Torpaqlarımızı Satanlar

“Şuşada olmalı adam, Heydər Əliyevin yanındaydı...”

  • News Code : 313346
  • Source : Azadliq
Rəhim Qazıyev: "Elbrus Orucovdan sonra icra başçısı Nizami Bəhmənov da Heydər Əliyevin qəbulunda olub. Niyə?"

Keçmiş müdafiə naziri Rəhim Qazıyev bugünlərdə videomüraciət yayaraq, Şuşanın işğalı ilə bağlı onun haqqında söylənilən ittihamların əsassız olduğunu bəyan etmiş, bu istiqamətdə istənilən acı suala cavab verəcəyini bildirmişdi. Rəhim Qazıyev deyirdi ki, illərdir onun açıqlamaq istədiyi mühüm faktları heç kim eşitmək istəmir. “Azadlıq” qəzeti keçmiş nazirə belə bir imkan yaradaraq, yaxın tariximizlə bağlı ondan iri həcmli müsahibə alıb:

- Bakıdakı Hərbi Dəniz Donanmasının əmlakının çıxarılacağı haqda xəbərlə bağlı donanma rəhbərliyini yanıma çağırıb, söhbət eləyəndə Zinin dedi ki, heç nə tərpənməyəcək, amma xahiş edirəm, məsələni yuxarı komandanlıqla həll edin. Onda MDB-də Çernavin Hərbi Dəniz donanmasının komandiri idi. Çernavinə zəng elədim, dedim ki, Azərbaycanın müdafiə naziri Rəhim Qazıyevdir. Düzü, bu təqdimata bir qədər ironiya ilə yanaşdı. Nəyi vardı ki, müdafiə nazirinin?.. Mən ona əlimizdəki məlumatları çatdırdım. O isə bildirdi ki, hərbi əmlakı bizə verməyə hazırdır, amma ermənilərin bundan xoşu gəlməyəcək. Cavabında dedim ki, ermənilərə də dəniz donanması yaratsanız, biz çox məmnun olardıq. Qayıtdı ki, “harada yaradım?” Dedim, Sevan gölündə... Ardınca da əlavə etdim ki, Ermənistan dəniz kənarında yerləşmirsə, bunda bizim günahımız nədir? Iki gün sonra o, müavinini göndərdi. Biz - rəhmətlik Vahid Musayev, general Şahin Musayev, Vahid Əhmədov və mən o generalla oturub 15 aprel 1992-ci ildə bu sənədi (əlində göstərir) tərtib etdik. Bu sənəddə göstərilirdi ki, Bakıdakı əmlak Xəzəryanı dörd dövlət arasında bölünməlidir. Bundan sonra 23 hərbi gəmi Bayıl buxtasında Azərbaycan bayrağını qaldırdı və biz onu qəbul etdik.

Pənah Hüseyn Vahid Əhmədovu göndərmişdi

1993-cü ilin fevralında mən istefa verəndən dərhal sonra Pənah Hüseyn nazirliyi yoxlatdırmaq üçün Vahid Əhmədovun rəhbərliyilə komissiya göndərmişdi. Zəng elədim ki, a kişi, mənə nə vermisiniz ki, nəyi də yoxlayasınız? Sonra dedim ki, eybi yox, yoxlayın. Vahid Əhmədovun yoxlamadan sonra yazdığı rəy də var. Həmin rəydə göstərilmişdi ki, Xəzər Dəniz Donanmasının qəbulunda 4 nəzarətçi kater Türkmənistana, 11-i Qazaxıstana verilib, 67-si isə Azərbaycana qalıb. Türkmənistan və Qazaxıstana ona görə qaldı ki, o zaman həmin əmlak onların ərazisində idi. Eləcə də 4 hərbi zavod və bir Zığdakı Ali Hərbi Dəniz Komandanlığı Məktəbini də bir kitabını da dağıdılmadan qəbul etmişəm.

Bir aydan az idi, nazir olmuşdum, Yevqeni Şapşnikov (MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı) zəng elədi ki, mənimlə görüşmək istəyir. Dedim, mən də sizinlə görüşmək istəyirəm, amma burdakı bütün təyyarələri yığıb aparmısınız, necə gəlim? Aprelin 21-də o, mənim üçün təyyarə göndərdi, getdim. Onda hələ Rusiya Müdafiə Nazirliyi yaranmamışdı. Mən görüşdə bildirdim ki, SSRI dağılıb, biz də MDB-nin üzvü deyilik. Belə olan halda, siz hansı statusla keçmiş SSRI-nin hərbi hissələrini ölkəmizdə saxlayırsınız? Orada razılaşdıq ki, 29 apreldə Pavel Qraçov (Yevgeni Şapşnikovun müavini) gəlir Azərbaycana və həmin hərbi hissələrin bizə verilməsi barədə ilkin protokol imzalanır.

Rabitə idarəsinə rəis qoymağa zabit tapılmırdı...

Həmin tarixdə mən Gəncədə 29 generalla Kravçuku qəbul elədim. Oradan da Gəncənin o vaxtkı polis rəisi Eldar Həsənovun (hazırda Rumıniyada səfir) müşayiətilə Şəkiyə getdik. Iki gün həmin məsələni müzakirə edib, ilkin protokolu tərtib etdik. Bu işçi proktolda göstərilirdi ki, hərbi qoşunlar 2 ilə Azərbaycandan çıxmalıdır. Qəbul edilən ilkin protokolun 15 mayda Daşkənddə keçiriləcək MDB sammitində rəsmiləşdirilməsi də qərara alındı. Həmin ərəfədə mən gecə-gündüz işləyirdim və bir tərəfdən də eşidirdim ki, ölkə dağılır, Rəhim Qazıyev kömək eləmir. Məgər Rəhim Qazıyevin dədəsindən ordu qalmışdı? Bizim kifayət qədər şairimiz, yazıçımız, artistimiz olsa da, hərbçimiz yox idi. Təsəvvür edin, bir nəfər zabit tapmadım ki, rabitə idarəsinə rəis qoyum, yox idi.

Xülasə, həmin dövrdə 22 apreldə 4 motoatıcı briqada yaradılması barədə əmr verdim. Elbrus Orucov da akademiya təhsilli hərbçi idi, onu da briqadanın birinə komandir təyin etdim. 24 apreldə bunlara əmr verildi ki, getsinlər Şuşa ərazisində dislokasiya olunub, müdafiə qursunlar.

Həmin dövrdə gedən oyunlar müdafiəyə şərait yaratmırdı...

- Bəs Şuşanın işğalı nədən başladı?

- Baş prokurorun istintaq işləri üzrə müavini, hazırkı hərbi prokuror Xanlar Vəliyevin imzası ilə təsdiq olunmuş ittiham aktında göstərilib ki, Şuşada kifayət qədər canlı qüvvə, silah, döyüş sursatı və hərbi texnikanın olmasına baxmayaraq, hərbi qüvvələr arasında nizam-intizamın olmaması, eyni zamanda, yerli hakimiyyətin siyasi böhran keçirməsi işğala səbəb olub. Elə həmin ittihamnamədə döyüşən tərəflərin qüvvə nisbəti göstərilib. Nisbət belə idi: bizim 1645, düşmənin 1000 əsgəri, bizdə 9, ermənilərdə 10-15 Piyadaların Döyüş Maşını (PDM), bizdə 8 - əslində, bu yalandır, 4 olmalıdır, - ermənilərdə 5-6 tank, hər iki tərəfdə 2 qrad.

Bu fakt o zaman 777 saylı hərbi hissənin kəşfiyyat rəisi olan Azay Kərimovun istintaqa ifadəsində də yer alıb.

Döyüş nizamnaməsinin tələbinə görə, hücum edən qüvvənin sayı və üstünlüyü birin üçə nisbətində olmalıdır. Amma bu rəqəmlərdən o görünmür. Bu baxımdan göstərilən qədər silah-sursatla Şuşanın işğal olunması ağlabatan görünmür. Sadəcə, həmin dövrdə gedən oyunlar və aparıcı insanların siyasi alverlə məşğul olması silahlı qüvvələrin müdafiəsi üçün şərait yaratmırdı.

Orucov çıxıb desin ki, Rəhim yalan deyir...

- Sizə qarşı ittihamlardan biri də odur ki, işğal zamanı Şuşaya əlavə kömək göndərməmisiniz...

- Xahiş edirəm ki, o dövrün şərtlərini nəzərə alasınız. O vaxt Şuşaya Ağdamdan da yol bağlı idi. Söhbət elə bir dövrdən gedir ki, hətta bəzən bizim 5-7 saat telefon rabitəmiz kəsilirdi.

Sizə bir mühüm faktı da açıqlayım. Baş qərargahın 041 saylı direktivinə görə, briqada komandiri Elbrus Orucov 27 apreldə Şuşada olmalı idi. Amma həmin vaxt o harda olub? Naxçıvanda. O, Naxçıvanda Heydər Əliyevin qəbulunda olub. Indi o çıxsın ortaya, desin ki, Rəhim yalan deyir. Ondan bir-iki gün sonra da Şuşanın o zamankı icra başçısı Nizami Bəhmənov Heydər Əliyevin qəbulunda olub. Niyə? Nə xəbər idi?

Elbrus Orucov ifadəsində deyir ki, mayın 7-də mənə zəng edib, Şuşaya hücum olacağını bildirib. Bəli, bu olub. Həmin gün Tehranda Azərbaycanla Ermənistan arasında sülh danışıqları getdiyindən Orucova dedim ki, kəşfiyyat məlumatlarını dəqiqləşdirsin. Çünki ola bilərdi ki, bu, danışıqları pozmaq üçün təxribat olmuş olsun. Əlavə elədim ki, təxribat deyilsə və dəqiq hücum hərəkətləri varsa, onda Şuşanın müdafiəsi ilə bağlı bütün müdafiə işlərini sənə tapşırıram.

Elbrus Orucovun ifadəsində var ki, guya, mən ona qabaqlayıcı zərbə vurmağa imkan verməmişəm. Belə bir şey olmayıb. Tutaq ki, lap demişəm, axı, səni Şuşanın müdafiəsilə bağlı məsuliyyətdən azad etməmişəm. Sən hücum başlayandan sonra Şuşanı niyə müdafiə etməmisən?

Bu üç adamdan biri xəyanət edib...

- Daha bir ittiham ondan ibarətdir ki, Siz Şuşa və Xankəndi arasındakı mina sahəsinin təmizlənməsi barədə göstəriş verərək, işğalı asanlaşdırmısınız...

- Bunu bir dəfə zəmanəmizin Şeyx Nəsrullahı - Nizami Süleymanov da qəzetdə demişdi. Demişdi ki, “mən Rəhimi bağışlaya bilmərəm, o, minaların təmizlənməsi barədə əmr verib". Qismət oldu, türmədən çıxandan sonra onunla rastlaşdım və soruşdum ki, mən o əmri verəndə sən hardaydın? Onun cavabı belə oldu ki, “mənə belə dedilər”. Mən də dedim ki, mənə də sənin çox əxlaqsız adam olduğunu deyiblər. Indi mən də inanım?..

Məhkəmə sənədlərində var, vəkilim Elton Quliyev də ikinci məhkəmədə Elbrus Orucovdan soruşdu ki, minaların təmizlənməsi ilə bağlı Müdafiə Nazirliyindən sizə əmr olubmu? Dedi ki, “xeyr, əskinə, mina sahəsinin ”maskirovka" olunması barədə əmr verilib". Bundan başqa, o, vəkilin sualına cavabında bildirdi ki, Şuşanı tərk etmək barədə nazirlikdən heç bir əmr almayıblar. Məhkəmədə Elbrus Orucovdan soruşduq ki, Şuşa-Xankəndi yolu minalanmışdımı? O dedi ki, Şuşaya gələndə mühəndis istehkam qurğuları rəisi, mayor Daşdəmirovdan bu haqda soruşub, Daşdəmirov da müsbət cavab verib. Lakin ermənilərin hücumu zamanı o minalardan biri də işləməyib. Əvvəla, briqada komandiri bunu sadəcə, sözlə soruşmamalı idi. Minalanmış sahənin xəritəsi olur, onu alıb nəzərdən keçirməli idi. Ən böyük cinayət, xəyanət nöqtəsi minalanmış sahənin işləməməsidir.

Mayın 1-dən mən mayor Daşdəmirovu və kapitan Quluşkovu göndərmişdim ki, gedin, minalanmış sahəni yoxlayın. Burada 3 adamdan biri yalan danışır və məsuliyyət daşıyır: ya mən tapşırıq vermişəm ki, yoxlama yalandan, formal olsun, ya Daşdəmirov sahənin minalanması barədə müsbət cavab verəndə yalan danışıb, ya da Orucov xəyanət edib. Mən bütün məhkəmə boyunca məhz bu məsələnin ciddi araşdırılmasını istəmişəm, Orucov və Daşdəmirovun üzləşdirilməsini tələb etmişəm. Amma məhkəmə bunu eşitmək istəmədi.

Başqa bir maraqlı məqam da var. Mayın 7-də Elbrus Orucov zəng edərək, “Şuşaya hücum gözlənilir” deyəndən 4 saat sonra 777 saylı hərbi hissənin 25 əsgəri məzuniyyətə buraxılıb. Özü də mənim əmrim vardı ki, bir nəfər də döyüşçü xəstəlik istisna olmaqla, evə buraxılmamalıdır. Bəs necə olub ki, bunları buraxıblar?

Şuşanı kimlər boşaldırmış?

- Bəs bütün bu işlərdə kimin marağı olub?

- Cinayət işində 777 saylı hərbi hissənin starşinası Sədirzadə Rövşən Sədi oğlunun ifədəsi var: Deyir ki, “Şuşanın müdafiəsinə Elçin (Elçin Məmmədov - 777 saylı hərbi hissənin komandiri) başçılıq edirdi. Bütün hərəkətlər onun göstərişləri ilə həyata keçirilirdi. 7 mayda o, Şuşada yox idi. Qrantamyotları həmin gün anbara yığdılar və heç kimə vermədilər. Hərbi texnikanı, canlı qüvvəni azaltmışdılar. Avtomatların nişangahlarını çıxartmışdılar”.

Istintaqa verilən bu cür dəhşətli ifadəni heç kim araşdırmayıb. Bu cür məsələlər qalıb kənarda, hamı mənə sual verir ki, niyə Şuşaya kömək yollamamısan?

Heydər Əliyev ermənilərlə atəşkəs elan etmişdi

Axı Şuşada olan qüvvələr azı 10 gün müdafiə üçün kifayət edirdi...

Iş materiallarında 811 saylı Laçın alayının qərargah rəisi Nağıyev Rafiq Heydər oğlu ifadəsində bildirir ki, 7 mayda artıq Şuşa ərazisindəki birləşmələr oranı tərk edirdilər - döyüş başlamamış. Şuşa və Laçın arasında tutulan əsgərlər getmələrinin səbəbini Elbrus Orucovla yerli komandirlər arasındakı güclü narazılıqla izah ediblər. Çox təəssüflə qeyd etməliyəm ki, saxlanılanların əlində silah və icazə kağızları vardı".

Təsəvvür edirsizmi, əsgərlərin əllərində icazə kağızı olub. Bundan başqa, Elbrus Orucov bir dəfə də olsun, yerli komandirlərlə aralarında narazılıq olduğunu mənə məruzə etməyib.

“Dünyanın bir nömrəli siyasətçisi” Heydər Əliyevlə bağlı bir faktı bu işlə əlaqəli sayaraq açıqlayıram. “Vışka” qəzeti 12 may 1992-ci il tarixli sayında “Reuters” agentliyinə istinadən onun bəyanatını yayıb (qəzeti göstərir). Bəyanatda general Heydər Əliyev deyir ki, Azərbaycan Şuşanı itirib, ölkədə hakimiyyət yoxdur, özbaşınalıqdır və Azərbaycan o qədər zəifdir ki, Qarabağ uğrunda mübarizəni aparmağı bacarmır. Bu açıq mətnlə ermənilərə məlumat vermək idi.

Həmin ərəfədə də Heydər Əliyev ermənilərlə atəşkəs razılığına gəlmişdi. Bunun nəticəsində ermənilər 400 kilometrlik Naxçıvan-Ermənistan sərhədindəki qüvvələri yığıb göndərmişdi Qarabağa...

(Ardı var)

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Arba'een
Mourining of Imam Hossein
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib