İblisə Ram Olanlar

Kredit, sələm - cəhənnəm... III Hissə

  • News Code : 327556
  • Source : Modern az
BU DÜNYADA HƏR BİR ÇƏTİNLİKDƏN, O CÜMLƏDƏN YOXSULLUQDAN QURTULMAĞIN İLKİN ŞƏRTİ ALLAHA İMAN GƏTİRMƏKDİR...

AZƏRBAYCAN DÖVLƏTİ YOXSULLARA FAİZSİZ BORC VERMƏK İMKANI TAPA BİLƏR...

Artıq Qərbin də dürüst düşünən insanları sələmdən uzaqlaşmağın vacibliyini dərk edirlər. Avropanın maliyyə eksperti Savvati Taneya deyir:”Amerikadakı maliyyə böhranı sələm üzərində qurulmuş sövdələşmələrə qarşı İslam iqtisadçılarına qızıl bir fürsət verir”...

2008-2011-ci illərin ümumdünya iqtisadi böhranı zamanı demək olar ki, heç bir İslam bankı iflasa uğramamış, əksinə, onlar maliyyə uğurları əldə etmişlər. Malaziyanın maliyyə nazirinin məlumatına görə,  ölkədəki İslam banklarına heç bir zərər dəyməmişdir. Hətta məşhur İslamic of Bank Btitainin aktivləri 51faiz -  32 mln. dollar artmışdır. Artıq Çin və Cənubi Koreya kimi ölkələr sələmsiz işləyən İslam bank sistemi ilə ciddi maraqlanmağa başlamışlar....

 “Challenges” jurnalının baş redaktoru isə belə yazır: “Banklarımızın məsul işçiləri Quranda qeyd olunan təlim və ehkamlara ehtiram göstərməyə çalışsaydılar, indi bu fəlakət və böhranlar başımıza gəlməzdi”...

Ötən illər bir sıra bankların iflasa uğradığı Azərbaycanda da kreditorlar, sələm verənlər böyük təlaş içindədir. Əhalinin acınacaqlı maddi durumundan istifadə edərək yüksək faizlə kredit verən bəzi banklar borcları toplaya bilməmək təhlükəsi ilə üz-üzə qalıb...

SƏLƏMİN  TİBBİ-PSİXOLOJİ FƏSADLARI

Bəziləri bu yazılanlara da, hətta Quran ayələrinə də (əğstəfürullah!) istehza edərək düşünür ki, mən yüz minlərlə manat kredit vermişəm, yaxud götürmüşəm, amma işlərim yağ kimi gedir, kefim kökdü, evim-eşiyim, maşınlarım, hər şeyim var...  Əlbəttə, Allah belələrinin cəzasının yubadılaraq günahlarının daha da artırılmasını məsləhət bilir (Qurani-Kərim, ən-Nəhl, 61)... Ancaq ətrafımızdakı kredit, sələmlə dolananların əksəriyyəti elə bu dünyada əzab-əziyyət içindədirlər... İstəkli oxucu, özün götürməmisənsə də, ətrafda sələmə, kreditə, sələmə qurşananların həyat tərzinə, əhval-ruhiyyəsinə diqqətlə bax... Bu günlərdə neçə tanışla rastlaşməşam, sələm ödəmək əlindən az qala göz yaşı tökürlər...

Doktor Əbdül Əziz “İslam və müasir tibb” kitabında yazır ki, sələm verənlər də, sələm alanlar da bu haramın tibbi-psixoloji zərərlərini mütləq yaşayırlar. Sələm şəkər, yüksək qan təzyiqi, yarımiflic və ruhi çatışmazlıqla bitən qanazlığına səbəb olur...

Sələm verən şəxs birdən-birə yüksək səviyyədə varlana bilir. Ani tərəqqilər zamanı yaranan ruhi reaksiyalar bir çox hallarda dözülməzdir. Çünki həmin məxluq öz varidatının məhv ola biləcəyini təsəvvür etmir. Əgər onda belə bir təsəvvür baş qaldırarsa, sevinci aradan gedər və dəhşətli qəfil  itki qorxusu yaranar. Ruhi-əsəbi xəstəliklərin bir çoxu məhz bu cür hallarda baş qaldırır. Bundan əlavə, sələm verən məxluqatların çoxu harınlayaraq əlini ağdan-qaraya vurmur, işsiz, hərəkətsiz qalır və hərəkətsizlikdən törənən cürbəcür xəstəliklərə; infarkta, bel ağrılarına, onurğa sütunu problemlərinə və s. düçar olurlar...

Borclu ehtiyac üzündən sələm alır. Ilk vaxtlarda sələm aldığı şəxsə səmimi minnətdarlıq da edir. Lakin sələmi ödəmək vədəsi gəldikcə ürəyində sələmçiyə lənət oxuyur, onun ədalətsizliyini(borcu faizlə verdiyi üçün) unutmur. Dr. Ə.Əziz bu prosesi belə təsvir edir:”...Hətta iş o yerə çatır ki, borclu sələmçinin pəncələrini öz boğazında hiss edir. Belə bir vaxtda yazıq borclunun bütün vücudu sələmçiyə lənət qarğışı göndərir və onun qanına susayır. Axı o gözləri ilə görür ki, canı bahasına topladığı gəliri  sələmçinin cibinə axır. Bəzən borclu intihara əl atır və bəzən də borc sahibini amansızcasına qətlə yetirir(ötən yazılarda   buna əyani misal göstərmişik-S.L.)... Bu cür problemlər sonda yığışaraq ümumi partlayışa, böhrana və ya inqilablara səbəb olur”...

 Sələmin psixoloji fəsadları  ümumdünya böhranı misalında özünü qabarıq şəkildə göstərməkdədir. Bu gün xüsusilə, Amerika və Avropada insanlar depressiya, məyusluq, təlaş, dilxorçuluq və əsəbi pozuntular kimi xəstəliklər girdabında boğulmaqdadırlar.  Statistika ilə maraqlansaq, böhran illərində qətl və intiharların nə qədər artdığının şahidi olarıq. Tanınmış Amerika psixoloqu Nanse Molita yazır:”Mən ixtisasım üzrə çalışdığım 20 il ərzində  hələ belə bir böhran görməmişəm. Təlaş və sıxıntının səviyyəsi bütün tarixi qeydləri darmadağın edərək kölgədə qoyur”...

SƏLƏMƏ QURŞANMANIN ƏSAS SƏBƏBLƏRİ

Sələmə külli miqdarda pul vermənin köklü səbəbləri sözsüz ki, Allaha, axirətə inanmamaq və  sonsuz tamah, varlanmaq ehtirasıdır.  Sələmə, kreditə pul götürmənin əsas səbəbləri isə aşağıdakılardır:

-Allaha, peyğəmbərə(ə.s.), axirətə iman gətirməmək;

-Çağdaş yaşam tərzi ilə müqayisədə əhalinin halal gəlirlərinin, o cümlədən maaşların ifrat azlığı;

-Bəzilərinin əllərindəki halal gəlir vasitələrindən istifadə edərək zəhmətlə yaşamaq əvəzinə, sələmə girməyi üstün tutması;

-Başqaları ilə bəhsəbəhs varlanmaq həvəsi, hədsiz tamah.

-Tamamilə yoxsullaşmaq qorxusu...

Sözsüz ki,  1-ci, 4-cü və 5-ci amillər üstünlük təşkil edir...

BƏS SƏLƏMDƏN QURTULUŞ  YOLU VARMI?..

Sələmin bəşəriyyətə vurduğu zərərləri sadalamaqla bitməz. Ancaq gerçəklik budur ki, dünyada, xüsusilə məmləkətimizdə sələmə qurşananların sayı gündən-günə artmaqdadır. Və bu yazını oxuyanların bəziləri yəqin ki, ürəklərində istehza ilə  deyirlər: “Eh, yazmaq asandır, bəs nə edək, çıxış yolu göstərin...”. Həmişə deyirik ki,  bütün haramlardan, o cümlədən sələmdən uzaq durmağın yolu   hər bir kəsin nəfsinə bağlıdır. Dünya bir imtahan yeridir. İldən-ilə  - Qiyamətə yaxınlaşdıqca da imtahan şəraiti daha da şiddətlənir. İmansızlar, Allahsız hökmdarlar çoxalır, haram qazanc yolları artır, halal yollar qapanır, haram ləzzət mənbələri, haram yemək-içməklər çoxalır, halal ərzaq azalır...

Əksəriyyət yaşanan problemlərə, faciələrə görə hakimiyyətləri günahlandırır. Bəs sənin iradən nə üçündür?.. Əgər yaşadığın ölkəyə  dininə, milli kimliyinə, milli geyiminə saygı göstərməyənlər, məscidlərı sökdürənlər, hicabı qadağan edənlər başçılıq edirsə, o hakimiyyətdən əlini üz...  Yaradana, öz imanına,  ağıl və iradənə bağlan. Onda çıxış yolu taparsan. Allah heç kəsi götürə biləcəyindən artıq  yükləməz... Allah imanlı bəndəsinə hər bir zülmətdən iynə boyda olsa da, işıq yolu göstərir:”Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can(övlad) və məhsul qıtlığı ilə imtahan edərik. Ya Muhəmməd! Belə imtahanlara səbr edən şəxslərə müjdə ver!”(əl-Bəqərə, 155)...

 Yox, əgər Allaha imanın yoxdursa, Şeytana və onun yer üzündə insan cildindəki canişinlərinə tapınmısansa, onda sən tapdığın çıxış yolları da haram olacaq və o yollar səni Şeytanın yanına – cəhənnəmə aparacaq...

Beləliklə, hər bir çətinlikdən, eləcə də yoxsulluqdan da çıxış yolu tapmağın ilkin şərti imanlı olmaqdır. İmanlı şəxs də, təbii ki, halal qazanc yolları arayacaq.  Həm yeməkdə, həm geyimdə aza qane olaraq  hər şeyi qənaətlə işlədəcək. Övladlarını da qənaətlə yaşamağa, çətinliklərə tab gətirməyə öyrədəcək. Onların lüzumsuz istəklərini(“mənə filan bahalı oyuncağı alın”, “maşın alın”, “filankəsin aldığı modalı paltardan, bəhmənkəsin aldığı cehizlik qab-qacaqdan, mebeldən, qızıldan istəyirəm...” və s. və i.a.) yerinə yetirməyəcək. Həftələrlə ət xörəyi yeməyəcək, meyvə, şirniyyat yeməyəcək,  borca götürdüyü pulla və ya nisyə olaraq bahalı, həm də geni dəyişdirilmiş ziyanlı meyvə, tərəvəz almayacaq, borca, sələmə girib övladına ən bahalı sarayda toy eləməyəcək, yaxud  rəhmətə getmiş ata və ya anasına qara mərmərdən başdaşı qoydurmayacaq... İmanlı şəxs qazandığına, boğazından keçən hər tikəyə görə Yaradana dəfələrlə şükürlər və bolluca dualar edəcək...

Bunları  bacara bilməyənlər  imanlarını bir parça yağlı ətə, bir bəzəkli taxta ovuntusuna, 5-10 qramlıq parıltılı metala, 1-2 tonluq dəmir və rezin yığnağına dəyişəcəklərmi?..

Sələm verənlərə gəldikdə, əgər onlar bu andan tövbə edib payladıqları sələmləri geri götürsələr, inşəallah, Tanrı əvvəlki qazanclarını və günahlarını bağışlayar(əl-Bəqərə,275)...

KƏMALƏDDİN HEYDƏROVUN VƏ ZİYA MƏMMƏDOVUN SON HƏRƏKƏTLƏRİ  ÜMİDVERİCİDİR...

Xalqın yeraltı və yerüstü sərvətlərindən, zəhmətlərindən, vergilərindən formalaşan büdcə yersiz işlərə sovrulub bir qrup korrupsionerə yem edilməsə, imkanlıların mal-mülkünün düzgün deklarasiyası aparılıb vergilər ədalətlə yığılsa, pensiya və maaşlar lazımi səviyyəyə qaldırılsa, xırda və orta sahibkarlara, fermerlərə işləmək üçün qanuni şərait yaradılsa, vətəndaşların faizli borca girməsinin qarşısı xeyli alına bilər. Azərbaycanda deyilənlərə əməl edilsə, dövlətin hətta  imkansızlara faizsiz kredit verməyə də imkanı olar. Bu halda varlı şəxslər də faizsiz borc verməyə təşviq olunar. Dinimizdə təmənnasız borc vermək çox böyük savab hesab olunur. Peyğəmbərimiz(s.) hədislərində bəzən borc verməyi sədəqə verməkdən də üstün sanır. Ümumiyyətlə, yardımlaşma, biri-birinə əl uzatmaq cəmiyyətdə bir çox haram və bəlaların, o cümlədən sələmin də qarşısını ala bilər...

Yeri gəlmişkən, bu yaxınlarda ölkənin Kəmaləddin Heydərovun bir müğənniyə, Ziya Məmmədovun isə bir şairə yardım etməsi xəbəri məni çox ümidləndirdi... Əlbəttə, istəsələr, daha çox imkansıza yardım edərlər...  Düşünsələr, bunun faydası ən çox özlərinədir: bəlkə Allah o dünyada...

Həzrəti Rəsulullah(s.) buyurur: ”Bir diyarda zina və riba(sələmçilik) zühur edərsə, bu o deməkdir ki, artıq o diyarın sakinləri Allahın cəzasına düçar olmağı qazanmışlar(Allahın cəzasının onlara gəlməyi layiq olmuşdur) (Təbərani, “Əl-Kəbir”; Şeyx Albani “Səhih əl-Cami”,679)...

 

Yaradan özü bizi günahlarımızdan qorusun! Amin!..

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib