Bunu Hamımız Oxumalıdır

Əsl müxalifətçi kimdir?

  • News Code : 334280
  • Source : Moder Az
AZƏRBAYCANDA MÜXALİFƏT ADLANAN QURUMLAR NİYƏ UĞUR QAZANA BİLMİR?.. ÖZ NƏFSİNƏ MÜXALİF OLA BİLMƏYƏN ŞƏRƏ NECƏ MÜXALİF OLA BİLƏR?..

“Müxalifət”   məfhumu Azərbaycan sakinlərinin leksikonuna ümumişlək söz kimi ötən əsrin 90-cı illərindən daxil olmağa başlayıb... Ərəb-fars sözləri lüğətində ərəb mənşəli “müxalifət” sözünə üç mənada izahat verilir: 1) düz gəlməmə, zidd olma; 2) hökumətin siyasətinə qarşı çıxma; 3)müəyyən siyasətə qarşı çıxan partiya və ya qrup. Əksəriyyət bu sözü 3-cü mənada işlədir.

Yəni, son təxminən 24 ildə “müxalifət” deyən kimi gözümüzün önünə mərhum Əbülfəz Elçibəy, İsa Qəmbər, Nemət Pənahlı, İsgəndər Həmidov, Rəhim Qazıyev, Əli Kərimli, Etibar Məmmədov, Zərdüşt Əlizadə və b. gəlir.  Bu liderlərin çoxu təxminən bir il ərzində iqtidarda olsalar da, bu günədək əksəriyyət onları müxalifətçi kimi tanıyır. 1988-ci ildən bəri ayağa qaldırılan xalq kütlələri bu şəxslərə ümid yeri kimi baxırdılar. Bu gün də onlara inananlar var, inanmayanlar da...

Amma  müxalifətdə olmaq hələ haqsızlığa müxalifətdə olmaq anlamına gəlmir. İnsan haqqa da müxalifətdə ola bilər. Məsələn, İslam tarixindən bəlli olduğu kimi, bir sıra Qureyş tayfaları müxalifətdə idilər, amma kimə qarşı – Peyğəmbərə (s.s.) qarşı... Peyğəmbərimiz (s.s.) isə Şərə qarşı, Şeytana qarşı müxalifətdə idi... Deməli, həmin müxalifətçilər Allaha, Haqqa qarşı müxalifətdə idilər...  Haqsızlığa, münafiqlərə qarşı müxalifətdə olan Rəsulullah (s.s.) sonunda  ətrafındakı şər insanlara qalib gəlib İslamı – Allahın sonuncu dinini yer üzərində bərqərar etdi... Bəs necə oldu ki, Rəsuli-Əkrəm (s.s.) qalib gəldi? Bunu dərk etmək üçün Yaradanın son elçisinin əxlaqını, yaşam və mübarizə tərzini öyrənmək gərəkdi... “Peyğəmbərimizin (s.s.) əxlaqı, yaşam tərzi necə idi?” sualına hədislərdə belə cavab verilir ki, siz Qurani-Kərimi oxumamısızmı? Yəni həzrəti Muhəmmədin (səllallahu əleyhi və alih) həyatı tam olaraq Allahın son kitabına uyğun idi... Ümumiyyətlə, kamilliyə can atan insan bu dünyadakı insanlara da, ictimai-siyasi proseslərə də Qurani-Kərim güzgüsündə dəyər verməlidir...

Peyğəmbərimizin (s.s.) 23 illik mübarizəsi Şərin məğlubiyyəti və Quranın nazil olması ilə nəticələndi.

Bəs Azərbaycan müxalifətinin son 23 illik mübarizəsinin sonucunda nələr “nazil” oldu? Ona görə 23 il deyirəm ki, bu günlərdə ana müxalifətin – Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 23 illiyi qeyd olunur.  Gəlin, bu proseslərin bilavasitə iştirakı olan, ya olmayan hər birimiz, o cümlədən hərəkat və  müxalifət liderləri  son 23 ildə baş verənləri, başımıza gələnləri, gördüyümüz işləri Quran prizmasından izləyək və özümüzə -vicdanımıza hesabat verək. Onda hər şey: düzlərimiz də, günah, səhv və xətalarımız da daha aydın olar... Onda özünü əsl müxalifətçi hesab edərək gecə-gündüz populist çıxışlar söyləyənlər də kimliklərini aydın görərlər... Eləcə də bu illər ərzində qazandıqlarımızı və itirdiklərimizi tərəziyə qoysaq, itirdiklərimizin daha çox olduğunu görərik... Yalnız onu demək kifayətdir ki, 23 il əvvəl biz Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda... sərbəst gəzib o təmiz havanı uda bilirdik. Amma bu gün nəinki o yerlərə, burdan-bura Göygöl, Marxal kimi məşhur gəzinti yerlərinə də həsrət qalmışıq...

Bəs  nədən belə oldu? Bizim  müxalifliyimiz niyə belə  məğlubiyyətə uğradı?  Müxalif liderlərin özlərindən soruşsaq, saysız-hesabsız obyektiv və subyektiv səbəblər sadalayaraq  özlərini haqlı çıxardacaq və son çıxışlarında şahidi olduğunuz kimi, Azərbaycan müxalifətini, az qala, dünyada ən güclü müxalifət adlandıracaqlar. Bir çox səbəblərlə razılaşmaq olar. Məsələn, rejimin çoxüzlü manevrlər etməsi  və Qərbin, ABŞ-ın ikiüzlü siyasət yeridərək müxalif qüvvələrə yetərli dəstək verməməsi...

Bütün bunlar dünyəvi səbəblərdi.  Dediyim kimi, bəndəniz Quran-İslam güzgüsündə görünən səbəbləri göstərəcək. Birinci və ən böyük səbəb odur ki, müxalif liderlərin də, sıravi müxalifətçilərin də, nə qədər acı olsa da, böyük əksəriyyəti öz nəfslərinə müxalif ola bilmədilər...  Onlardan vəzifəyə, deputat mandatına satılıb deputat seçiləndən sonra ev, maaş, maşın davası edənləri də gördük, daxildəki və ya xaricdəki ağalarının ssenarisinə uyğun oyunlar, tamaşalar oynayaraq özünə hər cür maddi təminatlar yaradıb partiyadan-partiyaya, qurumdan-quruma atlananları da gördük... Dediyim kimi, hər kəs Quran güzgüsündə öz vicdanına hesabat versə, söylənilənlərə etiraz etməz...

İkincisi, haqq uğrunda  mübarizə ixlaslı – yəni xalis niyyətli olmalıdır.

Yəni, hər bir iş kimi hakimiyyətə müxaliflik də şöhrət, qazanc, vəzifə naminə yox, sırf Allah xatirinə edilməlidir. Üçüncüsü, əsl müxalifətçi haqq uğrunda mübarizə aparmaq üçün ən əvvəl özü haqlı, dürüst əməlli olmalıdır. Məsələn, çox şahidi olmuşuq ki,  vəzifə başında olarkən camaatın  fırıldaqçı, dələduz, rüşvətxor kimi tanıdığı, törətdiyi əməllərə görə işdən çıxarılan, həbsdən canını zorla qurtaran birisi həmən “fəal, radikal müxalifətçiyə” çevrilir. “Yeni Müsavat”, yaxud “Azadlıq” qəzetinin səhifələri onun bəyanatları, məqalələri ilə bəzənir.

Yaxud saxta yollarla, rüşvətlə “şəhid ailəsi” adı almış və rayon rəhbərliyinin həmişə qayğı göstərdiyi, kifayət qədər var-dövlətə sahib bir şərçi qadın icra başçısına böhtanlar atır və adlarını çəkdiyim aparıcı müxalifət qəzetləri dərhal onu gündəmin qəhrəmanına çevirir... Bu da sözsüz ki, ümumiyyətlə, müxalifətin nüfuzdan düşməsinə səbəb olur. Yəni sadə oxucular düşünür ki, elə müxalifətin bazası belə savadsız, böhtançı, saxtakar adamlardan ibarətdirsə, ondan nə gözləmək olar... Eyni zamanda bu xalq arasında belə bir fikrə rəvac verir ki,  “bunlar hakimiyyətə gəlsə, indikilərdən pis olacaqlar”....

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib