Yaxın keçmişimizin tozlu səhifələrində nələr gizlənir?

Əliyev və Şevardnadze: beşillik planlar və Tiflis bazarındakı azərbaycanlılar

  • News Code : 304297
  • Source : Azadliq
Mühacir polkovnikimiz ən yeni tariximizə işıq tutmaqda davam edir

Azərbaycan Milli Ordusunun sabiq korpus komandiri, hazırda mühacir həyatı yaşayan İsa Sadıqov Azərbaycanın yaxın keçmişində baş verən, üstü bağlı tarixi olaylar barədə silsilə yazısının “Azadlıq”da dərcini davam etdirir. İ.Sadıqov bu olayların canlı şahidi olub və görüb-bildiklərini qələmə almaqdadır.

Sabiq korpus komandiri silsilə yazılarının ikinci hissəsinə iki qonşu respublikanın – Azərbaycan və Gürcüstanın keçmiş rəhbərlərinin ta SSRİ vaxtına qədər gedib çıxan müqayisəsindən başlayır.

əvvəli ötən saylarımızda

Bu hissədə iki qonşu respublikanın rəhbərləri haqqında söhbət gedəcək: Eduard Şevardnadze və Heydər Əliyev haqqında. Bir qədər keçmişdən başladığıma görə oxucuları yormayacağıma əminəm, çünki bu keçmiş çox qəribə təzadlar doğuran və qəribə uyğunsuzluqlar yaradan qanunauyğunluqlarla zəngindir...

Mən Gürcüstanda doğulmuşam, orada boya-başa çatmışam, Gürcüstanı tarixi vətənim qədər sevirəm və heç zaman Azərbaycan və Gürcüstan arasında fərq qoymadan hər iki ölkəni sevmişəm. Hətta ən çətin zamanlarda da bütün varlığımla çalışmışam ki, Gürcüstana öz imkanlarım daxilində yardım edim. Taleyin iradəsi ilə xoşbəxtlikdən, bu iki Qafqaz dövləti arasında həmişə yaxşı münasibətlər olub, xüsusilə ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində, müharibələrin hər iki ölkənin xalqını imtahana çəkdiyi zamanlarda da bu münasibətlər bəlli bir tarazlıqda qorunub saxlanılıb. Mən gürcülərin və rusların bir yerdə yaşadığı yerdə doğulmuşam və böyümüşəm. Orada azərbaycanlıların sayı çox deyildi. Biz orada məskunlaşanda da kimsə bilmirdi ki, mənim atamın əcdadları ötən əsrin əvvəllərində Gədəbəydən, anamın əcdadları isə Gürcüstanın Saqareco bölgəsinin Muğanlı kəndindən gəlmişlər. Hamıya yaxşı tanış olan pəhləvanlar- Rəşid və Cümşüd Yusifovlar anamla əmiuşağı olublar. Biz rus və gürcü dillərində təhsil alırdıq, orada Azərbaycan məktəbi yox idi və buna görə də ana dilimizdə yalnız evdə danışırdıq. Orada gürcülər bizi tatar (tatrebi), ermənilər isə türk adlandırırdılar. Uşaq vaxtlarımızda bu sözlər bizi qıcıqlandırırdı və bəzən hətta bu zəmində əlbəyaxa savaşlara qədər gedib çıxırdıq. Amma bütün bunlara baxmayaraq, biz bir yerdə böyüyür, bir-birimizlə dostluq edir, bir-birimizin evinə qonaq gedirdik, hətta çoxlu sayda qarışıq ailələr də vardı. Bir qədər böyüyəndən sonra çox asanlıqla müşahidə edirdik ki, bu xalqların məişətində və mədəniyyətində demək olar ki, heç bir ciddi fərq yoxdur. Sadəcə dil və din fərqi vardı və o qədər. Amma bu fərqlərə də kimsə ünsiyyət və ya təmas adına ciddi əhəmiyyət verməzdi. Demək olmaz ki, hər şeyimiz vardı, amma ümumən pis yaşamırdıq. Eyni zamanda, bizlərdən hər birimizin içində müdhiş bir Bakı sevdası vardı. Bizim hamımız hətta heç zaman görmədiyimiz Bakını daim özlər, orada olmaq, orada təhsil almaq, oradakı insanların arasında yaşamaq kimi duyğuları arzularımızın ən şirinləri arasında bəslərdik. Azərbaycanla bağlı nə vardısa, nə eşidirdiksə, bizim üçün müqəddəs idi, sehrli idi, əlçatmaz dərəcədə pak idi. Şübhəsiz, bu, doğal bir isrək idi, doğal bir sevgi idi.

O zaman bunları dərk etməyəcək qədər balacaydıq

Azərbaycanla bağlı hər şey bizi sevindirərdi. Məsələn, filmlər. “Azərbaycan filmi göstəriləcək” xəbəri yayılanda bütün qəsəbə uşaqdan-böyüyə oraya gedərdi. Hər kəs öz tarixi Vətənini daha çox sevmək, daha yaxından tanımaq üçün can atardı. Xatırlayıram ki, hər gün axşam xəbərlərindən sonra əsasən aşıq musiqisi verilərdi. Xatırlayıram ki, valideynlərim və bütün böyüklər radionun böyrünü kəsdirib dövrə ilə oturardılar ki, xəbərlərdən sonrakı musiqi verilişinə qulaq assınlar. Nəyə görəsə, aşıq musiqisini dinlədikcə onların hamısının gözləri yaşarardı. Biz hələ çox balacaydıq və bu hikməti dərk etmirdik ki, bizim anlamadığımız bu sözlərin hansı gücü vardı ki, bizim böyüklərimizi ağlatmağa belə yetirdi. 

Heydər Əliyevin ordenləri və bayraqları

Onu da xatırlayıram ki, adamlar hətta Azərbaycanın 5 illik planları vaxtından əvvəl yerinə yetirdiyi barədə rəsmi, heç bir hissiyat bildirməyən məlumatları belə həyəcanla qarşılayırdılar. Biz də fəxr edərdik ki, Azərbaycan bir daha, yenidən bu beşillik planı daha tez yerinə yetirərək bizim üçün anlaşılmaz olan bu yarışmanın qalibi olub, daha bir mükafat Azərbaycanın rəhbəri Əliyevə təqdim edilib. Brejnevin Azərbaycana növbəti bir səfəri təşkil edilib: bu məlumat gürcüləri nə qədər dilxor etsə də...

Xatırlayıram ki, bu uğurlar toyda da, yasda da, bütün yığıncaqlarda da beləcə müzakirə edilirdi. Gürcülər isə hərdən Azərbaycanın “uğurları” barədə bu xəbərlərə həsədlə yanaşırdılar.  Xatırlayıram ki, Heydər Əliyevin qurultaylarda və başqa mötəbər partiya yığıncaqlarında etdiyi 5 illik planın uğurla yerinə yetirildiyi haqqında “parlaq və alovlu” çıxışlarını dinləyər, yoldaş Brejnevin Azərbaycana gətirdiyi keçici qırmızı bayraqlarla qürrələnərdik. Bütün bunlar bizi hüdudusuz dərəcədə sevindirər və bizə elə gələrdi ki, biz əlbəttə, gürcülərdən daha yuxarıda dayanırıq və onlardan daha yaxşıyıq. Amma bunlar hamısı bizim uşaqlıq duyğularımız idi.

Biz, əlbəttə Eduard Amvrosiyeviçin də çıxışlarını dinlərdik. Bu çıxışlar o qədər də ibarəli, gurultulu, SSRI və Sov. IKP rəhbərlərinin ünvanına yönəlik qanadlı ifadələrlə zəngin olmurdu. Bizə elə gəlirdi ki, Şevardnadze incikdir, Əliyev kimi qələbə raportları verə bilmədiyinə görə onun çıxışları da belə sönük olur: Gürcüstan bu qədər qələbə şansını əldən verdiyi üçün onun çıxışları belə mütəvazi olur deyə düşünürdük.

Tbilisidə azərbaycanlı “turistlər”

Amma Gürcüstanda da həyat qaynayırdı, axı. Tikinti abadlıq işləri isə yalnız iri şəhərlərdə deyil, hətta ən ucqar kəndlərdə də intensiv şəkildə aparılırdı. Yollar çəkilir, şəktəblər, uşaq baxçaları, idman kompleksləri tikilirdi. Xüsusilə, Qərbi Gürcüstan təsviredilməz dərəcədə gözəl idi, gözəl şəhərlər və qəsəbələr vardı. Mağazalarda tapılmayan heç nə yox idi. Tbilisi yalnız Qafqazda deyil, bütün SSRI-də ən gözəl şəhərlərdən biri hesab olunurdu.

Biz tez-tez Tbilisiyə gedərdik. Sadəcə gəzməyə, imkanımız olsa, nələrisə almağa gedərdik. Hər dəfə Tbilisiyə gedəndə Azərbaycandan gələn çoxlu sayda adamlar, maşınlar görərdik.  Əlbəttə, biz məmnuniyyətlə onlara yaxınlaşır, Azərbaycan haqqında, Azərbaycanda əldə edilən böyük uğurlar haqqında onlarla söhbət etmək istərdik. Uğurlar barədə nəsə soruşmaq istəyəndə, söhbət buralara gəlib çatanda onların əksəriyyəti başlarını aşağı salmağa, susmağa üstünlük verərdilər. Xatırlayıram ki, onlar hər şey almağa çalışardılar: kisələrlə ət, yeşiklərlə qənd və ya kərə yağı... Xatırlayıram ki, o zaman bir yeşik kərə yağı Tbilisidə 25 rubla, Azərbaycanda isə 75 rubla olduğunu deyirdilər.  Hər şeyi alır, maşınların baqajlarını ağzına qədər doldururdular. Bu, çox qəribə mənzərə idi. Yerinə yetirilmiş, əlavə öhdəliklərlə doldurulmuş planlar, qələbə raportları, keçici qırmızı bayraqlar, orden-medallar və burada Tbilisidə acgözlüklə hər şeyi alan insanlar dəhşətli bir kontrast yaradırdılar.

 

ardı var

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib