Hamam Hamam İçində...

Vətənşüvənliyin yeni növü

  • News Code : 297057
  • Source : Haqq Yolu
Mənə ən təəccüblü gələn bir də odur ki, Novella Cəfəroğlu başda olmaqla, özünü hüququn müdafiəçiləri sayan bir çoxları niyə beynəlxalq təşkilatlarda hakimiyyətin tənqidini Azərbaycanın tənqidi kimi qavrayırlar. Bu hakimiyyətin Azərbaycanla, Azərbaycanın dərdləri, qayğıları, problemləri ilə nə əlaqəsi var? Ümumiyyətlə, antiAzərbaycan ruhlu bir hakimiyyətlə Azərbaycanı eyniləşdirməkdə sizlərin məqsədi, marağı nədir, hörmətli Novella xanım?

Ölmədik, absurdun bu qədərini də eşitdik. Stajlı hüquq müdafiəçisi Novella Cəfəroğlunun dünənki “Bizim yol”a müsahibəsində dediklərini nəzərdə tuturam. Sitat: “Hakimiyyəti Azərbaycanın içində tənqid eləmək lazımdır, beynəlxalq təşkilatlarda yox”.

Mən əminəm ki, bu məntiqin, daha doğrusu, məntiqsizliyin dünyada analoqu yoxdur. Belə görünür ki, hakimiyyətin “analoqsuzluq siyasəti” artıq stajlı hüquq müdafiəçisini də cəzb etməyə başlayıb. Xeyirli-uğurlu olsun, nə deyirik.

Amma hər halda Novella Cəfəroğlu aydınlaşdırmalıdır görək, o bu açıqlaması ilə nə demək istəyir? Ümumiyyətlə, “Hakimiyyəti Azərbaycanın içində tənqid eləmək lazımdır, beynəlxalq təşkilatlarda yox” nə deməkdir? Bəs beynəlxalq təşkilatlarda nə etmək lazımdır? Hakimiyyəti tərifləməkmi? Rejimin əl-üzünü yumaqmı? Ümumiyyətlə, bir insan nə qədər onursuz və onurğasız olmalıdır ki, ölkənin içində hakimiyyəti tənqid eləsin, amma məsələn, Avropa Şurasına gedəndə 180 dərəcə dönsün, tənqiddən vaz keçsin?

Biz “Prezident yaxşıdır, ətrafı pis” nağılını çoxdan eşitmişdik, görünür, bu da təzə nağıldır: 2Hakimiyyət Azərbaycanda pisdir, amma beynəlxalq təşkilatlarda yaxşı".

Əslində mən başa düşürəm, stajlı hüquq müdafiəçisinin bu məntiqsizliyinin arxasında nə yatır. Bu, Azərbaycansayağı urpatriotizmin yeni növüdür. Və yalnız Novella xanımın timsalında təcəlla etmir, bir xeyli bu cür düşünən hüquq müdafiəçisi, ziyalı-miyalı var. Guya biz ölkənin problemlərini elə ölkənin içində müzakirə etməliyik, amma ölkədən kənara çıxan kimi “Azərbaycanın ümummilli maraqları naminə” iqtidar-müxalifət söhbətini bir kənara qoymalıyıq, məmləkətin eyiblərini ört-basdır etməliyik.

Mən indi buradan belə vətənşüvənlik haqqında beş-üç babat cümlə yazardım, amma qəzetin azyaşlıların da əlinə düşə biləcəyi ehtimalını nəzərə alıram.

Deməli, bu urpatriotların məntiqinə görə, ölkədəki bu nəhəng korrupsiya piramidası, hüquqsuzluq, ədalətsizlik dalğası Azərbaycanı dünyada biabır eləmir, amma bunu tənqid etmək antiAzərbaycan fəaliyyətidir. Seçkiləri saxtalaşdırmaq, sifarişli məhkəmə hökmləri çıxarmaq, tənqidçi səsləri susdurmaq, Respublikaçılığı dəfn etməyə, yerində monarxiya qurmağa çalışmaq bizi dünyaya güldürmür, amma bunları dilə gətirmək Azərbaycana qarşı olmaqdır. Məntiqinizi sevsinlər sizin, nə deyim başqa.

Ona qalsa, Ilham Əliyev də xarici səfərlərə getməsin, çünki hərdən orada da ona köntöy suallar verirlər, biabır oluruq. Bəlkə Avropa Məhkəməsinə də şikayət yerinə “Yaşa, prezidentim, yaşa” janrında mədhiyyələr yazıb göndərək? Bəlkə Azərbaycanın sərhədlərini yerli-dibli dünyaya bağlayaq, ölkədən qırağa şikayət nədir, heç quş da uçmasın, beləcə, bu bir ovuc adam bizi rahatca minib-çapsın, millətin sərvətlərini dədə malı kimi yağmalasın, dünyada da heç kimin bundan xəbəri olmasın, beləcə, dost-düşmən yanında biabır olmayaq. Bunu istəyirsinizsə, açıq-açıq deyin, camaat da işini bilsin.

Bəlkə ümumiyyətlə, Azərbaycanı hamıdan gizlədək? Ölkənin üstünə çadır çəkək, onu qar-qamışla, kol-kosla örtək, heç kim heç nə görməsin. Heç kim heç nə bilməsin. Hə, nə deyirsiniz?

Mənə ən təəccüblü gələn bir də odur ki, Novella Cəfəroğlu başda olmaqla, özünü hüququn müdafiəçiləri sayan bir çoxları niyə beynəlxalq təşkilatlarda hakimiyyətin tənqidini Azərbaycanın tənqidi kimi qavrayırlar. Bu hakimiyyətin Azərbaycanla, Azərbaycanın dərdləri, qayğıları, problemləri ilə nə əlaqəsi var? Ümumiyyətlə, antiAzərbaycan ruhlu bir hakimiyyətlə Azərbaycanı eyniləşdirməkdə sizlərin məqsədi, marağı nədir, hörmətli Novella xanım? Onda belə çıxmırmı ki, mən hansısa beynəlxalq təşkilatda Azərbaycanı sevdiyimi deməməliyəm, dilə gətirməməliyəm, çünki sizin məntiqlə bu, mənim bu hakimiyyəti də sevməyim anlamına gəlir.

Ayıbdır, ayıb! Kiminsə artıq həyatda başqa təmənnaları, başqa umacaqları varsa, bunu vətənpərvərliyin-zadın arxasında gizlətməsin. Dürüst olsun, dilinin altındakı paxlavanı çıxarsın. Özləri də rahatlasın, biz də.

Onsuz da bu ölkənin yaxın tarixi neçələrinin vətəni sevə-sevə axırda gedib saxta deputat mandatını, “Şöhrət” ordenini sevməsi ilə doludur. Məsələn, Çingiz Qənizadə. Amma artıq köhnəlib o.

Adam hərdən təzələri üçün darıxmağa başlayır.

 

Elnur Astanbəyli

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib