?>
Şəhidlərlə Tanışlıq

Şəhid Əli Təcəllayinin xatirə və əlyazmaları (2-ci bölüm)

Şəhid Əli Təcəllayinin xatirə və əlyazmaları (2-ci bölüm)

Şəhid Əli Təcəllayinin qızı Məryəmə yazdığı məktubdan bir parça: “...Qızım! Bu gün Allahın dininə və İslam inqilabına qarşı çıxanların, bu şəhidpərvər torpaqda İslam ordusu ilə vuruşanların da bir məqsədi var. Onların yolu ilğımdan ibarətdir, İslam ordusu isə əsl bulaq və həqiqi insani dəyər ardıncadır. Onlar öz qanlarına bələşib Allah nurundan ibarət olan bulaqdan su içirlər...”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın Mədəniyyət Bölümü: Qarşınızdakı bu yazı “Eşqin təcəllası” adlı kitabdan iqtibas edilib.
Əvvəli ötən buraxılışımızdadır.

Özümlə fəxr edirdim

Nəsibə Əbdüləlizadə

Mən 1959-cu ildə Təbrizdə doğulmuş, 1979-cu ildə orta məktəbi bitirmişəm. Qardaşım Musa bir müddət idi Süsəngirddə vuruşan, şəxsi heyətə komandirlik edən Əli Təcəllayi adlı bir nəfəri tərifləyir, onun cəsarəti və qəhrəmanlığı barədə ağızdolusu danışırdı. Bir gün böyük bacım Musaya dedi: "Musa, xəbərin var, təriflədiyin Təcəllayi yaralanıb, Təbrizə gətiriblər". Musa təəccüblə soruşdu ki, hardadır? Bacım cavab verdi: "İmam Xomeyni xəstəxanasında". Mən Təcəllayinin barəsində o qədər eşitmişdim ki, özünü də görmək istəyirdim.

Universitetdə İmam Xomeyni hərəkatının ardıcılı olan tələbələr tərəfindən kitab sərgisi təşkil olunmuşdu. Mən də orada fəaliyyət göstərirdim. Ertəsi gün universitetə gedəndə sərginin rəhbəri bir qoca qadının sığorta kitabçasını mənə verib dedi ki, İmam Xomeyni xəstəxanasına apar, baş həkim imzalasın. Xəstəxanaya gedib işimi görəndən sonra orada müalicə olunan Təcəllayi yadıma düşdü və fürsəti fövtə verməyib onu görmək istədim. Sonralar adının Rəhman olduğunu öyrəndiyim bir pasdarı görüb soruşdum: "Bağışlayın, qardaş, Əli Təcəllayi burdadır?" Soruşdu ki, Əli Təcəllayi? Dedim ki, bəli. Əl işarəsi ilə otağını göstərdi.

Barəsində eşitdiklərimdən onu ucaboy, enlikürək bir adam kimi təsəvvür edirdim. Lakin palataya girəndə təsəvvürümdən tamamilə fərqlənən çox gənc və məsum bir adamla üzləşdim. Buna baxmayaraq, özümü itirdim və onunla danışa bilmədim. Yalnız salam verib farsca dedim: "Halınız necədir? Bir şey lazımdır?" O, salamımın cavabını verib dedi: "Yox, çox sağ olun". Palatadan çıxdım. Məndən sonra Rəhman içəri girib Təcəllayiyə demişdi: "Bir qız səni axtarırdı. Bura gəldi?" Bu da onun diqqətini cəlb etmişdi.

Axşam Təcəllayi ilə görüşüm barədə bacıma danışıb dedim: "Mən elə bilirdim ki, Təcəllayi iri cüssəli bir kişidir. Sən demə, məsum bir uşaq imiş!" Bu zaman anam öskürüb işarə ilə bildirdi ki, atanızın belə sözlərdən xoşu gəlmir. Sonra da dedi: "Daha lazım deyil gedəsən. Nə mənası var?!" Dedim: "Bunun yaşı azdır, ana, həm də çoxları onu görməyə gedir". Bacım soruşdu: "Ona nə apardın?" Dedim ki, heç nə, əliboş getdim. Narahat olub dedi: "Çox səhv etmisən. Gərək bir gül, meyvə və ya kitab alaydın, əliboş niyə gedirdin?!" Qərara gəldim ki, bu bəhanə ilə sabah yenə onu görməyə gedim. Bu dəfə ona "Allahı tanımağın ən yaxşı yolu" kitabını aldım, üstünə də belə yazdım: "Fədakar döyüşçü ağa Əli Təcəllayiyə təqdim olunur". Kitabı verəndə pulunu vermək istəyirdi, almadım. Həmin gün bildim ki, o da Təbrizdəndir, hətta əvvəllər bizim məhəlləmizdə yaşayıb, ancaq bir-birimizi görməmişik. Ailələrimiz bir-birini tanısalar da, bu barədə heç vaxt söhbət düşməmişdi.

Həmin gün günortadan sonra bacım Təcəllayini ziyarət etməyə gedəndə ondan soruşmuşdu: "Bacınızın ailə qurmaq fikri var, yoxsa yox?" Bacım cavab vermişdi ki, baxır, elçi kim ola. Təcəllayi demişdi: "Mən özüm. Əgər mən bacınıza elçi gəlsəm, problem olar, yoxsa yox?" Bacım özünü itirib demişdi: "Mən çalışaram ki, bu evlilik baş tutsun. Ondan böyük olduğuma görə bilirəm ki, cavabı "yox" olacaq, ancaq mən valideynlərimlə danışaram".

Bacım məndən böyük olduğuna görə ailə qurmaq barədə əsla fikirləşmirdim. Lakin Təcəllayinin bu fikrini biləndən sonra nəinki acığım gəlmədi, hətta sevindim də. Hər halda, bu evlilik baş tutdu və qərara gəldik ki, birlikdə danışaq. O hələ xəstəxanada yatırdı, söhbətimiz də orada baş tutdu. Həmin gün Əli dedi: "Mən cəbhədən qayıdanda fikirləşmədiyim yeganə şey evlənmək idi. Çünki həm yaşım azdır, həm də cəbhənin problemləri var. Qərarım beləydi ki, əgər sağ qalsam, sonralar evlənərəm. Ancaq bəlkə də qismət bu imiş ki, tez ailə qurum".

Sonra sözünə davam etdi:

- Mən sizinlə evlənsəm, bəlkə bir gün, bərkə bir il, bəlkə on il sizə qonaq olacağam; bilmirəm. Yox, elə bilməyin ki, qəsdən şəhid olmaq istəyirəm. Şəhidlik arzumdur, ancaq yer üzündə mənim köməyimə ehtiyacı olan bir məzlumun olduğunu hiss etdiyim qədərincə onun yanında olacağam. Əgər bu hadisələr zamanı şəhadətə qovuşsam da, yeganə arzuma çatmış olacağam. Lakin nə qədər ki sağam, istəyirəm ki, sizi xoşbəxt edim, siz də məni. Əminəm ki, belə də olacaq.

Əli xəstəxanada iki ay yatdı. Cümə axşamı günü xəstəxanadan buraxıldı, şənbə günü də valideynlərini elçiliyə göndərdi. Mənim ata-anam bu evliliyə qarşı çıxır, deyirdilər ki, o, pasdardır, bir gün şəhid olacaq və sən dul qalacaqsan. Lakin mən çox istəyirdim ki, Əli ilə ailə qurum, hətta bir il, ya da bir ay onunla birlikdə yaşamaqdan ötrü gecə-gündüz dua edirdim.

Həmin günlərdə bir jurnalda Süsəngird döyüşü barədə müsahibəsini oxudum. O, müsahibənin bir yerində deyirdi: "Tasua axşamı idi. Uşaqlara dedim ki, cənnəti almağa hazırsınız? Hamı təkbir dedi, biz azsaylı dəstəmizlə və Kalaşnikov avtomatı ilə tanklarla döyüşə getdik". Mən bu müsahibədən o qədər təsirlənmişdim ki, Əli ilə izdivacımın ən əsas səbəbinin bu olduğunu söyləsəm, yalan olmaz.

Valideynlərimin razılıq verməsi dörd ay yarım sürdü. Anam Əlini çox sevdiyimi bilib atamla danışdı və onu razı saldı. Buna baxmayaraq, hələ də ürəklərində narazılıq qalmışdı. Buna görə də, Əli elçiliyə gələndə anam məni pisləməyə başladı. Mən otaqda qapının yanında dayanıb eşidirdim. Anam Əliyə dedi:

- Açıq şəkildə deməliyəm ki, qızımın iki böyük eybi var.

Bu sözü eşidəndə çox həyəcanlandım, fikirləşdim ki, görəsən, nə deyəcək. O, əlavə etdi:

- Birinci eybi budur ki, çox nadinc qızdır, ola bilsin, sözlərinə qulaq asmasın və bir çox işləri görməsin. Əslində, heç iş də bacarmır, adi qayğanaq da bişirə bilmir.

Bunu doğru deyirdi. Mən kiçik olduğuma görə bütün işləri böyük bacım görürdü. Başını aşağı salmış Əli çox vüqarlı və məsum şəkildə dedi:

- Eybi yox, inşallah, bizim evdə öyrənər.

- Qızımın ikinci böyük eybi budur ki, murdar-təmiz məsələlərinə qarşı vasvasılığı var, atasının üzünü gündə üç dəfə suya çəkir, - anam mübaliğə ilə dedi.

- Su aydınnıxdi, - deyə Əli Təbriz ləhcəsi ilə cavab verdi.

- Yaxşı, əgər su aydınlıqdırsa, mən bu suyu elə indicə tökdüm sizin evinizə. Sonra şikayətlənməyəsən ki, mənə demədin, - Əliyə bata bilmədiyini görən anam hirslə söylədi.

Əli gülüb dedi:

- Yaxşı.

Yadımdadır, nişanlı olduğumuz zaman bir gün cəbhədən gələndə ona dedim:

- Olar ki, üzünü suya çəkəsən?

- Yox, əşi, bekar qalıbsan, - deyə cavab verdi.

– Xahiş edirəm, get, üzünü suya çək. Məlum deyil ki, cəbhədə harda olmusan, nə qədər qana əl vurmusan.

Əli hövsələsiz halda üzünü yumağa getdi. Anam pəncərədən baxa-baxa ona dedi: "Əli ağa, su aydınnıxdi!"

Əli anamın bütün şərtlərini qəbul edib razılığa gələndən sonra qapının arxasındaca şükür səcdəsi etdim.

Əli 1981-ci ilin ramazan ayında nikah əqdini oxutmaq üçün Ayətullah Mədənidən vaxt aldı. İftardan qabaq yaxınlarımızla ayətullahın evinə kəbin kəsdirməyə getdik. Ora çatanda Əli məni kənara çəkib dedi:

- Eşitmişəm ki, gəlinin kəbin süfrəsindəki duası mütləq qəbul olar.

Nə istəyəcəyini təxmin edirdim. O, əlavə etdi:

- Allahdan mənə şəhadət istə.

Bəlkə də bir qız üçün, özü də həyatının ən önəmli günündə ən çətin olan işi məndən istəyirdi. Ağlayıb yalvararaq dedim ki, bunu məndən istəmə. O isə razılaşmayıb dedi:

- Elə bilmə ki, eqoistlik edirəm; yox, məsələ bu deyil. Əgər məni səmimi-qəlbdən sevdiyini iddia edirsənsə, mənim üçün bu xoşbəxtliyi də istəməlisən.

Belə bir dua etmək asan deyildi, çünki onsuz yaşamağın çətin olacağını bilirdim. Nəfəsim ona bənd olmuşdu, fikirləşirdim ki, o olmasa, mən də yoxam. Lakin onu həddən artıq sevdiyimə və özünü xoşbəxt hiss etməsini istədiyimə görə bunu etdim. Ağa Mədəni nikah əqdimizi oxuyanda mən ağlayıb dua edirdim ki, İlahi, Əlini arzusuna çatdır. O qədər ağladım ki, ağa Mədəni bilib dedi: "Qızım, mən başqa dualar da bilirəm. İlahi, bunlara saleh oğul və qızlar bəxş elə! Aqibətlərini xeyirli elə!"

***

"Xudaya! Ey məbudum! Arzum şəhadətdir. Ürəyimdəki bu arzumun ardınca qaçıram, bu köhnə arzumu şəhərlərdə, qürbət diyarlarda, cəbhələrdə axtarıram. Hər yerdə onun ardınca düşmüşəm, ancaq bilmirəm ki, mənim şəhidliyim səhrada olacaq, dağ və düzdə olacaq, yoxsa sularda; kimin əli ilə, kimin tərəfindən. Lakin bilirəm ki, bunun elmi Sənin yanında, vasitəsi Sənin qüdrətli əlindədir. Öz lütfüylə şəhadəti qismət edən, rəhməti ilə bu diləyin qəbul olunmasını təmin edən Sənsən. O zaman, ey Rəbbim, bu yeganə, ən mühüm, ilk və son arzumu qəbul elə, ona nail olmağın yolunu mən günahkar bəndənə asanlaşdır, onun yerini yaxınlaşdır! Məni şəhadətimi yazmadığın yollarda yorma. Çünki zəif bədənimin buna taqəti yoxdur.

İlahi! Sənin rəhmətinə möhtacam! İlahi! Sənin rəhmətinə ümidvaram; məni məyus eləmə! İlahi! Öz lütf və kərəminlə bu arzumu həyata keçir! İlahi! Öz rəhmətinlə günahlarımı bağışla. İlahi! Bizi Məhəmməd və Ali-Məhəmmədin (s) şəfaətindən binəsib etmə! İlahi! Məni ağa İmam Hüseynin (ə) və vəfalı dostları Ayətullah Behiştinin, Mədəninin, Dəstiqeybin, Səduqinin, Bahünərin, Rəcayinin, Əşrəfi İsfahaninin və Ayətullah Mütəhhərinin şəfaətlərindən binəsib etmə! İlahi! Öz rəhmətinlə günahlarımı bağışla və bu aciz bəndənə şəhadət səadəti bəxş elə! Çünki sən tükənməz mərhəmət sahibisən!"

Nikah əqdi oxunandan sonra Əli ağa Mədəniyə dedi: "Hacı ağa, mənim xanımıma qara çadra vermirsiz?" O dedi: "Əlbəttə. Çadra gətirin". İki çadralıq parça gətirdilər. Pasdarların biri dedi: "Hacı ağa, birini artıq gətiriblər". Ağa Mədəni dedi: "Eybi yoxdur. Bu da gələcək Zeynəb xanım üçün". Mən ağa Mədəniyə, pasdarlara və Əlinin üzünə baxdım. Belə xarakterlərə malik bir şəxslə birgə yaşayacağıma görə fəxr edirdim. Həmin gün ağa Mədəni ilə bir neçə şəkil də çəkdirdik. Maraqlıdır ki, həmin gün orada olan bütün pasdarlar və ağa Mədəninin özü də şəhadətə qovuşdu.

Mən Əli ilə 22 avqust 1981-ci ildə ailə qurdum və müştərək həyatımıza başladıq. Üçillik həyatın isə yalnız yeddi ayını birlikdə olduq.

***

Bir dəfə Əli cəbhədən gələndə zarafata dedim: "Mən eşitmişəm ki, həzrət Əli (ə) ilə həzrət Zəhra (ə) işləri bölübmüşlər. Məsələn, həzrət Zəhra (ə) odun gətirirmiş, həzrət Əli də mərci təmizləyirmiş!" Əli bunu eşidən kimi dedi: "Onda qalx, nə qədər mərci varsa, gətir, təmizləyim". Mən də gedib gətirdim və o təmizləməyə başladı. Bu zaman qapının zəngi çalındı. Əli tez mərci podnosunu stolun altına itələdi. Soruşdum ki, niyə belə edirsən? Dedi: "Əgər mənim anam olsa, görüb narahat olar. Əgən sənin anan olsa, elə bilər ki, səni çox ərköyünləşdirirəm. Kimdirsə, gəlib-getsin, sonra sənin qulluğundayam".

Fəthülmübin əməliyyatından sonra məzuniyyətə gəldi. Həmin gün qonağımız vardı. Hamamda yuyunub çıxandan sonra anası dedi: "Bütün hamam yaralı bandlarla doludur. Əli yaralanıb?" Dedim: "Xəbərim yoxdur. Özü bir söz deməyib". Yaxınlaşıb soruşdum:

– Əli, yaralanmısan?

– Mühüm bir şey deyil. Ayağıma xırda bir qəlpə girib. Özü çıxacaq.

Bir-iki gündən sonra namaz üstə qışqırıb huşunu itirdi. Özünə gələndə ayağının ağrısından qıvrılırdı. Onu tez xəstəxanaya apardıq. Həkim müayinədən və rentgen şəklinə baxandan sonra dedi:

– Bu qəlpə bayıra çıxmaq yerinə daha dərinə gedib və ayağın sinirinə yaxınlaşıb. Mən təəccüb edirəm ki, sən buna necə dözə bilmisən.

O, Əlini dərhal əməliyyata apardı, on gündən sonra da məzuniyyət yazdı ki, ayağı irinləməsin.

Ertəsi gün əşyalarını topladığını gördüm. Həbib Paşayi adlı bir dostu ilə cəbhəyə hazırlaşırdı.

– Həqiqətən də, ayağının bu halı ilə getmək istəyirsən? – deyə soruşdum.

– Məcburam. İki batalyon döyüşçü məni gözləyir, – deyə cavab verdi.

Mən heç vaxt onun getməsinə mane olmurdum.

Amma həmin gün ilk dəfə hirslənib dedim:

– Mən deyirəm ki, qal, sağal, sonra get. Amma indi ki gedirsən, dua edəcəm ki, inşallah, ayağını kəssinlər, sən də məcbur olub evdə qalasan.

Məni dahiyanə baxışla süzüb dedi:

– Sən bizi ayağımızın kəsilməsi ilə qorxudursan?! Biz baş verməyə gedirik, ayaq nədir ki!

Çox utandım, xəcalətimdən başımı qaldıra bilmədim. O, əlavə etdi:

– Heç vaxt bizi ayaq itkisi ilə qorxutma.

Ondan üzr istədim və atamdan xahiş etdim ki, onu dəmiryol vağzalına aparsın.

Atam qayıdanda dedi: "Kaş sən də gəlib görəydin! Vağzalda iki batalyon adam Əlini gözləyirdi. Deyirdilər ki, o gəlməsə, qatara minməyəcəyik".

Əli ilə qısa həyatımızın nəticəsi Məryəm və Hənnanə adlı iki qız oldu. Əli uşaqlarını vəsfəgəlməz həddə sevirdi, evdə çox olmasa da, gələndə elə rəftar edirdi ki, onlar da onu çox sevirdilər.

Bir dəfə Hənnanə xəstələndi, onu xəstəxanaya apardıq. Adətən, belə problemlər zamanı Əlini narahat etmirdim. Ancaq həmin gün onun xəstəxanaya gəldiyini görüb çox təəccübləndim. Soruşdum ki, sənə kimsə xəbər verib? Dedi ki, yox. Soruşdum ki, bəs haradan bildin? Dedi ki, yuxuda gördüm. On yeddi saat dayanmadan maşın sürüb özünü yetirmişdi. Həmin gün Hənnanənin vəziyyəti yaxşı deyildi, xəstəxanada təşənnüc (qıc olma) keçirmişdi. Mən Əlini evə istirahətə göndərdim.

Sonradan anam mənə dedi: "Əli xəstəxanadan gələndən sonra gedib namazını qıldı. Bərkdən ağladığını eşidib təəccüblə dedim: "Əli ağa, sən cəbhədə bu qədər dərdə dözürsən, indi bir uşağın xəstəliyinə dözə bilmirsən?" Dedi: "Yox, ana, dözə bilmədim. Hənnanəni o vəziyyətdə görmək mənə çox ağır gəldi".

Bir həftə qaldı, uşağın tam sağaldığına əmin olandan sonra cəbhəyə qayıtdı.

Bir dəfə qapının zəngi çalındı. Məryəm dedi: "Ay can, ata gəldi!" Əli cəmi dörd gün idi cəbhəyə getmişdi. Dedim ki, yox, əzizim, atan təzə gedib, o deyil. Lakin qapını açandan sonra yenə qışqırdı:
"Gördün, dedim ki, atamdır!" Sevindiyimdən uçmağa qalmışdım. Əliyə dedim: "Səndən nə əcəb! Günəş hansı tərəfdən çıxıb?! Sən ki dörd gün idi getmişdin, nə oldu belə tez qayıtdın?" Gülüb dedi:

- Qardaş Səfəvi dedi ki, uşaqların hamısı məzuniyyətə gedib, sən də iki-üç günlüyə gedə bilərsən. Mən də gəldim.

- Bu qədər yolu iki-üç gündən ötrü gəlmisən?! Gedəydin Əhvaza, Əndimeşkə.

Çox gözəl bir təbəssümlə dedi:

- Onda necə sübut edərdim ki, sizi çox sevirəm?! İstəyirəm biləsən ki, mənə iki gün də məzuniyyət versələr, həmin iki günü sizin yanınızda olmaq istəyərəm.

Bir dəfə iyirmi gün zəng vura bilmədi. Zəng vurmayanda bilirdim ki, yəqin, işi var, zəng vurmağa macal tapmır.


Avtomat Əli

Məhəmmədhüseyn Cəfəri, Cavad Salehi

Əli yeni döyüşçülərə təlim keçərkən hərbi manevrləri elə qüdrətlə icra edirdi ki, çox tezliklə korpus uşaqları arasında şöhrəti zirvəyə qalxdı. Qısalan qundaqlı G3 avtomatı və MG3 pulemyotu onun əlinin silahları idi. Sürünən uşaqların ayaqlarının ətrafına elə atəş açırdı ki, heç kim dabanını da qaldırmağa cürət etmirdi. Üstəlik, bunu avtomat rejimində edirdi. Buna görə də, əvvəllərdə Avtomat Əli kimi məşhurlaşmışdı.

Əli dini məsələlərə də çox bağlı idi, düşünürdü ki, bütün tələbkarlıqları dinin özündən qaynaqlanır. Bəzən tələbkarlıqlarını "Düşmənləri qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin" ayəsi ilə əsaslandırırdı. O düşünürdü ki, təlim zamanı yaralansaq, hətta şəhid versək də, əvəzində cəbhədə itkimiz az olacaq; burada nə qədər çox tər töksək, döyüş zamanı az qanımız tökülər.

Dəfələrlə komandirlərdən eşitmişəm ki, Təcəllayinin əlinin altından çıxmış döyüşçülər əməliyyatda ruh yüksəkliyinə malik olur, təkbaşına bir bölük düşmənlə döyüşə girirlər. Əlinin əmr və təlimlərin icrasında tələbkarlıq, dəqiqlik və çeviklik ənənəsi digər təlimçilərə də keçirdi.

Biz Təbrizin Xasiban düşərgəsində təlim keçmişdik. Düşərgənin hərbi bölməsinin komandiri Əli Təcəllayi idi. Mən və təlim komandasının bütün şəxsi heyəti ikinci-üçüncü axşamdan başa düşmüşdük ki, gərək çəkmə ilə, tam hazır vəziyyətdə yataq. Məhz buna görə Əlinin təkrarlı gecə məşqləri zamanı özümüzü çox da itirmirdik.

Əli yeddinci axşam taktika təlimçiləri ilə birlikdə bizə pis bir plan düşündü. Onlar kazarma qarovulunu tərk-silah edəndən, əl-ayaqlarını bağlayandan sonra gecənin yarısı qorxunc qışqırtılarla kazarmaya tökülüşdülər. Uşaqları bayıra çıxarmaq üçün həm döyüş güllələrindən istifadə etdilər, həm də kustar bombalardan və gözyaşardıcı qazlardan. Həmin gecə başımıza elə oyun açdılar ki, öncəki məşqlərdən fərqli olaraq, dözə bilmədik, özümüzü acınacaqlı şəkildə səhər düzülüşünə yetirdik, gecənin sonlarında da kazarmaya qayıtdıq. Hamımız düşünürdük ki, bu qədər atəş açıldığına görə, yəqin, beş-altı ölü və yaralımız olacaq. Kazarmaya qayıdanda gördük ki, Allahın köməyi ilə itkimiz olmayıb. Lakin tikanlı məftillər üzərində süründüklərinə, pilləkənə, daşa-divara dəydiklərinə görə, istisnasız olaraq, bütün uşaqların üz-başları, əl-ayaqları yaralanmışdı.

Sübh namazı vaxtı hamı şikayətlənməyə başladı. Uşaqlar deyirdilər: "Bu, təlim deyil, intihardır!" Təsadüfən, həmin gün Təbriz korpusunun ovaxtkı komandiri Ali-İshaq düşərgəyə gəldi. Uşaqların bir qismi ona yaxınlaşıb etiraz etməyə başladı. Ali-İshaq Əlini və təlim keçən digər pasdarları çağırdı. Əli dedi: "Mən tələbkarlığıma və sərtliyimə görə özümü müqəssir bilmirəm. Lakin hərbi sursatdan təyin olunmuş miqdardan artıq istifadə edib dövlət büdcəsinə ziyan vurduğuma görə hamının önündə cəzalanmağa hazıram". Digər pasdarlar da Əli ilə həmfikir oldular. Ali-İshaq cəza növünü onların öz öhdəsinə buraxdı. Əli dərhal dedi: "Bizi maşının arxasına bağlayıb yerlə sürüyün". Qollarını çəfiyə şalı ilə taxtaya, taxtanı da üçmetrlik iplə furqonun arxasına möhkəm bağladıq. Bu cəzanı səkkiz təlimçinin hamısı çəkməli idi.

İlk mərhələdə üçünü hazırladıq. Ali-İshaq sükanın arxasına keçdi. Düşərgənin yanındakı Xasiban kəndinə getdiyinə görə, üzünü çəfiyə ilə bağladı ki, tanınmasın. Maşın yola düşməzdən öncə sevinirdik, amma düşərgənin cənub qapısından çıxıb sürətini artıranda hamımız peşman olduq. Onların yerdə sürünmə səhnəsi o qədər əzabverici idi ki, vəsfediləsi deyil. Maşının sürəti bəzən saatda 50 km-ə çatırdı. On dəqiqədən sonra Ali-İshaq maşınla düşərgəyə girəndə həmin üç nəfərin üz-başını görüb çox narahat olduq. Uşaqların bəzisi ağladı da. Paltar və çəkmələri cırılıb parçalanmış, bədənlərinin, qol və dizlərinin dərisi soyulmuşdu, bəzi yerlərindən qan axırdı.

Onları açandan sonra növbəti üç nəfər yaxınlaşdı. Əli də onların arasındaydı. Biz bildirdik ki, bu qədər kifayətdir, Əli isə dedi: "Biz Kürdüstanda daha ağır səhnələr görmüşük. Bunlar onun yanında heçnədir". Nə qədər çalışdıqsa, fikirlərindən döndərə bilmədik. Hərəsinə bir dəst əlavə paltar verdik, xahişlə razı saldıq ki, paltarlarının üstündən geyinsinlər, kəmərlərini möhkəm bağlasınlar ki, az xəsarət alsınlar. Bu üç nəfər də eyni qanlı görkəmdə qayıtdı. Əlinin vəziyyətini görəndə hamımız ağladıq. Mən ona dedim: "Axı bu nə iş idi, gördün?!" Bədəni parça-parça olsa da, gülüb dedi: "Cəza!" Dedim:

– Axı bu necə cəza növüdür?!

– Əksinə, bu, çox lazımlıydı; bədənlərimiz çox bərkidi.

Uşaqlar o qədər narahat olmuşdular ki, bu sözlərlə sakitləşə bilmirdilər. Əli vəziyyəti görüb qanlı bədəni və cırıq paltarlarıyla, həm də xüsusi heybətlə uşaqların önündə dayanıb dedi: "Mən təkbir deyirəm, siz də təkrar edin". Sonra ucadan qışqırdı: "Allahu-əkbər!" Uşaqlar da ürəkdən "Allahu-əkbər" qışqırdılar. Əlinin başında qəhvəyi rəngli yun papaq vardı. Əlini qaldırıb təkbir dediyi yerdə Şəhid Xəlil Fateh onun şəklini çəkdi və bu səhnə həmişəlik tarixdə qaldı.

Təkbir dediyimiz yerdə birdən Xasiban kəndinin qocalı-gəncli, qadınlı-kişili bütün əhalisinin bel və külünglə qəzəbli halda düşərgəyə sarı gəldiyini gördük. Düşərgənin komandiri Əliyə dedi: "Bu həngaməni özün qoparmısan, indi də get, camaatı sakitləşdir". Onlar düşərgənin alçaq divarlarının üstünə düzülmüş ağ sürahilərin arxasına çatdılar. Əli o vəziyyətdə onlara yaxınlaşıb soruşdu: "Bura niyə gəlmisiz?"

– Buranı yerlə bir etməyə gəlmişik, – deyə cavab verdilər.

– Nə üçün?

– Çünki bura korpus deyil, SAVAK-dır.

Onlar hamıdan öncə maşının sürücüsünü cəzalandırmaq istəyirdilər. Əli onlara dedi:

– Yox, səhv edirsiz, bura korpusdur. Maşının arxasına bağlanmağı da biz özümüz istədik.

– Nə üçün? Ağlınızı itirmisiz?! – deyə soruşdular.

– Bu, bir təlim idi.

– Bu necə təlimdir?! Bu, intihardır, təlim deyil!

Əli bir qədər Kürdüstanın vəziyyətindən, əks-inqilabçı qüvvələrin döyüşçülərə verdikləri işgəncələrdən danışıb onları qane etdi, sonra dedi:

– Biz bu təlimləri keçirik ki, bədənimiz bərkisin, iradə və imanlarımız güclənsin və əks-inqilabçılara qarşı mübarizə apara bilək.

Kəndlilər Əlinin sözlərini maraqla dinlədikləri yerdə Əli əlini qaldırıb qışqırdı: "Allahu-əkbər!" Camaat da coşqu ilə təkrarladı və məsələ həllini tapdı.

Həmin gün günorta çağı uşaqların arasında pıçapıç düşdüyünü hiss etdim. Danışırdılar ki, İslamın aydın göstərişinə əsasən, kim bədəninə xəsarət yetirsə, böyük günaha batmış olur. Bu isə Təcəllayiyə və digər pasdarlara şamil olurdu. Məsələ ilə maraqlanıb gördük ki, bu fikirlərin mənbəyi korpusa üzv olmuş iki-üç universitet tələbəsidir. Bu zümzümələr yavaş-yavaş incə yerlərə gedib çıxırdı. Əli həmin tələbələri və digər döyüşçüləri toplayıb dedi:

- Mən demək istəyirəm ki, biz eynilə İslamın göstərişinə əməl etdik.

- Hansı dəlillə bunu söyləyirsən? – deyə tələbələrin biri soruşdu.

Əli yenə "Düşmənləri qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin" ayəsini oxuyub əlavə etdi:

- Biz özümüzü gücləndirmək üçün ölümlə nəticələnməyəcəyinə əmin olduğumuz hər bir işi görməliyik. Gərək düşməni kiçik saymayaq.

Onun bu bir-iki cümləsi etirazlara son qoydu, tələbələr Əlidən və digər pasdarlardan üzr istədilər.


Ezamiyyət əmri

Şəhid Əli Təcəllayi

Fəthülmübin əməliyyatından  öncə idi. Korpusun mənim əməliyyatda iştirakımın qarşısını almasından uzun müddət sonra qarşıda böyük bir əməliyyat olacağını öyrənmişdim. Qərara gəlmişdim ki, nəyin bahasına olursa-olsun, bu əməliyyatda iştirak edim. Bilirdim ki, bu, korpusdan uzaqlaşmağımla da nəticələnə bilər.

Bir gün Tehranda keçirilən bir komissiya iclasından qayıdıb korpusa gedəndə qardaşların fərqli ab-havada olduqlarını gördüm. Soruşanda dedilər ki, qardaşların bir qismi gələcək əməliyyatda iştirak etmək üçün cəbhəyə göndəriləcək. O qədər sevinirdim ki, yerə-göyə sığmırdım. Tez təlim mərkəzinə getdim. Orada da mövzu kimin cəbhəyə gedəcəyi idi. Hamı deyirdi ki, səni cəbhəyə qoymayacaqlar. Lakin bilmirdilər ki, daha məndə cəbhədən ayrı qalmaq taqəti yoxdur. Cəbhədən uzaq qalmaq mənim üçün balığın sudan ayrı qalması kimi idi. Təxminən iki-üç ay idi hər gecə Allahla münacat və İmam Mehdiyə (ə) təvəssül edirdim ki, yenə əməliyyatda iştirak edə bilim. Gecə-gündüz işim Allaha yalvarıb ağlamaqdan ibarət olmuşdu.

Tez Təbrizə getdim, bölgə komandiri qardaş Çitçianla telefonla danışdım ki, mənim adımı da cəbhəyə gedənlər siyahısına yazsın. O, tez-tez təkrarlayırdı ki, siz səbirli olun, ancaq mən israrla deyirdim: “Bu dəfə məni cəbhədən saxlaya bilməzsiniz!” Axırda mənə dedi: "Bir dəqiqə gözləyin, görüm adınız siyahıda var, yoxsa yox". Həyəcanla dedim ki, buyurun. Qardaş Çitçian baxıb dedi: "Siz cəbhəyə seçilmisiniz, amma bu şərtlə ki, göndərilən hər iki batalyona başçılıq edəsiniz". Cəld cavab verdim: "Yox, mən iki batalyon şəxsi heyətin məsuliyyətini götürə bilmərəm". O isə mənim cəbhəyə getməyimin bu şərtə bağlı olduğunu bildirdi.

Tez evə gedib yoldaşıma dedim: "Əşyalarımı hazırla, nəyə ehtiyacın varsa de, alım. Sabah cəbhəyə gedəcəm". Sevinməklə bərabər, şəxsi heyətə rəhbərliyə görə narahat idim. Həyat yoldaşım bunu hiss edib soruşdu:

– Niyə narahatsan?

– Şəxsi heyətə rəhbərliyi mənə tapşırıblar, – dedim.

– Sənin rəhbərlik bacarığın var, nəyə görə narahatsan ki?!

Çox gərgin gün idi. Axşam yoldaşımla danışandan sonra yatmazdan öncə namaz qıldım, həmişəki kimi, Fərəc duasını oxuyub yatdım.

Gecə yuxuda gördüm ki, bütün şəxsi heyət cəbhəyə getməyə hazırlaşıb. Sürücümüz Həbib ağadan, "Ezamiyyət əmri kimdədir?" – deyə soruşanda cavab verdi: "Əmr yazılmayıb". Ezamiyyət əmrini almaq üçün Əməliyyat bölməsinə getmək istəyəndə maşının önü bir səhraya çevrildi, bir nəfərin başçılıq etdiyi atlı dəstə bizə yaxınlaşdı. Mən atlıları görüb maşından endim. Komandirləri əlinin işarəsi ilə məni yanına çağırdı. Ona yaxınlaşdım. Mənə bir məktub verdi. Soruşdum:

- Ağa, bu nədir?

- Bu, sənin ezamiyyət əmrindir. Sən bu şəxsi heyətin hamısının komandirisən, - dedi.

O anda bildim ki, bu adam İmam Mehdidir (ə). Əlini tutub demək istədim ki, üzərimə qoyduğu bu məsuliyyətə qarşılıq olaraq, qiyamət günü mənə şəfaət sözü versin, ancaq birdən gözdən itdi və mən yuxudan oyandım.

Təxminən bir saat ağladım. Həyat yoldaşım da oyandı. Yuxumu danışdım. Mənə təskinlik verib deyirdi: "Daha niyə ağlayırsan?! Gərək sevinəsən ki, imam bu vəzifəni sənə tapşırıb". Nəhayət, bu yuxudan sonra daha inamla və Allah-Taalaya imanla vəzifəni qəbul etdim. İmam Mehdinin (ə) özünün komandirliyi ilə – bunu əməliyyat zamanı bir neçə dəfə müşahidə etdik – Riqabiyyədəki düşmən qüvvələrini məhvetmə əməliyyatı tam qələbə ilə başa çatdı.

Mən Fəthülmübin əməliyyatında Şəhid Qazi Təbatəbai və Şəhid Mədəni batalyonlarına rəhbərlik edirdim. Bizim tapşırığımız Riqabiyyəyə hücum edib düşmənin Mışdağ yüksəkliklərinin yanındakı ehtiyat qüvvələrini məhv etmək idi. Hücumumuzdan bir gün qabaq irəliləmə əmri verildi, batalyonlar hədəfə doğru yolun yarısını gedəndən sonra ratsiya ilə xəbər verdilər ki, qayıdın, əməliyyat olmayacaq. Döyüşçülərin çoxu narahat oldu. Ertəsi gün isə yenidən hərəkət əmri verildi və batalyonlar hazırlaşıb yola düşdülər. Mən bu mərhələnin kiçik bir hissəsi barədə bir xatirə yazmaq istəyirəm.

Təxminən günorta saat 12-də İslam qüvvələri tərəfindən əsir tutulmuş düşmən döyüşçüləri dəstə-dəstə geriyə göndərilirdilər. Bu zaman qardaşlar iki düşmən komandirini mənim yanıma gətirib dedilər: "Qardaş Əli, bunları Mışdağda səngərin içindən tutmuşuq". İraqlı komandir məni görən kimi diqqətlə baxıb birtəhər ağzını açdı: "Sən Təcəllayi?" Düşmən komandirindən soyadımı eşidib çox təəccübləndim. Əlbəttə, bu o komandirin zəkasını və dəqiqliyini göstərirdi. Dedim ki, bəli, Təcəllayiyəm. Rabitəçilərin birini özümlə aparmışdım. Qardaş Bənayi Hərbi Hava Qüvvələrinin giziri idi, könüllü şəkildə cəbhəyə gəlmişdi, ingiliscə də bilirdi. Ona dedim: "Bu komandirlə danış, de ki, göstərdiyim planda şəxsi qüvvələrinin mövqeyini, müdafiə xətlərini və hərbi imkanlarını mənə izah etsin".

Xatırladığım qədərincə, Abdullah Kamil adlı general idi. O, cavabdan qaçmağa və yarımçıq məlumatlar verməyə çalışırdı. Nə qədər israr etdim ki, daha dəqiq və tam danışsın, o isə razılaşmadı. Bir komandirin məlumatlarının daha çox olduğunu bildiyimə görə rabitəçimə dedim: "Ona de ki, danışmasa, edam edəcəyəm". Axırda uşaqlara dedim ki, aparın təpənin kənarına. Ayağının yan-yörəsinə avtomatla atəş açdım. Elə bildi ki, daha işi bitib. Qorxudan rəngi ağarmış, dili tutulmuşdu. Birtəhər dedi ki, yaxşı, danışaram. Yenə planın başına keçdik, canlı qüvvələrinin vəziyyətini, imkanlarını, bir neçə gün öncə Riqabiyyəyə hücumda iştirak etmiş tanklarının yerini və yolunu izah etdi. Bizim qətiyyətimizi görən müavini bütün vəziyyəti komandirindən də aydın şəkildə başa saldı. Sonra onlara su və yemək verdik. Qardaşların biri poqonlarını söküb yadigar götürdü. Bir qartal və bir neçə ulduz vardı. Digər əsirlərdən seçilsinlər deyə qollarına ağ parça bağladım, qardaşların birinə təhvil verib dedim ki, bunları tez qardaş Rəhim Səfəvinin yanına aparın, məlumatlarından istifadə etsinlər.

500-600 nəfərlik bir əsir kolonu yola düşəndə həmin komandir dedi: "Mən gərək kolonun önündən gedim. Mən komandirəm, əsgərin, zabitin arxasınca getməməliyəm". Bu zaman qardaşların biri istehzalı gülüşlə ingiliscə dedi: "Sizin komandirlik dövrünüz bitdi. İslam Respublikasında əsgərlə komandir birdir". Həmin komandirlə müavinini kolonun içində geriyə göndərdik.

Fəthülmübin əməliyyatının davamında başqa bir hadisə də baş verdi. İkinci gün hərəkət əmrini alanda, öncəki manevrə uyğun olaraq, qardaş Davud Noşadla Məcid Xanlının başçılıq etdiyi Qazi Təbatəbai batalyonunu düşmənin Mışdağ dağının arxasındakı ehtiyat qüvvələrini məhv etməyə göndərdim. Təxminən axşam saat 10-da, tapşırığa uyğun olaraq, batalyonun bütün keçidləri açılmışdı, yalnız bir manqanın keçidi qalmışdı. Bu zaman ratsiyadan rabitəçi qardaşımız Şəhid Səid Fəqihin səsini eşitdim: "Ya Hüseyn! Ya Hüseyn!" Nə baş verdiyini soruşanda dedi: "Biz döyüşə girdik". Əslində, Riqabiyyə əməliyyatı onların döyüşü ilə başlandı. Təpənin arxasından düşmənin silah-sursatlarının və texnikalarının partlayışından göyə qalxan alovları görürdüm. Tez qardaş Rəhim Səfəvi ilə əlaqə saxlayıb dedim: "Qardaş Rəhim, Qazi batalyonu döyüşə girib". O, digər batalyonların hələ minalanmış sahələrə çatmadan bizim batalyonumuzun döyüşə girdiyinə görə çox narahat oldu. Hər halda, əlimizdən bir şey gəlmirdi. Yalnız İmam Mehdidən (ə) onlara kömək etməsini istəyirdim. Tez-tez soruşurdum ki, vəziyyəti məruzə etsinlər. Gecənin yarısınacan vəziyyətlərinin yaxşı olduğunu bildirirdilər, ancaq birdən dedilər ki, biz mühasirəyə düşmüşük, hər tərəfdən atəş açırlar. Bunu tez qardaş Rəhim Səfəviyə məruzə etdim.

Səhərə yaxın bir neçə dəfə vəzifəmizi öyrənmək və Riqabiyyədə qələbə olmayacağı təqdirdə Qazi batalyonunun geri çəkilməsi barədə qərar qəbul etmək üçün batalyonla əlaqə saxladım. Onlar bütün mərhələlərdə dedilər ki, geri qayıtmayacağıq, son nəfəsimizə qədər vuruşacağıq. Bu sözlərinə və Allah-Taalanın yardımına inamla səhərədək vuruşdular.

Hava işıqlaşmağa az qalmış azmış Mədəni batalyonunu çox çətinliklə tapa bildik. Onları tez Mışdağın arxasındakı dərənin ortasından keçirdim. Cəld bir batalyonu Mışdağ yüksəkliklərinə, birini qardaş Mustafa Mövləvinin və Əkbər Səbzinin başçılığı ilə topxananı tutmağa, üçüncüsünü də mühasirədən çıxmaq üçün Qazi batalyonuna köməyə göndərdim. Qazi batalyonu təxminən 45 dəqiqədən sonra əlaqə saxlayıb dedi ki, mühasirədən çıxdıq və təyin olunmuş hədəf tam nəzarətimizdədir. Cəld köməkçi qüvvələri göndərdim, hamısı mövqeyi boşaltmağa başladılar. Qazi batalyonunun döyüşdüyü yerə çatanda gördüm ki, düşmən cəsədləri bütün kanallarda üst-üstə yığılıb, çanta və paltarları da səngərin kənarındadır. Sonradan araşdıranda bildim ki, biz hücuma keçən axşam oraya bölgə ilə tanış olmayan yeni qüvvələr gətiriblər. Dəyişilmiş şəxsi heyət də öz əşyalarını toplayıb ki, sabah oradan getsin. Beləliklə, çox hazırlıqsız yaxalanmışdılar.

Əməliyyatın bir gün təxirə salınması bizə ən böyük ilahi yardım oldu, düşmənlərin çoxunun məhv edilməsi ilə nəticələndi. Əslində, bizim döyüşçülərimiz mühasirədə deyildilər, Mışdağdan və Riqabiyyədən qaçan düşmən qüvvələri müdafiə mövqeyi seçmək üçün geri çəkilərkən Qazi batalyonu ilə rastlaşmışdılar. Bizim uşaqlarımız da elə bilmişdilər ki, düşmənə köməkçi qüvvələr gəlib.

***

Qeybi yardım elə məsələdir ki, həqiqətən də, hər şeydən çox ona güvənmək olar. Briqada və ya batalyonda vəzifəsi olan qardaşların çoxu plan hazırlayan zaman dalana dirənəndə deyirlər ki, bu məsələni İmam Mehdinin (ə) özü və əsgərləri həll edib bizə yol açsınlar. Biz də düşünürük ki, bu, öz gücümüz deyil, biz, xüsusən də bəndəniz bu ağır məsuliyyətləri üzərinə götürəcək adam deyiləm. Çünki nə hərbi mütəxəssisəm, nə də hərbi təhsil almışam. Biz əvvəlki məhəllə uşaqlarıyıq, indi hərəmiz bir vəzifəyə keçmişik, üzərimizə gücümüzdən artıq məsuliyyət götürmüşük. Lakin ümidvarıq ki, inşallah, həzrət Mehdinin (ə) özü əsgərləri ilə əməliyyat günü bizə kömək edəcək, əməliyyatla və onun planı ilə bağlı bütün dalanlarda problemlərimiz qeybi qüvvələr və mələklər vasitəsilə həll olunacaq.



Gözəl bir məktub

Salam, qızım Məryəm. Bu gün cümə axşamı, 21 iyul 1983-cü ildir. İki gündür Piranşəhr bölgəsində Vəlfəcr-2 əməliyyatı başlayıb. Allah-Taalanın köməyi ilə bəəsçi kafirlər məhv edilirlər. Bu arada, İslam ordusundan da Allahın dərgahına şəhidlər hədiyyə olunur.

Qızım! Bura haqla batilin mübarizə yeridir. İnsan burada Allahı, axirəti və maddi həyatın puçluğunu dərk edir, insanın və onun ilahi yaranışının üstünlüyünü görür. Qızım! İndi atan Qəmtərə dağının yamacında Malik Əjdər adına batalyonun komandir səngərindədir. Yaranmış fürsətdən istifadə edib səninlə bir qədər dərdləşmək istəyirəm.

Qızım, insan bu yolu qət etməkdədir. Quranın aydın ayəsinə əsasən, "Allah iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər".  Bəşər cəhalət, maddiyyat və nöqsanlıq zülmətindən ilahi elm və nur vadisinə yönəldilir, bu problemlərə dözməklə yaradana çatır, bu nur karvanı Allah görüşünə doğru baş alır və İmam Xomeyninin Quran sözündən ibarət karvanının gur səsi bütün dünyaya yayılır.

Qızım! Yalnız ilahi yolda qəlblər Allaha yaxınlıq məqamına nail olur, torpaq dünyanın, nəfs və şeytan yolunun təhlükəli labirintlərindən çıxış yeri görünür, insan siddiq və müxlislərin məqamından ibarət son mənzilinə çatır.

Qızım! Allah Quranın 95-ci surəsində əncirlə zeytuna and içir ki, biz insanı ən yaxşı, ən yüksək təbiətdə, əzəmətdə, ən gözəl şəkil və görkəmdə yaratdıq, axırda onu ən aşağı dərəcəyə endirdik; yalnız Allaha iman gətirib Onun bəyəndiyi yaxşı əməllərlə məşğul olanlardan başqa. Odur ki, qızım, əsl və əbədi xoşbəxtlik beş etiqad prinsipinə inamdan, əbədi axirət həyatına hazırlıq olan bir neçə günlük həyatda onlara əməl etməkdən ibarətdir.

Qızım! İnsan özünün ölüm halındakı vəziyyətindən xəbərdar olanda, bərzəx aləminin nə olduğunu, insanın bərzəxdən böyük qiyamətə aparılmasının, bəşəriyyətin sual-cavab üçün Allah-Taalanın hüzuruna toplaşmasının, şəhid və möminlərin şəfaətinin, Kövsərin, cənnət və cəhənnəmin nə olduğunu dərk edəndə Allah-Taalanın böyüklüyünü, mütləq qüdrəti, bu dünyanı və insanın görmədiyi metafizik aləmi öz şüuru qədərincə anlayır. İnsan bu məsələləri dərk edərək kamil həyat sürür və insaniyyətin yüksək dərəcələrinə nail olur.

Qızım! Bu gün həyat bir çox insanlar üçün başqa şəklə düşüb. Bir qrup qüvvə öz vəhşilikləri və nəfsi meyilləri naminə bəşəriyyəti fəsada sürükləmək istəyirlər. Bu gün bir çox toplumlarda insanları mənəviyyat və həqiqətdən uzaqlaşdırıblar, dünya miqyasında bir çox təşkilatlar insanları əsl ilahi dəyərlərdən uzaqlaşdırmağa, maddi həyatda, torpaq dünyanın aldadıcı və davamsız gözəlliklərində məhv etməyə çalışırlar. Bəzi əllər bu ilahi varlığı dünyanın ən dəyərsiz dərəcəsinə endirmək istəyirlər. Qızım! Əgər insan bu yolla getsə, o qədər tənəzzül edər ki, Allahın bəxş etdiyi bütün ömrünü və varlıq sərvətini zikr, səcdə, ibadət və Allahın razılığı üçün çalışmaq yerinə əfsanəvi nağıllar danışmağa sərf edər, zahiri hörmətini və yetişməmiş bir ömrünü qorumaqdan ötrü maddi həyatın səmərələrindən uzaq qəlblə dünyadan köçər, yaşadığı ömrə həsrətlə baxar, əməllərinin peşmanlığı bütün vücudunu bürüyər.

Qızım! Allah-Taala dini göndərib ki, bizə xeyirli olan, tərəqqi və təkamülə maneçilik törətməyən işlər bəlli olsun, xeyir verməyən, cəhənnəmə sürükləyən uzun nəfs arzularının yolu bağlansın. Din insanı əbədi həyata aparan göstərişləri çatdırır. Qızım, bu ilahi təlimləri diqqətlə öyrən, Qurani-kərimin əmrlərinə əməl et ki, İslam inqilabı nəslindən, Allahın nişanələrindən və şəhidlər qanının mühafizəçilərindən olan varlıq səmərən təkamülə çatsın, Allah-Taalanın sənə verdiyi istedad və potensialdan da maksimum istifadə edəsən.

Qızım! Belə olsa, dünyadan köçəndə sevincək və yüngül olacaqsan, çünki maddi dünyadan kamilləşərək keçmiş və Allahla əlaqə qurmuşsan; ölümdən qorxmayacaq, əksinə, onu çox sevəcəksən.

Qızım! Övladının boynunda haqqı olan bir ata kimi xahiş edirəm, ilahi göstərişlərə əməl edəsən. Bu zaman ömrün boşuna keçməz, pak və zərif qəlbinə batil hakim olmaz.

Qızım! Allah Nur surəsinin 37-ci ayəsində buyurur: "O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən (qiyamət günüdən) qorxarlar".

Qızım! Bu dünyanın maddi həyatı və onun aldadıcı gözəllikləri ilğım kimidir. İlğım isə heç zaman insanı doyura bilməz. Nəticədə, ömür hədər gedər və dünyanın həqiqi tanrısının hüzurunda xəcalətli halda sorğu-sual edilərsən.

Qızım! Bu gün Allahın dininə və İslam inqilabına qarşı çıxanların, bu şəhidpərvər torpaqda İslam ordusu ilə vuruşanların da bir məqsədi var. Onların yolu ilğımdan ibarətdir, İslam ordusu isə əsl bulaq və həqiqi insani dəyər ardıncadır. Onlar öz qanlarına bələşib Allah nurundan ibarət olan bulaqdan su içirlər.

Qızım! Bu ilahi ordu ilahi rəhbəri ilə birlikdə həqiqət suyu yolunda hərəkət etdiyinə görə Allah düşmənlərinin batil xəyallarını və mənfur fikirlərini puç edəcək, həzrət Mehdinin (ə) rəhbərlik etdiyi ilahi yolu öz qanıyla bütün dünyaya göstərəcək.

Qızım! Ümidvaram, bu öyüd-nəsihətlərdən və bu inqilabın fədailərindən dərs alıb dünya və axirət həyatında həqiqət suyunun və Allah nurunun ardınca olacaqsan.


Atan Əli

Piranşəhr cəbhəsi





Komandirlik kursu

Tağı Qəhrəmanniya, Əhməd Sövdagər

Müharibə zamanı Keşikçilər korpusunun komandirlik kursu yox idi və uşaqlar bu təlimi orduda keçirdilər. Qardaş Rəhim Səfəvi hər dəfə pasdarların beş-altı nəfərini bu kursa göndərirdi. Vəlfəcr-4 əməliyyatından sonra, Xatəm qərargahının Əməliyyat planı xidmətinin rəisi olduğu zaman Əli Təcəllayi də ordunun komandirlik kursuna göndərildi.
Kurs başlanandan dörd ay sonra Tehrana Əlini görməyə getdim. Allah rəhmət eləsin, Hüseyn İmami ilə görüşdüm. Mənə dedi: "Qəhrəmani, dostun qiyamət adamdır! Hamının yanında hörməti var". Soruşdum ki, nəyə görə? Dedi ki, özündən soruşarsan. İnstitutun həyətində Əlini tapıb dedim: "Əli, İmami nə deyir?" Gülüb dedi: "Bir şey deyil". Sonra cibindən bir kağız çıxarıb mənə verdi. Müdafiə nazirliyinin Quru Qoşunlarının komandanı polkovnik Həsəni Sədinin Rəhim Səfəviyə məktubuydu. O, korpusdan xahiş etmişdi ki, Əli Təcəllayini təlim keçmək üçün ordunun institutunda saxlasınlar. Kurs bitəndə da Əli oranın ən nümunəvi məzunlarından biri elan olundu.

***

Əli ordu zabitlərinin keçdiyi dərslərdə korpusu və onun müharibədəki çıxışını müdafiə edirdi. Əlbəttə, o, korpusun və Bəsicin fəaliyyətlərini sual altına salmaq istəyənlərə qarşı həmişə sərt etiraz etmişdi. Orada isə zabit müəllimlər Əlinin saysız-hesabsız suallarından təngə gəlmişdilər. Bir gün müəllimlərin biri mənə yaxınlaşıb dedi: "Dostuna de ki, mənimlə bu qədər mübahisə etməsin. Onun tənqidləri doğrudur, bilirəm ki, o, əsasnaməni kökündən qəbul etmir. Dəlilləri də məqbuldur, amma mənim vəzifəm bu əsasnaməni öyrətməkdir".

Qeyd etməliyəm ki, təlim boyunca nə vaxt əməliyyat başlayırdısa, dərsləri buraxıb hərbi birləşmələrə qoşulurduq. Kurs zamanı iki əməliyyat oldu. Onların biri Xeybər əməliyyatı idi. Bir-birimizdən uzaq olduğumuza görə mən Əlini görmədim. Digər əməliyyatda da o, Əməliyyat bölməsindəydi, mənsə Kəşfiyyatda. Əlbəttə, Əlinin iclaslardakı özünəməxsus arqument və əsaslandırmaları sayəsində bu əməliyyat növbəti ilə qədər təxirə salındı.

Ardı Vardır...


Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*