?>
Şəhidlərlə Tanışlıq

Şəhid Əli Təcəllayinin xatirə və əlyazmaları (4-cü bölüm)

Şəhid Əli Təcəllayinin xatirə və əlyazmaları (4-cü bölüm)

Əli həmişə mənə deyirdi: "Mənim şəhid olduğumu eşidəndə necə reaksiya verməyin çox önəmlidir. Gərək Allaha sübut edəsən ki, Onu məndən çox sevirsən". Həmin gün bir neçə dəfə başımı divara söykəyib bir-birinin ardınca, "Əlhəmdülillah" dedim. Anam qorxdu ki, birdən halım pis olar. Mənə dedi ki, qızım, ağla, qışqır. Lakin mən ağlaya bilmirdim, yalnız "Əlhəmdulillah" deyirdim. Dostlarımdan soruşdum ki, cəsədi qalır, yoxsa yox? Başlarının işarəsi ilə bildirdilər ki, qalır. Dedim: "Xudaya, Sənə şükür! Deməli, onu bir də görə biləcəm".

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın Mədəniyyət Bölümü: Qarşınızdakı bu yazı “Eşqin təcəllası” adlı kitabdan iqtibas edilib.

Əvvəli ötən buraxılışımızdadır.


Əlhəmdülillah

Nəsibə Əbdüləlizadə

1985-ci ilin novruz bayramı idi. Baharın gəlişinə üç saat qalırdı. Uşaqların paltarlarını dəyişdirmişdim. Dostlarımın bir neçəsi qapının zəngini vurub içəri girdi. Halları çox da yaxşı deyildi, narahat görünürdülər. Soruşdum ki, əməliyyatdan nə xəbər var? Dedilər ki, uşaqların çoxu şəhid olub. Onlar ağa Mehdi Bakirinin də şəhid olduğunu söylədilər. Çox narahat oldum. Əlinin bu əməliyyatda Bakirinin yanında olduğunu bildiyimə görə soruşdum: "Əli də şəhid olub?" Dinməyib başlarını aşağı salanda isə cavabımı aldım.

Əli həmişə mənə deyirdi: "Mənim şəhid olduğumu eşidəndə necə reaksiya verməyin çox önəmlidir. Gərək Allaha sübut edəsən ki, Onu məndən çox sevirsən". Həmin gün bir neçə dəfə başımı divara söykəyib bir-birinin ardınca, "Əlhəmdülillah" dedim. Anam qorxdu ki, birdən halım pis olar. Mənə dedi ki, qızım, ağla, qışqır. Lakin mən ağlaya bilmirdim, yalnız "Əlhəmdulillah" deyirdim. Dostlarımdan soruşdum ki, cəsədi qalır, yoxsa yox? Başlarının işarəsi ilə bildirdilər ki, qalır. Dedim: "Xudaya, Sənə şükür! Deməli, onu bir də görə biləcəm".
 
Bahar fəsli girəndən sonra telefonun zəngi çalındı. Çox həyəcanlı idim. Qonaqlara dedim: "Gördünüz, səhv etmisiniz! Əli zəng vurub, bayramı təbrik etmək istəyir". Lakin dəstəyi götürəndə bildim ki, Xatəmül-ənbiya qərargahından ağa Astaneyidir. Dedim ki, ağa Astaneyi, biz hər şeyi bilirik. Dedi: "Onun “şami-qəriban”ı nə vaxtdır?” Bunu deyəndə dəstək əlimdən düşdü. Bacım dəstəyi götürüb dedi: "Siz niyə Əli ağanın xanımı ilə belə danışırsınız?!" Cavab verdi ki, onun Əli ağanın xanımı olduğunu bilsəydim, belə deməzdim. Yenə dəstəyi alıb soruşdum ki, ağa Astaneyi, Əlinin cəsədi gəlib, yoxsa yox? Dedi ki, yox, hacı xanım. Soruşdum: "Niyə? Yoxsa cəsədi parçalanıbmı?" Dedi: "Yox, qorxmayın, güllə Əlinin ürəyinə dəyib, amma uşaqlar onu geri gətirə bilməyiblər".

***

Müharibədən illər ötürdü. Bir gün Hənnanə məktəbdən gələndə hönkürtü ilə ağladığını gördüm. Nə baş verdiyini soruşanda dedi ki, darıxıram. Məktəbdə nəsə bir hadisə baş vermişdi. Dedim ki, danış, görüm nə olub. Dedi ki, mən atamla danışmaq istəyirəm. Əlinin şəklini göstərib dedim: "Get, danış". Dedi ki, şəklini istəmirəm, qəbrini istəyirəm. Dedim ki, gəl, mənə de, mənimlə danış. Dedi: "Yox, səndən yorulmuşam, sənə demək istəmirəm. İstəyirəm ki, gedib məzarı başında atamla danışım".
 
Övladın adamdan mümkün olmayan bir şey istəməsi çox ağırdır. Hənnanəyə dedim: "Təəssüf ki, bu, mümkün deyil. Keç otağa, istədiyin qədər ağla". Hənnanə otağa girib ucadan ağlamağa başladı. İstəyini yerinə yetirə bilmədiyim üçün mən də onunla birlikdə ağlayırdım. Uşaq o qədər ağladı ki, axırda onu yuxu tutdu.

Axşamüstü saat 17:30 dəqiqədə telefonun zəngi çaldı. Dəstəyi götürdüm. Hacı Behzad Pərvinqüds idi. O, həmişə deyirdi: "Hacı xanım, axtarış qrupunun uşaqları Əlinin cəsədini axtarmağa gedəcəklər". Mən də deyirdim: "Hacı ağa, sən Allah, əgər mümkündürsə, bunu etməyin. Mən Əlinin sümüklərini görməyə dözə bilmərəm. Onun cəsədinin cəbhədə olması mənə daha rahatdır. Hər bir şeyin dözüm həddi var. Mən hiss edirəm ki, Əlinin cəsədini görməyə dözə bilmərəm".

Fikirləşdim ki, yəqin, Hacı Behzad bundan ötrü zəng vurub. Salamlaşandan sonra dərhal dedim: "Hacı ağa, əgər mümkündürsə, Əlinin cənazəsini axtarmağa getdiyinizi söyləməyin. Əlinin anası vəfat edib, atası da xəstədir. Əgər mənim üçündürsə, mən belə rahatam və Əlinin o torpaqlarda qalmasını istəyirəm". Hacı Behzad dedi: "Yox, hacı xanım, əgər icazə versəniz, biz uşaqlarla birlikdə Əli ağaya bir məzar düzəltmək istəyirik". Bunu deyəndə məni ağlamaq tutdu. Ağlamaqdan danışa bilmirdim.
 
Hacı Behzad mənim narahat olduğumu düşünüb dedi: "Problem deyil, əgər istəmirsinizsə, bunu etmərik". Dedim: "Yox, hacı ağa, iki-üç saat qabaq bu qız məndən atasının məzarını istəyirdi. İndi mən ağlamayım, neyləyim?! Gör, Allah bu uşağın sözlərini necə eşidir ki, bu tezliyə zəng vurub Əliyə məzar düzəltməyinizi deyirsiniz! Siz bununla mənim qızımı xoşbəxt etmiş olarsınız". Hacı Behzad çox təsirləndi, bir qədər sonra dedi: "Maraqlıdır ki, seçdiyimiz yer naməlum şəhidlərin düz ayaq tərəfindədir, Əlinin məzarını ziyarət etmək istəyən hər kəs əvvəlcə naməlum şəhidlərin yanından keçmiş olacaq". Çox sevinib razılığımı bildirdim.

On bir gün ərzində Əlinin xatirəsinə çox gözəl bir lövhə hazırlandı. Ondan sonra hər dəfə darıxanda oraya gedirik. Bəzən qızıma məzarın boş olduğunu söyləyəndə hirslənir, narahat olub deyir: "Yenə bunu dedin?! Hardan bilirsən ki, atam məzarda deyil?!



Qıza məktub

Allahın adı ilə

Əziz qızım Məryəmə vəsiyyətnamə


Salam, qızım! Bilirəm ki, hələ balacasan və məni xatırlamırsan. Lakin böyüyəndə atanın necə və nə üçün şəhid olduğunu bilmək istəyəcəksən. Bil ki, sənin atan bir pasdar olub; gərək sən də atanın qanının pasdarı - keşikçisi olasan.

Qızım! Bilirəm ki, yetim böyümək, yetim yaşamaq çətindir, lakin bil ki, Hüseyn, Həsən və Zeynəb də yetim olubdur. Hətta əziz İslam Peyğəmbəri həzrət Məhəmməd (s) də yetim böyümüşdür. Qızım, nə vaxt darıxsan, narahat olsan, atasının şəhadətindən sonra Şamın xarabalıqlarında aclıq və susuzluq qorxusundan can verib atasının görüşünə gedən Hüseyn qızını yadına sal. Onda qəlbin bir qədər sakitləşəcək.

Qızım, yetim olduğuna görə heç vaxt başıaşağı olma, əksinə, bununla fəxr elə, bunu yaxşı qoru və bil ki, atan bu yolu boşuna qəbul etməyib. Biz əziz İslam, indiki və gələcək nəsil önündə məsuliyyət hiss etdik və bu məsuliyyəti yaxşı şəkildə yerinə yetirmək qərarına gəldik. Axı, qızım, Qurana və İslama görə, insan yalnız özünə və ailəsinə deyil, həm də yaradanına və cəmiyyətinə məxsusdur. Biz qərara gəldik ki, bu vəzifəni yaxşı yerinə yetirək; qərara gəldik ki, Allahın dininin müdafiə edək, qoruyaq.

Qızım, biz öz yolumuzu və ABŞ-ın, SSRİ-nin, İngiltərənin, Fransanın və digərlərinin başçılıq etdiyi beynəlxalq imperializmi tanımışıq, qərara gəlmişik ki, damarlarımızda qan qalınca beynəlxalq imperializmin, inqilabın və İslamın inkişafı yolunda maneə olan hər bir şeyin məhvi naminə dayanmayaq. Lakin, qızım, biz hamımız bu dərsi öz ruhani atamız İmam Xomeynidən və İmam Hüseynin (ə) Kərbəla məktəbindən öyrənmişik.

Qızım, bil ki, bu inqilab qiyamətə qədər qalacaq. Bu məktəb məqsədlilik, fədakarlıq, ixlas, cəsarət və şəhadət məktəbidir. Müəllimi Hüseyn və Zeynəb olan bu məktəb insana Allahın hökmlərinin icrası və Quran məktəbinin yaşaması üçün necə candan keçməli, İslam ağacının boy atması üçün necə mübarizə aparmalı olduğunu öyrədir.
 
Bu məktəb inqilabın və şəhidlərin varisi olan sənə atanın qanının mesajını necə çatdırmalı olduğunu öyrədir.

Qızım, bil ki, İslam inqilabı islahatçıların, məzlumların, mübarizlərin və dirilərin inqilabıdır; zülmə və azğınlığa qarşı dirəniş inqilabıdır. Qızım, Kərbəla məktəbindən – eşq, məhəbbət, ədalətsevərlik, zülm və azğınlığa qarşı mübarizə məktəbindən qaynaqlanan bu inqilabın tarixini yaxşı öyrən. Kərbəla isə azadlıq, mənəviyyat, hər bir dövrdə zülmlə barışmazlıq, yanmaq, amma ah çəkməmək məktəbidir. Bu məktəbdən dərs al, onu həyatının örnəyinə çevir və bil ki, biz qanımızı sizin qanınız rənglənsin deyə qurban vermişik. Biz qaranlıqları qəbul etmişik ki, sizin yolunuz aydın olsun. Qızım, bu inqilabın və öz cəmiyyətinin nailiyyətlərini, bir şəhid qızı kimi vəzifə və öhdəliklərini diqqətdə saxla. Məbada dünyanın maddi gözəllikləri bu inqilabın, bu şəhadət məktəbinin qəhrəmanlığını yadından çıxara və qüdrət dolu ruhunuzu sizdən ala!

Qızım, nə vaxt darıxsan, Aşura ziyarətnaməsini oxu, tarixin bütün şəhidlərinin rəhbəri olan Hüseynin müsibətlərinə bax, düşün, şəhid qızları ilə görüş və həmsöhbət ol. Ümidvaram ki, gələcəkdə atana layiqli varis olasan.

Qızım, bil ki, cismim səndən uzaq olsa da, həyatının bütün dövrlərində – uşaqlığında, yeniyetməliyində, nişanında, toyunda hazır olacağam, əməllərinə, həyat tərzinə baxacağam. Çünki şəhidlər həmişə diridirlər. Ümidvaram ki, həyatında şad, xoşbəxt, Allahın itaətkar bəndəsi və axirətdə üzüağ olasan!

“Ey Rəbbim! Məni də, nəslimdən olanları da namazqılan et. Ey Rəbbimiz! Duamı qəbul elə!”


Atan Əli Təcəllayi
26.05.83




Şəhid Əli Təcəllayinin birinci vəsiyyətnaməsi

Bismillahir-Rəhmanir-Rəhim.

"Küfr başçıları ilə vuruşun. Onların, həqiqətdə, andları (əhdləri) yoxdur"; "Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun"; "Fitnə aradan qalxana və din (ibadət) ancaq Allaha məxsus olanadək onlarla vuruşun"; “Onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rüsvay etsin, sizi onlara qalib edib möminlərin ürəklərini fərəhləndirsin”.

Ümmət imamı, İmam Mehdinin (ə) qanuni nümayəndəsi, Hüseyn (ə) övladı, məzlumların, çarəsizlərin ümidi, yetimlərin və şəhid övladlarının atası olan Böyük İnqilab Rəhbərinə salam olsun!

Salam sənə, ey Allah nişanı, dövrün höccəti! Sənə Məhəmməd və Ali-Məhəmmədin (s) salamı olsun! Sən bizim xalqımızı illərlə yatdığı qəflət yuxusundan oyatdın, bu hərəkətdə məqsədimizi göstərdin, ona nail olmağın yolunu, sükutu, məktub yaymağı, bəyanat verməyi, həqiqətləri söyləməyi və nəhayət, qiyam, inqilab və mübarizə yolunu göstərdin. Sən Kərbəlanı və onun yardımçılarını, habelə münafiqləri, əhdi pozanları və zalımları bizə tanıtdırdın, paklıq və şəhadət yolunu, şəhadətə eşqi və düşmənin puçluğunu göstərdin.

Ey imam! Ey ümmətin rəhbəri! Ey ruhani ata! Sən öz sözlərinlə bizim tağut nəfslərimizi pakladın! Bil ki, son damla qanıma qədər sənin əmrinə tabe olacağam. Allaha and olsun, səninlə bağladığım əhddən bir an da dönməyəcəyəm və bədənimdən axan son damla qan "Allahu-əkbər! Xomeyni rəhbər!" yazacaq. Çünki mən bu vəfadarlığı Kərbəla məktəbindən, İmam Hüseynin (ə) bayraqdarından öyrənmişəm, ağamız Şəhid Ayətullah Behiştidə görmüşəm. Ey ümmət imamı və məzlumların ümidi! Bil ki, mən sənin təqlidçin və itaətkarınam. Bu isə elə Allah rəsulu Məhəmmədə (s) itaətdir. Son damla qanım yerdə "Allahu-əkbər! Xomeyni rəhbər!" yazana qədər sənin əsgərin və sən mənim komandirim olacaqsan!
 



Əziz atam və anam!

Bilirəm ki, qardaşım Mehdinin şəhadət acısı hələ ürəyinizdən çıxmayıb. Mənim və qardaşımın şəhidliyinə görə qəmgin olmayın, ağlamaq istəyirsinizsə, şəhidlər rəhbərinin və Əhli-beytin müsibətinə ağlayın. Siz bizdən ötrü ağlamamalısınız, çünki biz zavallı və aciz ölülər deyilik. Aciz olana, ilahi hidayət işığını itirənə və düzgün yoldan yayınana ağlamaq lazımdır. Biz, ilahi vəzifə olaraq, canımızı, qanımızı qurban verməklə beynəlxalq imperializmi yerə yıxdıq, zalım tiranlara qalib gəldik. Belə olduqda isə, bizdən ötrü ağlamaq rəvadırmı?! Əsla! Üzünüz gülsün, qürur hissi keçirin, sevinin ki, İslamın tərbiyəvi proqramları sayəsində vilayət və imamət xəttində olan övladlar yetişdirə, İbrahim kimi öz İsmayılını peyğəmbərlər inqilabının davamı olan İslam inqilabının Kərbəlasına qurban verə bilmisiniz!

Atam və anam! Mənə, Mehdiyə və digər şəhidlərə nəinki ağlamayın, hətta bizim məzarımızı da axtarmayın. Çünki biz hamımız bir yerdə, bir yataqda, bir-birimizin yanında yatmışıq.

Atam və anam! Bizim şəhidliyimiz sizi şəhid ailəsi kimi təkəbbürlülüyə düçar etməsin. Bu, şeytanın insan ruhuna qələbəsi deməkdir. Həm də bizi itirdiyinizə və bizə ağladığınıza görə savab da istəməyin, bizim yolumuza – İslam yoluna qədəm qoymağa çalışın, əziz imamımızı tək qoymayın, bizim nə üçün şəhid olduğumuz, öz məşuqumuza qovuşmaqdan ötrü hansı yolu seçdiyimiz haqda düşünün.

Sonda mənim, qardaş və bacılarımın tərbiyəsi üçün çəkdiyiniz illərlə zəhmətlərdən ötrü sizə təşəkkür edirəm, sizdən istəyirəm ki, öz lütfünüzlə haqqınızı halal eləyə və Allah-Taalanın günahlarımdan keçməsi üçün dua edəsiniz!


Övladınız Əli
 



Həyat yoldaşım N. S.!

Salam! Bilirəm ki, məndən sonra ağır məişət problemləri ilə üzləşəcəksən. Lakin yaxşı bilirsən ki, sən və mən Hüseyn (ə) və Zeynəb (ə) məktəbinin məzunlarıyıq. Mən həmişə sənin kimi bir həyat yoldaşım olduğuna görə fəxr etmişəm. Evdə olmadığım müddətdə həyatın çətinliklərinə dözmüsən, qızıma həm ata olmusan, həm də cəmiyyətin, inqilabın və əziz İslamın dərdini anlayan məsuliyyətli və ayıq ana. Birgə yaşadığımız qısa müddətdə ailədən əlavə, həm də dost ola bildiyimizə görə sevinirəm. Allah sənə və həyat yoldaşlarını məqsədinə həvəsləndirən bütün xanımlara arxa-dayaq olsun!

Sən heç vaxt məqsədim yolunda maneə olmadın, mənim üçün şəhadəti eşq və ehtirasdan üstün tutdun. Mən bu mənəvi əlaqəyə görə həmişə Allaha şükür etmişəm! Lakin bil ki, digərlərinin asudə yaşaması üçün sənlə mən əziyyət çəkməliyik; sən mənim “şami-qəriban”ıma oturmalısan ki, digərlərinin şənlik çırağı yansın. Sən və qızımız Məryəm çətinliklərə razı olmalısınız ki, digərlərinin yaşayışı təmin olunsun. Sən və övladlarımız inqilabın gələcəyi üçün yaxşı ehtiyatlar olmalısınız.

Yeri gəlmişkən, Məryəmin tərbiyəsi üçün bir şəhid xanımı kimi səy göstər, inqilab və İslam düşmənlərinə qarşı nifrətimi övladıma öyrət, onu həzrət Zeynəb kimi atasının şəhadət mesajını daşıyan və layiqli bir qadın kimi yetişdir, uşaqlığından ona şəriət hökmlərini və İslam elmlərini öyrətməyə çalış. Məbada, məbada Məryəmin tərbiyəsi ilə bağlı səhlənkarlığa yol verəsən! Çünki bu, övladımızın həyatını məhv etmək deməkdir.

Xülasə, bil ki, Allah elçilərinin işinə bərabər ağır bir vəzifə, yəni təlim-tərbiyə məsuliyyəti daşıyırsan, İslam inqilabının öhdəçi və müsəlman qadını olaraq, üzərinə çox ağır vəzifə düşür. Sonda Allah-Taaladan sənə dünya və axirət xoşbəxtliyi arzulayıram.

Həyat yoldaşın Əli Təcəllayi




Şərafətli İran xalqı!

Salam!

Böyük İnqilab Rəhbəri İmam Xomeyniyə və şəhidpərvər ümmətə salam olsun! Sizə bir neçə sözüm var, ey İslam cəmiyyətinin fərdləri və bu qanlı bölgədə yaşayanlar! Siz bu döyüşçülərin, inqilab şəhidlərinin nə üçün və nədən ötrü ayağa qalxdıqlarını, kimin tərəfindən öldürüldüklərini bilirsiniz. Bilin ki, biz İslamın və İslam inqilabının şərəfi, sizin təhlükəsizliyiniz, azadlığınız və insan ləyaqətinin uca tutulması üçün ölümə getmişik. Biz Quran və peyğəmbərlər yolunun, sizin hörmət və namusunuzun qorunması üçün vuruşuruq. Biz İslam Respublikası Partiyasındakı əzizlərimizi Amerikanın daxildəki ünsürləri olan xalq münafiqləri tərəfindən partiya iqamətgahının dağıntıları altında itiririk, cümə imamlarımızı bu inqilabın yaşaması üçün Allah-Taalanın dərgahına təqdim edirik. Bizim evlərimiz başsız qalır, bu xalqın evi, yuvası dağılır, həyatını və əmlakını Amerika və iqtisadi terrorizm çapıb-talayır. Bizim gənclərimiz terror vasitəsilə, Amerika silahlarının atəşləri ilə şəhadətə qovuşurlar.

Nə üçün? – Sizin evlərinizin abadlığı, İslamınızın təhlükəsizliyi, düşmənin torpağınıza və namusunuza göz dikməsinin qarşısını almaq və nəhayət, əziz İslamın əsasnaməsini qorumaq, din və insan ləyaqəti ağacının suvarılması üçün!

Şəhidlər mübarizələri dövründə sizi xatırlayırlar, çalışırlar ki, yaşadıqları mühiti supergüclərin şərindən və fəsaddan təmizləsinlər. Onlar sizin ləyaqətli həyatınız və azadlığınız üçün çalışırlar. İndi isə həyatınızı insani və Quran həyatına uyğunlaşdırmaq, inqilabın nailiyyətlərini qorumaq, şəhidlərin ümmət imamının yolundan ibarət yoluyla getmək sizin vəzifənizdir. Bizi unutmayın. Bizim məqsədlərimizi və İslam inqilabı cəmiyyətinin dərdindən ibarət dərdimizi diqqətdə saxlayın, çalışın ki, şəhidlərin qanları hədər getməsin, İslam işığı həmişə yansın, sizin dəstəyinizlə ilahi ədalət hakim olsun.

Sizi Allaha and verirəm, ayıq olun, hidayət işığının sönməsinə, zalım və fasiqlərin İslam cəmiyyətimizi ələ keçirməsinə imkan verməyin. Özünüzü və bir neçə günlük həyatınızı düşünməyin. Ayıq olun, gələcəyi quran İslam və inqilab cəmiyyəti üçün çalışın. Digərlərinin yoluna işıq tutun, insanlara doğru yolu göstərin.

Bu vəsiyyətləri eşidənlər və ya oxuyanlar! Bilin ki, bu inqilab və hərəkat ilk və son olmayıb, olmayacaq. Bu inqilab Hüseyn (ə) inqilabından doğub, yenə də doğacaq. Lakin bu ilahi əmanət sülh və təslimçilik yoluyla əldə olunmayıb və olunmayacaq. Bu inqilabı şəhidlərin qanı qoruyur, onun mühafizəçisi Allahdır, zülmkarların gecə-gündüzü qara olmayınca da yaşayacaq, davam edəcəkdir. Odur ki, ümmət imamının Quran və peyğəmbərlər sünnəsindən qaynaqlanan müraciətlərinə ürəkdən əməl etməyə çalışın. Həzrət Mehdinin (ə) zühuruna qədər ümmət imamına və fəqih vilayətinə kömək edin. Allah siz hizbullahçı xalqın köməyi və dayağı olsun!


Pasdar qardaşınız Əli Təcəllayi
 



Pasdar qardaşlarım!

Salam!

Böyük İnqilab Rəhbərinə və ümmət imamı olan Cəmaran pirinin, qollarını öpməsi ilə fəxr etdiyi siz döyüşçülərə salam olsun! Əziz qardaşlar! Bu bir neçə ildə siz pasdar qardaşlardan, xüsusən də cəbhədə mənimlə çiyin-çiyinə vuruşan döyüşçülərdən insani kamilliyə doğru hərəkət istiqamətində çox bəhrələnmişəm. Lakin sizin bəzilərinizi incitmiş olmam da mümkündür. Ümidvaram ki, Allahın bu dəyərsiz bəndəsini öz böyüklüyünüzə bağışlayasınız. Eyni zamanda sizə mövlamız Əlidən (ə) bir neçə tövsiyə var. Bu tövsiyələr pasdarlıq işinizdə sizə köməkçi ola bilər.

Hər bir halda təqvalı olun, Allahı öz əməllərinizə nəzarətçi bilin. Dünyanı istəməyin, onun özü aşiqcəsinə sizin ardınıza düşəcək. Çünki o, çox davamsız və aldadıcıdır. Cəmiyyətin məzlum və yoxsullarına və bütün məzlumlara köməkçi olun. Yetimləri, şəhid övladlarını unutmayın, onların vəziyyətlərindən xəbərsiz qalmayın. Bu azadlıq inqilabının məqsədlərinin həyata keçməsi üçün canınızı belə əsirgəməyin. Vilayət prinsipinə uyğun olaraq, komandirlərə tabe olun.

Bu inqilabın ümmət imamının rəhbərliyi ilə tam gerçəkləşməsi üçün kəfəniniz, dəyərli pasdar geyiminiz qana bələşənə qədər vuruşun. Hər zaman və hər yerdə əl, dil və əməllə yaxşı işlərə dəvət edin, pis işlərdən çəkindirin, ən kiçik pis hərəkəti də görməzdən gəlməyin. Çünki yaxşı işlərə dəvət olunmayan və pis işlərdən çəkindirilməyən cəmiyyət ən əclaf insanların əlinə keçər, şərəfi və həyatı məhv olar.

İnqilabın və korpusun məqsədləri uğrunda dayanmadan, gecə-gündüz çalışan yüksək vəzifəli qardaşlara da bir neçə söz söyləmək istəyirəm:

İş və qərarlarınızda ədalətli, imanlı olun. Əgər iman sərhədi pozulsa və insanın ayağı o tərəfə dəysə, daha özünə heç bir hədd və qanun tanımaz. Korpusun işlərində ədaləti məsləhətə qurban verməyin. Dostbazlıq, tərəfkeşlik və ağızları böyük tikələrlə doldurmaq həmişə Allah-Taalanın qəzəbinə səbəb olur. Allah Nisa surəsinin 58-ci ayəsində buyurur: "Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir". Məbada tabeliyinizdə olanlarla ürəyiniz istəyən kimi, istibdadla rəftar edəsiniz! Tabeliyinizdə olan qardaşlarla ədalətlə və insafla davranın və sizinlə bağlı (fikirlərində) onlara haqq verin.

Səbirli olun, onların ehtiyaclarını aradan qaldırmaqla qəlblərinizdə insanlara sevgi və mehribanlıq oyadın. Çünki bunlar din qardaşlarınız və döyüş yoldaşlarınızdır. Təhlükə və problem dolu inqilab vadisində qardaşlarla elə rəftar etməyin ki, sizdən acıqları gəlsin.

Sonda mənəvi və azadlıq cihadlarında Allah-Taaladan sizə müvəffəqiyyət diləyirəm!


Pasdar qardaşınız Əli Təcəllayi


 

Şəhid Əli Təcəllayinin ikinci vəsiyyətnaməsi

Bismillahir-Rəhmanir-Rəhim.

İmam Mehdinin (ə) hüzuruna və onun qanuni nümayəndəsi, ümmət imamı bütqıran Xomeyniyə, şəhid ailələrinə və şəhidpərvər İran xalqına salam olsun!

Tam vəsiyyətnaməmi öncədən yazmışam; evdədir. Bu vəsiyyətnaməni daha çox borclarıma görə və bu qısa fürsətdə son söz və əsas vəsiyyətnaməyə əlavə kimi yazıram.

Qardaşım Məhəmmədə on səkkiz min tümən, həyat yoldaşımın ailəsinə qırx iki min tümən və atama beş min tümən borcum var. Əgər şəhadət səadətinə nail olsam, İranxodro şirkətindən alacağınız peykan avtomobilini satıb borclarımı ödəyər, pulun qalanını da iki əziz qızımın cehiz xərcinə saxlamaq üçün onların bank hesablarına köçürərsiniz. Məndə Mərkəzi qərargahın Plan və əməliyyat bölməsinin təxminən üç min tümən pulu vardı. Onun min iki yüz tümənini benzinə xərcləmişəm, min iyirmi tümənini də vəsiyyətnamənin içinə qoyuram. Pulun qalanı təmir işlərinə sərf olunub. Qəbzi olmadığına görə bunu Tehrana bildirərsiniz.
 
Sonda ailəmə, xüsusən də həyat yoldaşıma sözüm var. Bilirəm ki, məndən sonra atasız övladlar böyütməkdə çox çətinliklər çəkəcək. Əvvəlcə ailəmə, əziz qızlarım Məryəmlə Hənnanəyə bir müjdəm var. Bu böyük müjdə odur ki, əgər Rəhimli Allah bu günahkar bəndəsinə şəhadət nemətini nəsib etsə, Özünün vəd etdiyi kimi, məndən sonra sizin əsas qəyyumunuz Allah-Taala olacaq. Bu nemət isə az ailəyə qismət olur və siz – həyat yoldaşım və övladlarım, mütləq bunun şükrünü edin. Bunun şükrü də çətinliklər qarşısında səbirlilik və Allah-Taalaya qüsursuz bəndəlikdir.

Həyat yoldaşım! Sən mənim və müharibənin problemlərinə dözməkdə, səbirlilikdə həmişə nümunəvi xanım olmusan. Arzu edirdim ki, qismət olsun, sənin fədakarlıqlarının əvəzini çıxa bilim. Allah-Taalanın dərgahında sizin xüsusi məqamınız var. Çünki həm şəhid və döyüşçülərin savabına şəriksiniz, həm də peyğəmbərlərin peşəsi ilə məşğulsunuz. Əgər bu dəyəri yaxşı dərk etsən, dünya və axirətin üçün bəs edər. Çünki Allah cənnətin açarını siz imanlı, təqvalı anaların, qadınların ayaqları altında qoymuşdur.

Həyatımızın bütün mərhələlərində sənin fədakarlığın mənə aydın oldu. Bunun özü həyatımızın ən önəmli sevgi səbəbi idi.

Ümidvaram ki, nümunəvi ana xüsusiyyətlərini daha da inkişaf etdirib böyük missiyanı müvəffəqiyyətlə başa vuracaqsan. Bil ki, analıq peşəsi, yaxşı və imanlı övladlar yetişdirmək ən böyük ilahi ibadət sayılır və sən ilahi rəhmət olan analıq peşəsi qarşısında məsuliyyət daşıyırsan. Zirvəsi saleh və imanlı övladlar yetişdirməkdən ibarət olan bu vəzifəni ideal şəkildə yerinə yetirməlisən. Çünki İslama və müsəlman topluma ən böyük xidmət imanlı və təqvalı övladlar yetişdirməkdir. Əziz imamımızın dediyi kimi, yaxşı bir övlad tərbiyə etmək bütün dünya qədər dəyərlidir. Çünki cəmiyyətlərin xoşbəxtliyi övladların tərbiyəsindən asılıdır.

Bu mühüm vəzifə ilə yanaşı, təbliğatçı vəzifəni də bir şəhid xanımı və inqilabçı müsəlman qadın kimi, bütün hərəkətlərinlə, əməllərinlə, çətinliklər qarşısında səbrinlə, küfr əleyhinə qəzəb və nifrətinlə yerinə yetir. Çünki şəhidlərin qanı və məzlumluq mesajı siz cəsur qadınlar vasitəsilə dünyaya yayılır, Allah-Taalanın köməyi, İmam Mehdinin (ə) vasitəsi və İmam Xomeyninin rəhbərliyi ilə qlobal İslam dövlətinin qurulmasına zəmin yaranır. Əməldə Fatimeyi-Zəhranın (ə) və qızı Zeynəbin ardıcılı, yaxşı ana və mesajı bəşəriyyət tarixini silkələdən güclü təbliğatçı olmağın yolunu cəmiyyətə göstər.

Yoldaşım və övladlarım Məryəmlə Hənnanə! Cəbhəyə gedib İslamı və Quranı müdafiə etmək Allah adamlarına vəzifə və böyük bir imtahandır.

Çünki cəbhə Allah adamlarının küfr, şirk və nəfslə sınaq yeridir. Bu sınaqdan ötrü də bütün maddi və qeyri-ilahi asılılıqlardan uzaqlaşmaq, aşiqcəsinə Allaha doğru getmək lazımdır. Əlbəttə, bu o demək deyil ki, mən ailəmi, ata-anamı və övladlarımı sevmirəm. Lakin sizi çox sevməklə yanaşı, həmişə çalışmışam ki, sizə bağlı olmayım, Allah dininin dirçəldilməsi yolunda öz sevgilərimə asanlıqla göz yuma bilim. Bilin ki, inqilabın əvvəlindən Allah görüşünə nail olmaq və qanımın İslam yolunda tökülməsi mənim üçün əsas məsələ olub və indi də belədir. Cəbhə də məqsədə çatmağın ən asan, ən yaxın yoludur. Bilməlisiniz ki, mənim üçün vuruşmaq, qələbə çalmaq və ya zahirən məğlub olmaq heç vaxt əsas olmayıb və deyil. Məqsəd Allah-Taala qarşısında bəndəlik və ona mütləq şəkildə təslim olmaqdır.

Əməliyyatda sadə bir döyüşçü kimi iştirak edəcəyimi biləndə hamı mənə nəsihət verir, həyatın problemlərini və övladlarımı xatırladır, təcrübə və vəzifəmi böyüdüb bildirir ki, korpusa, inqilaba və müharibəyə daha çox lazımam. Lakin hamınız bilin ki, mənim sözüm başqa bir şeydir, məqsədim uca məqsəddir. Eşq və Bəsic məktəbində iştirak etmək səadəti dəyərli və faydalıdır. Çünki dünyəvi vəzifədən uzaq olan adi bir döyüşçünün əməliyyatda iştirakından əldə olunan dəyərlər bəşərin düşüncə və ağlının fövqündə durur. Həyat yoldaşım və övladlarım, əgər İslamı müdafiədə iştirak etməyin nəticəsini bilsəniz, inanın ki, nə siz, nə də hər hansı müsəlman kişi evində oturmağa razı olar. Mən qısa şəkildə sizə bəzi nəticələri yazıram ki, bu yolun böyüklüyü və mənim cəbhələrə bağlılığımın səbəbi aydın olsun.

Məcmə əl-bəyan təfsirində deyilir ki, Allah yolunda vuruşanlar cəbhəyə getmək qərarına gələndə Allah cəhənnəmi onlara haram edir. O, cəbhəyə hazırlaşanda Allah mələklər qarşısında belə insanla fəxr edir. Allah yolunda vuruşanların döyüş yerindəki birgünlük ibadəti min insanın minillik ibadəti qədər savabdır; özü də hər günü dünyanın ömrünə bərabər olan min il! Allah yolunun döyüşçüləri düşmənin qarşısına çıxdıqda isə dünya elmi onun savabını hesablamağa qadir olmur.

Bilin ki, cəbhə Allah adamları üçün çox gözəldir. Çünki orada gördüyün hər şey Allah nurudur, eşitdiyin hər söz şəhadət və fədakarlıqdandır. Söhbət şəhadət söhbətidir, görülən də bütün vücudları ilə ilahi vəzifələrini yerinə yetirmək üçün bir-birindən irəli keçməyə çalışan iradəli kişilərin və məsum gənclərin çöhrəsi. Görün, belə insanlarla yoldaşlığı və qardaşlığı görməzdən gəlmək olarmı?!

Sonda Allah-Taaladan siz ailəmə, özümə, həyat yoldaşıma, atama və anama rəhmət diləyir və bu günahkar bəndə üçün halallıq istəyirəm. Bütün döyüşçülərdən, xüsusən də Aşura diviziyasındakı və Xatəm qərargahındakı qardaşlardan istəyirəm ki, haqlarını halal etsinlər. Ürəyimə damıb ki, Mərhəmətli və Rəhimli Allah istəsə, bu dəfə şəhadət məqamına nail olacağam. Odur ki, daha məni gözləməyin, çünki mən öz məşuqumun görüşünə və layiq olsam, azad insanların lideri İmam Hüseynin (ə) və İran Kərbəlasının hüseynçi şəhidlərinin görüşünə gedirəm. Dualarınızda məni unutmayın. Allah-Taalanın dərgahından əvf diləyirəm və hər iki ailədən istəyirəm ki, ailəmdən, xüsusən də qızım Məryəm xanımla əziz Hənnanəmdən muğayat olsunlar, onların tərbiyəsinə lazımi diqqəti göstərsinlər.

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.

Əli Təcəllayi, 09.03.85


Bir daha qeyd etmək istəyirəm ki, bu mənim əsas vəsiyyətnaməm deyil. Bu qeydlər yerini bildikləri öncəki vəsiyyətnaməmlə birlikdə mənim vəsiyyətnaməmi təşkil edirlər.

Allah amanında!


Son!



Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*