödəmək lazım gəlir.

Ramilə Kərimovanın 65 yaşı var. Həyatı boyu bir dəfə də olsun, ağrımayıb. Amma 60 yaşında ona bağırsaq keçməməzliyi diaqnozu qoyublar və qadın ağır əməliyyat keçirməli olub. Amma məsələ bununla bitməyib. Xəstəxanadan çıxandan sonra ona ev şəraitində müalicə yazıblar. Həkim ona çoxlu iynə yazıb və tibb bacısı tapmağı məsləhət görüb.

Ramilə xanım danışır: “Mən anlayırdım ki, tibb bacısının xidmətləri üçün pul ödəməliyəm. Amma düşünmürdüm ki, ona dərmanlara ümumilikdə xərclədiyimdən daha çox pul verməliyəm. Müalicə kursundan sonra tibb bacısı mənim qarşıma 200 manatlıq hesab qoydu. Şokda idim. Düz üç ay sonra onunla hesablaşdım, çünki əməliyyatdan sonra məndə o qədər də pul qalmamışdı”.

Tibb bacısı xidmətlərinin qiymətini öyrənmək üçün onlardan birinə müaricət etdik. Adilə Əmirovanın 30 illik iş təcrübəsi var, bütün həyatı boyu poliklinikada işləyib.

Adilə Əmirovanın sözlərinə görə, əzələdaxilinə vurulan bir iynənin qiyməti 1, damara vurulan 1 iynənin qiyməti 3 manatdır. Sistem qoymaq daha bahadır. Axı bu halda xəstənin yatağının yanında bir neçə saat oturmaq və prosesə nəzarət etmək lazımdır. 200 qramlıq damcı üçün 5, 500 qramlıq üçün 10 manat alırlar.

Dövlət poliklinikalarında həkim və UZİ qiymətləri də ucuz deyil. Kardioqramın qiyməti 5-10 manat, UZİ-nin qiymətləri 15-20 manatdır. Həkimin poliklinikadan çağırılması 20 manatdır. Əgər qanunla sizə düşən xəstəlik bülleteni almaq istəyirsinizsə, 30-50 manat “tərləməyiniz” lazımdır. Ümumi qan analizi, şəkərin və hemoqlabinin miqdarının müəyyən edilməsi də havayı deyil. Adətən bu analizlər xüsusi aparatların köməyi ilə edirlər. Şəkər və hemoqlabinin öyrənilməsi – 5-10, ümunmi qan analizi isə 15 manatdır.

Tomoqrafiyanı və ya ensefaloqramı dövlət xəstəxanasında ödənişsiz edə biləcəyinizi düşünürsünüzsə, çox yanılırsınız. Adətən bu xidmətləri həyata keçirən həkimlər aparatları öz pullarına aldıqlarını deyirlər. Ona görə də pul ödəmək lazımdır. Belə ki, kompyuter tomoqrafiyası 70-110, ensefaloqram 30 manatdır.

Dövrümüzdə nisbətən ucuz diqanostika vasitəsi rentgendir. Hansı əzanızı yoxlamanızdan asılı olmayaraq, qiyməti 10 manat və yuxarıdır.

Ekspertlərin fikrincə, məcburi sığorta sistemi tətbiq olunmayınca, tibb sahəsində koppupsiya aktual olacaq. Hətta bununla bağlı qanun da qəbul olunub. Amma görünür, məmurlar onu hələlik, tətbiq etməyə tələsmirlər.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib