?>
Şəhidlərlə Tanışlıq

Şəhid Əli Təcəllayinin xatirə və əlyazmaları (1-ci bölüm)

Şəhid Əli Təcəllayinin xatirə və əlyazmaları (1-ci bölüm)

Əli 1980-ci ildə Keşikçilər korpusu tərəfindən Əfqanıstana ezam olundu. Ona verilən tapşırıq keçmiş Sovet işğalçılarına qarşı müharibədə əfqanıstanlı müsəlmanlara kömək etmək idi. Bu ezamiyyətdə mən də onunla birlikdə idim. Bizə üç müxtəlif sahədə tapşırıqlar verildi:1. Komandirlik təlimi mərkəzi açmaq;2. İmam Xomeyninin Əfqanıstandakı nümayəndəsini mühafizə etmək;3. İslam Respublikasının nağd yardımlarını əfqanıstanlı mücahidlərə çatdırmaq.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın Mədəniyyət Bölümü: Qarşınızdakı bu yazı “Eşqin təcəllası” adlı kitabdan iqtibas edilib.

Qarşınızdakı əsər misilsiz şəxsiyyəti hələ də tanınmaz qalmış sərhədsiz və məzarsız mücahidə öz həddimizdə təşəkkürnamədir. O, torpaqlarımızın bir qarışı da yad əllərdə qalmasın deyə canını qurban vermiş insandır. O, nişan mərasimində nişanlısına bu sözləri söyləmiş şəxsdir: "Eşitmişəm ki, gəlin nikah əqdi oxunan zaman hansı duanı etsə, Allah qəbul edər. Əgər məni sevirsənsə, xoşbəxtliyimi istəyirsənsə, dua et ki, şəhid olum". Bu düşüncənin qiymətini Əli Təcəllayidən başqa kim bilərdi ki?! Onun kimi aşiq olmaqdan ötrü imanın hansı dərəcəsinə nail olmaq lazımdır görəsən?! Döyüşə getməməkdən ötrü min cür səbəbi vardı, amma heç biri onu qorxu və təhlükə dolu səhnələrdən saxlaya bilmədi. Digər Allah adamları kimi yarın gözəlliyindən başqa bir şey görmədi, Xatəmül-ənbiya qərargahındakı kabinetini tərk edib Süsəngirdin azadlığının yadigarı olan, hər yerində güllə və qəlpə izi görünən döyüş paltarını geyindi, dünyəvi bağlardan uzaq, tanınmaz halda Bədr əməliyyatına, özünün son döyüşünə yollandı.

Yüksək rütbəli müharibə komandirlərinin çoxu düşünür ki, Əli Təcəllayi sağ qalsaydı, Bakirilərə yaxşı əvəzedici ola bilərdi. Lakin o, zəncirlərdən azad olmuşdu və şəhadətdən başqa bir şeylə sakitləşə bilmirdi.

Şəhid Həsən Baqirinin bu sözü bizim fəaliyyətlərimizin sərlövhəsidir: "Biz bu inqilaba və şəhidlərə borcluyuq; anaların göz yaşlarına, uşaqların atasızlığına və xanımların gözlərinin yolda qalmasına borcluyuq”. Biz şəhidlərə, müharibə əlillərinə, əsirlikdə olanlara və onların ailələrinə borcluyuq. Bakirilərə, Şəfizadələrə, Yağçianlara və digərlərinə borcluyuq. Biz Süsəngirdin fatehi olan Əli Təcəllayiyə borcluyuq; hansı ki, son məktubunda yazmışdı: "Əminəm ki, daha qayıtmayacam. Allah eləsin, cəsədim də qayıtmasın!"...

 

Şəhid Əli Təcəllayinin həyatının xronologiyası

28.07.59 - Təbrizin Maralan məhəlləsində, Şəhid Müntəziri xiyabanında dünyaya gəlib.

1965 - Orta məktəbə daxil olub.

1977– İranda şah rejimi əleyhinə bəyanatların çap və nəşri, mitinq və yürüşlərdə iştirak edib.

1979 - İslam İnqilabının Keşikçiləri Korpusuna daxil olması, Tehranın Sədabad sarayında Şəhid Səid Gülabbəxşin nəzarəti altında keçirilən hərbi təlimləri bitirib.

1980 - Təbrizin Xasiban bölgəsindəki Seyyidüş-şühəda hərbi mərkəzində təlimçi pasdar kimi fəaliyyəti, sonra isə əks-inqilabçı hərbi qüvvələrə qarşı vuruşmaq üçün Kürdüstana gedib.

1980 - Əfqanıstana mühacirəti, işğalçı Sovet qoşunlarına qarşı vuruşan məzlum Əfqanıstan xalqına yardım etməsi, mücahidlərə ilk komandirlik təlimi mərkəzini yaratması.

1980 - İraqın İrana hücumundan sonra Əfqanıstandan qayıdıb ölkənin cənub cəbhələrinə yollanması, Dehlaviyyə döyüşlərində və Süsəngird qəhrəmanlığında iştirak etməsi, Dehlaviyyə istiqamətinin əməliyyat komandiri və Süsəngird korpusunun əməliyyat komandirinin müavini vəzifələrində çalışması, Süsəngird döyüşündə aldığı yaraların müalicəsi üçün Tehrana göndərilməsi.

1981 - Xanım Nəsibə Əbdüləlizadə ilə ailə qurması.

1981 - Piranşəhr korpusunun Əməliyyat rəisi kimi fəaliyyətə başlaması.

1982 - Fəthülmübin əməliyyatında Şərqi Azərbaycan vilayətindən ezam olunmuş Şəhid Mədəni və Şəhid Qazi batalyonlarının komandiri vəzifələrində xidmət etməsi.

1982 - Aşura briqadası komandirinin birinci müavini kimi Beytülmüqəddəs əməliyyatında iştirakı.

1982 - Aşura briqadası komandirinin Əməliyyat planı xidmətinin rəisi kimi Ramazan əməliyyatında iştirakı.

1983 - Vəlfəcr-hazırlıq əməliyyatında iştirakı.

1983 - Qardaşı Mehdi Təcəllayinin şəhadəti.

1983 - Ordunun komandirlik təlimində iştirak etməsi üçün Tehrana ezam olunması.

1983 - Korpus komandirinin peşəkar təlimlər üzrə müavini vəzifəsinə təyin olunması.

1983 - Xatəmül-ənbiya qərargahının Əməliyyat planı xidmətinin rəisi kimi Vəlfəcr-2 və Vəlfəcr-4 əməliyyatlarında iştirakı.

1984 - Xeybər əməliyyatında iştirakı.

1984 - Zəfər qərargahı komandirinin birinci müavini təyin olunması.

08.02.85 - Bədr əməliyyatında snayper və Aşura diviziyasının İmam Hüseyn (ə) batalyonunun idarəçisi kimi iştirakı.

16.03.85 - Dəclənin şərqində şəhid olması və pak cəsədinin itkin düşməsi.

 

 

Kaş SAVAK -da işləyəydim

Məhəmməd Təcəllayi

Yeddinəfərlik ailəmizin birinci oğlu Ənuş idi. Biz üç qardaş, iki bacı idik: Ənuş, Kuroş, Daryuş, Həmidə və Vəhidə. Atam Maqsud Təbrizin yaxınlığında yerləşən Basmınc rayonundan idi. Biz mənşəcə oralıyıq. Anam Huriyyə İntizarifərəc evdar qadın, atamsa dərzi idi, Təbrizin keçmiş Mənsur (indiki Şəhid Behişti) dördyolunda dükanı vardı. Gəliri çox deyildi, amma dolana bilirdik.

Qardaşım Əlinin inqilabdan öncə Əli Şirazi kimi tanınan şirazlı bir dostu vardı. Bacısı Təbriz Dövlət Universitetində təhsil alırdı. O, həm bacısına baxmaq, həm də özü tək qalmamaq üçün Təbrizə köçmüşdü. Bacısı hicablı tələbələrdən idi. Onlar Təbrizin Hafiz xiyabanında qalırdılar. Bizimlə qonşu olduqlarına və şah rejiminə qarşı fəaliyyətlərinə görə Əli onunla tanış idi.

Əli hər gün gizlicə evə kitab gətirib balışın və ya mütəkkənin arasında gizlədir, yatan vaxtı çıxarıb oxuyurdu. Bu iş davam edir, onun inqilabi ruhiyyəsi hər gün güclənirdi.

Əli Şirazi Əli ilə birlikdə Tərbiyət liseyində bir sinifdə oxuyurdu. Hamı icbari şəkildə Dirçəliş partiyasına üzv ediləndə Əli Şirazi bacısının universitet təhsilinə problem yaranmasın deyə blankı imzalamışdı. Liseydə Dirçəliş partiyasının blankını imzalamayan yeganə şagird isə Əli olmuşdu. O, etiraz edən direktora və müavininə demişdi: "Məgər siz azadlıqdan dəm vurmursunuz?! Mən də azadam və üzv olmaq istəmirəm!" Onlar atamla əlaqə saxlayıb demişdilər ki, bu hərəkəti oğluna problem yarada və onu azadlıqdan məhrum edə bilər. Atam Əli ilə çox danışmış, o isə razılaşmamışdı.

Bir gün direktorluqdan yenə Ənuşu (Əli) çağırdılar. Direktorun otağına girəndə bir neçə nəfərin mülki geyimdə onu gözlədiklərini görüb məsələnin nə yerdə olduğunu bilmişdi. Onların biri soruşmuşdu: "Niyə üzvlük blankını imzalamamısan?" Onlara qabaqkı cavabı vermişdi. Onlar Ənuşun müqavimətini görüb özləri ilə aparmış, 12 saata yaxın saxlamış, sonra isə, “İmzalamasan, sonun pis olacaq" -deyə hədələyib buraxmışdılar. Ertəsi gün bir daha blankı imzalamağa çağırmışdılar, o isə yenə imzalamamışdı.

***

Ənuş Əli Şirazi ilə münasibət qurandan, digərləri ilə birlikdə komanda yaradıb rejim əleyhinə fəaliyyətlərə başlayandan sonra SAVAK onlardan şübhələnib Əli Şirazini həbs eləmək fikrinə düşdü.

Bu zaman Ənuş iclasda komandanın üzvlərinə dedi: "Bu gündən hamımızın adı Əlidir. Beləliklə, hər hansımız ələ keçib adının Əli olduğunu söyləsə, SAVAK çaşbaş qalıb Əli Şirazinin dostlarını tuta bilməyəcək".

İnqilabdan sonra Daryuşla mən də adımızı dəyişdirmək istəyirdik. Əli böyük oğul olduğuna görə ona dedik ki, sən gərək adını Məhəmməd qoyasan. O isə razılaşmayıb dedi: "Mən artıq Əliyəm. Sən adını Məhəmməd qoy". Beləliklə, mən Kuroş Məhəmməd oldum, Daryuş da Mehdi.

***

Sonralar Əli mənə bir söz dedi, onu başqa birinə də dediyini zənn etmirəm. Mənə dedi ki, aramızda qalsın, amma kaş inqilab başlayan günlərdə gedib SAVAK-da işləyəydim.

- Sən adicə blankı imzalamırdın, necə yəni SAVAK-da işləyəydim?! – deyə təəccüblə soruşdum.

– Bəli, o blankı imzalasaydım, problemim də olmazdı və asanlıqla SAVAK-a üzv ola bilərdim. Onların içinə girib məlumatlarını bayıra ötürərdim. Yəni o qorxunc təşkilata sızmış bir inqilabçı olardım. Bu zaman həbs etmək istədikləri adamlara dair məlumatları öyrənər, planlarına mane olardım. Mənsə bu imkanı asanlıqla əldən verdim.

***

Bizim qədim həyətimiz Böyük Hafiz xiyabanında yerləşirdi. Həyətin sonunda on-on beş toyuq saxlayırdıq. Bir gün Əlinin orada bir neçə aparat gizlətdiyini bildim. Orada yavaşca, səssiz-səmirsiz işləyirdi. Bir müddətdən sonra onları kiçik otağımıza gətirdi. Soruşdum ki, bunlar nədir? "Bu, çap maşınıdır, bu da kserokopiya aparatı" – deyib hər birindən istifadə qaydasını göstərdi. Şablon üzərində bəyanat çap edirdi. Kommersiya sahəsində təhsil aldığına görə çap və surətçıxarma aparatlarıyla tanış idi. O aparatlar əvvəlcə Əli Şirazigildə olmuşdu. SAVAK ondan şübhələnəndən sonra bizə gətirmişdilər.

Bir müddətdən sonra çap etməyi mənə öyrətdi, sonra da kiçik qardaşımız Mehdini bu işə cəlb elədi: o, aparatın dəstəyini fırladırdı. Çox şeyi mən ilk dəfə bu işlər əsnasında öyrəndim; məsələn, İmam Xomeyninin adını Əlidən eşitdim. Bəzi bəyanatların üstünə belə yazılmışdı: "Şəhidlərin və siddiqlərin Rəbbinin adı ilə".

Atamız bizim işlərimizi görəndə Əliyə deyirdi: "Oğul, bilib gələrlər, sizi həbs edərlər!" Əli də deyirdi ki, inşallah, heç nə olmaz. Beləliklə, evimiz bəyanatların yazılıb çoxaldıldığı ən böyük yerlərdən birinə çevrildi. Mən tez-tez çap edirdim, Əli oxuyurdu, sonra surəti çıxarılırdı.

***

Təbrizdə hərbi rejim və etiraz aksiyaları başlayandan sonra bazar tətil olundu, atamın dükanı da bağlandı. Maddi vəziyyətimiz çox da yaxşı olmadığına görə tətillər bizə problem yaradırdı. Bir dəfə Əli dedi ki, üçümüz də gedək, qəzet sataq. Ona dedim ki, indi hərbi rejim var, bayıra çıxmaq olmaz. Dedi: "Əgər üçümüz bir olsaq, heç nə edə bilməzlər. Həm də üstəlik, ailəmiz nə iləsə dolanmalıdır, yoxsa yox?! Əlimizi əlimizin üstünə qoyub gözləyə bilmərik".

O zaman səhər tezdən bir avtobus gəlib həmin günün qəzetlərini “Keyhan” qəzetinin redaksiyasının önünə qoyurdu, oradan satıcılara paylanırdı. Biz də gedib bir qədər qəzet götürür və şəhərdə satırdıq. Bir-iki dəfə əsgərlər bizi saxlayanda Əli onlara, "Biz qəzet satırıq, heç kimlə işimiz yoxdur" - dedi və bizi buraxdılar.

Bir neçə gündən sonra Əli yeni bir üsula əl atdı, hər qəzetin arasına İmam Xomeyninin bir bəyanatını və şəklini qoymağa başladı. Beləliklə, hərəmiz gündə satdığımız yüz qəzetlə üç yüz bəyanat və şəkil də yaymış olurduq. Bir gün mənə dedi: "Bu gün qəzet bizim bəyanatlarımızın bir hissəsini çap edib, yazıb ki, bunlar bu bəyanatlarla xalqı iğtişaşa təhrik edirlər". Qəzeti oxuyanda gördüm ki, bizim evimizdə yazıb yaydığımız bəyanatlardandır.

Mehdi ilə mən satılmış qəzetlərin pulunu bir daxıla atırdıq. Əli bizə deyirdi: "Siz ailəmizə kömək edin, mən də bir ehtiyaclı ailəyə kömək edim". O bu işdən ötrü atamdan icazə də aldı. Atam dedi: "Eybi yoxdur, hələlik bu pulla dolanarıq". Əli qəzetlərdən qazandığı pulu başsız qalmış yoxsul bir ailəyə verirdi.

O günlərdə qəzetlərin biri Əlini təxribatçı adlandırıb şəklini dərc etmişdi. Tanışların biri bunu atama xəbər verib dedi ki, oğluna de, bir neçə gün görkəmini dəyişdirsin. Əli də uzun müddət başına papaq qoydu və geyim tərzini dəyişdirdi.

***

Polis bölməsi bizim məhəlləmizin yaxınlığında, Ərk küçəsində yerləşirdi. Bir gecə bir polis xidmət yerinə gedəndə Əli və dostları onun revolver tapançasını alıb özünə demişdilər: "Səsin çıxmasın! Başını aşağı sal və düz bölməyə get. Biz arxanca gəlirik, bölməni ələ keçirəcəyik". Polis bölməyə doğru getmiş, Əli və dostları da Ərk küçəsinə girib qaçmışdılar. Bunları Əlinin özü mənə danışmışdı.

İslam inqilabı qələbə çalandan və Keşikçilər korpusu yaranandan sonra ona qoşulan ilk şəxslərdən biri Əli oldu.

Ağır şərait

Rza Celodari

Məncildə keçirdiyimiz komando təlimlərinin son mərhələsində manqalara bölünüb su, yemək və odlu silah olmadan sıx meşənin içində bir həftə yaşamalı idik. Əli Təcəllayi bizim manqa komandirimiz oldu. Meşəyə buraxılmazdan öncə təlimçi pasdarların ciddi yoxlamaları başlandı. Hətta bircə saqqız belə götürməyə qoymurdular. Onlar yoxlanış zamanı Əlinin çantasından iki ədəd diş pastası tapdılar. Yoxlayan ondan soruşdu ki, bunlar nədir? Əli cavab verdi: "Diş məcunu. Vərdiş etmişəm, gecə dişlərimi fırçalamasam, yata bilmirəm".

O, diş məcununun plombunu qapağı ilə açıb sıxdı. Bir qədər diş məcunu bayıra çıxdı. Bundan sonra onları Əliyə verib istehza ilə dedi: "Əgər su tapsanız, bu məcundan da istifadə edərsiniz".

Yoxlanışdan sonra gecə vaxtı şimal meşələrinə yollandıq. Dərs zamanı meşədə sağ qalmağın yollarını, müxtəlif ilanları, canlı varlıqları, vəhşi heyvanları, quşları, meşə ağaclarını və meyvələri necə yeməyi öyrənmişdik. Bu bir həftəyə dözə bilməsəydik, kursdan ixrac olunacaqdıq.

Meşə həyatı başlandı. İlk iki gündə ağacların yarpaqlarından və kal meyvələrdən istifadə etdik. Su yox idi. Üçüncü gün Əli dedi ki, iki gün diş məcunu yeyəcəyik. Hamının ürəyi bulandı. Dedik ki, biz torpaq yeyərik, amma diş məcunu yemərik. O, pastaların birini çantasından çıxardı, məcununu preslənmiş dibi ilə birlikdə bayıra çıxarıb dedi: "Bura gəlməzdən öncə bu iki məcunu çox diqqətlə balla doldurmuşam. Bu gündən ağac yarpağı ilə bal yeyəcəyik".

Onun bu zirəkliyi hamımızı həyəcanlandırdı. Həmin iki məcun son günə qədər meşə yeməklərimizin xuruşu oldu.

Yavaş-yavaş sağ qalmağa ümidvar olduq. Bir dəfə meşədə ölü bir quş tapıb günortaya yedik. Üçüncü gün bulanıq suyu olan kiçik bir bulaq tapdıq və susuzluq problemimiz təxminən aradan qalxdı. Dördüncü gün ov və yemək axtaranda bir daxma ilə rastlaşdıq. Orada qoca kişi ilə arvadı yaşayırdı. İki inəkləri də vardı. Beşinci gün inək südü içdik. Onlar bizə meşə həyatındakı təcrübələrindən danışdılar, çox faydalandıq. Onların köməyi ilə təmiz bir bulaq tapıb doyunca içdik. Altıncı və yeddinci günlərdə də ağac yarpaqları və diş məcununun içindəki balla qidalandıq və beləliklə, ağır meşə şəraitində sağ qalmaq həftəsini uğurla başa vurub qəbul olunduq.

Əfqanıstan ezamiyyəti

Nasir Bayraqi

Əli 1980-ci ildə Keşikçilər korpusu tərəfindən Əfqanıstana ezam olundu. Ona verilən tapşırıq keçmiş Sovet işğalçılarına qarşı müharibədə əfqanıstanlı müsəlmanlara kömək etmək idi. Bu ezamiyyətdə mən də onunla birlikdə idim. Bizə üç müxtəlif sahədə tapşırıqlar verildi:

1. Komandirlik təlimi mərkəzi açmaq;
2. İmam Xomeyninin Əfqanıstandakı nümayəndəsini mühafizə etmək;
3. İslam Respublikasının nağd yardımlarını əfqanıstanlı mücahidlərə çatdırmaq.

Plana görə, biz başqa üç pasdarla birlikdə Zahidan korpusu vasitəsilə Əfqanıstana getməli idik. O zaman İran-Əfqanıstan sərhədlərinə Sovet ordusu nəzarət edirdi. Biz Əfqanıstan pasportu alandan sonra əfqanıstanlı qardaşların karvanı ilə birlikdə əvvəlcə Pakistana yola düşdük. Əfqanıstana gedən yeganə yol əlverişli olmadığına görə qərara alındı ki, bir müddət orada qalaq. Əli bu müddətdə bekar oturmadı, İmam Xomeyninin Pakistandakı nümayəndəsi ilə görüşüb bildirdi ki, Əfqanıstan yolunda pusquların qurulduğuna və İslam Respublikasının nağd yardımlarının quldur dəstələr tərəfindən ələ keçiriləcəyinə dair şübhələr var.

Həmin görüşdə Əlinin təklifi ilə qərara alındı ki, pullar hamımızın arasında bölünsün, az bir qismi də imamın nümayəndəsində qalsın.

Əlinin növbəti addımı Pakistan müsəlmanlarının yürüşündə İmam Xomeyninin şəkillərinin yayılması oldu. Bu, Pakistanda ilk dəfə idi baş tuturdu. O, Küveytə şəhərində keçirilən yürüşlərin birində İmam Xomeyninin yüzdən çox şəklini payladı və yürüş iştirakçıları tərəfindən müsbət qarşılandı. Onlar bu şəkillərin birini polis bölməsinin önünə vurmuşdular. Bu iş Pakistanın təhlükəsizlik qüvvələri tərəfindən təqib olunmağımıza səbəb oldu. Əli qərara gəldi ki, tez Pakistandan çıxaq. Odur ki, bir gecə gizli şəkildə Küveytə şəhərindən Əfqanıstana yola düşdük.

Əli Əfqanıstanda yerli mücahidlərə təlim keçməklə bərabər, çox vaxt döyüş mövqelərinə gedirdi, müdafiə mövqeyinin vəziyyəti, canlı və texniki qüvvənin düzülüşü və atəş məsafələri barədə ona məlumat verirdilər. O, mücahidlərin komandirlərinə bütün sahələrdə lazımi tövsiyələri verirdi; bir neçə hücumda iştirak da etdi və şəxsi heyətə başçılığı üzərinə götürdü. O, Əfqanıstanın bir neçə yerində yürüşlər təşkil etdi, "Amerikaya ölüm" və "İsrailə ölüm" şüarları səsləndirdi. Əfqanıstanda komandirlik təlimi mərkəzi təsis etdi, təxminən üç yüz nəfərin etiqadi, əxlaqi, siyasi və hərbi sahələrdə təlim-tərbiyəsi ilə məşğul oldu. Əfqanıstanda qaldığı dörd ay ərzində yerli mücahidlər onu hədsiz dərəcədə sevməyə başladılar.

İraq-İran müharibəsi başlayandan sonra Əli Əfqanıstanı tərk edib İrana qayıtdı. O, hətta görüş və istirahət üçün evinə də getmədi, birbaş cənub cəbhələrinə yollandı.

 

“Pəyame-İnqilab” jurnalına müsahibə, dekabr 1980

Süsəngird Təcəllayinin sözlərində

Müharibənin əvvəllərində, 1980-ci ilin məhərrəm ayında çoxlu israrla cənub əməliyyat qərargahından Dehlaviyyəyə hücum icazəsi aldım. Qardaş Rindinin başçılıq etdiyi 36 nəfərlik bir və ordunun kapitanı Əhmədinin başçılıq etdiyi xüsusi təyinatlı qüvvələrindən də başqa bir taqımla bu istiqamətə rəhbərlik mənə tapşırıldı. Hər iki taqım mənim nəzarətim altında işləyəcəkdi. Düşmən də Süsəngirdi müxtəlif istiqamətlərdən mühasirəyə almaq fikrinə düşmüşdü.

Biz korpus qüvvələri, Bəsic qüvvələri və müxtəlif müdafiə dəstələri ilə birlikdə Dehlaviyyə bölgəsinə yerləşmişdik. İraqın muzdur bəəsçi qoşunları 14 noyabr 1980-ci ildə səhər saat 9-da pasdar qardaşlara hücuma keçdilər. Bu döyüşlərdə onlarla tank, avtomobil və zirehli maşın iştirak edirdi. Düşmən 4100-dən artıq piyada ilə irəliləyərkən pasdar qardaşların pusqusuna düşdü. İki saat vuruşandan sonra pasdarlar onlarla yaralı və şəhidi orada qoyub geri çəkilməyə, Dehlaviyyə səngərindəki qardaşlarla birlikdə müqavimət göstərməyə məcbur oldular.

Biz Süsəngirdə gələndə bura müdafiə mövqeyində idi və sayı çox az olan ordu qüvvələri Əhvazın yaxınlığına yerləşmişdi. Orada yalnız korpus və Bəsic qüvvələri partizan əməliyyatları həyata keçirirdilər. İmkanları zəif idi, aldıqları nəticə də ona uyğun olurdu.

Biz ezam olunanda şəhərdə vəziyyət normal idi. İraqlı qüvvələrin taktikası belədir ki, girmək istədikləri bölgəni bir neçə gün öncədən top və raketlə vururlar və mülki əhali şəhəri boşaldır. Süsəngird şəhəri Dehlaviyyədən sonra bombalanmağa başlamışdı. Bizim oradakı qardaşlarımız silah-sursat baxımından sıxıntıda olsalar da, axıra qədər müqavimət göstərdilər və düşmənin Sabilə tərəfdən yaxınlaşmasına imkan verməsinlər. Lakin Əhvaz magistralı düşmən tərəfindən bağlandı və Süsəngird mühasirəyə düşdü.

Noyabrın 15-də İraq artilleriyası gecədən səhərə qədər şəhəri vurdu. Səhər çağı canlı qüvvəni nizama salmaq istədik. Tanklar şəhərə çox yaxınlaşmışdı. Təxminən saat 11:30 dəqiqədə bir taqımın komandiri kapitan Əhmədi mənimlə əlaqə saxlayıb təkidlə geri çəkilməli olduğumuzu bildirdi. O qardaşa cavab olaraq dedim ki, heç kimin geri çəkilməyə haqqı yoxdur, son nəfəsimizə qədər dayanacağıq. Qardaşlar hətta yaralı olmalarına, qanaxmalarına baxmayaraq, səngəri tərk etmək istəmirdilər.

Həmin gün Hərbi Hava Qüvvələrindən və Quru Qoşunların aviasiyasından nə qədər kömək istədiksə, haraya gələn olmadı. Nəhayət, düşmən onlarla tankını, zirehli maşınını və bir neçə cəsədini qoyub günortadan sonra saat 17:30 dəqiqədə geri çəkildi. Bu zaman mənə xəbər verdilər ki, Süsəngird-Əhvaz magistralı səhər saat 8-dən bağlanıb, düşmən qüvvələrinin bir qismi Allahu-əkbər dağları və Hüveyzə gölü tərəfdən şəhərə sarı irəliləyir. Şəhərdəki canlı qüvvəyə kömək etmək üçün gecə vaxtı Süsəngirdə yola düşdük, səhər saat 6-da oraya yerləşdik. Şəhərin xəstəxanasında ölü və yaralı əlindən yer yox idi. Dehlaviyyə döyüşündə qardaşlar qəhrəmanlıq etmiş, düşmən muzdurlarından çoxlu silah-sursat almışdılar.

Bizim qardaşlarımız düşmənin top, tank və raket hücumları, TOV və minaatanların atəşi altında can verəndə, biz o şəhidlərin bədənlərinin parçalarını toplayanda ordudakı qardaşlar orada deyildilər və biz xalqın arxamızda olduğunu hiss edərək qəribcəsinə vuruşur, qəribcəsinə ölürdük. Bu söz xalqa deyilməlidir və bunun nümunəsi çoxlu cəbhələrdə görünüb. Məncə, bu məsələnin ən böyük səbəbi silahlı qüvvələr arasında koordinasiyanın olmamasıdır. Yəni məsul şəxslər işləri bir-biri ilə razılaşdırmaq yerinə, uğurların öz adlarına çıxmasına çalışırlar.

Bundan sonra yenə korpusa qayıtdım. Dehlaviyyə döyüşündən sonra gecə vaxtı xəbər verdilər ki, Süsəngird-Əhvaz yolu bağlanıb və bölgədə qalsaq, biz də qətliam ediləcəyik. Bu səbəbdən şəxsi heyəti gecə ikən Süsəngirdə gətirdik, səhər çağı nizama saldıq və şəhərdə təxminən min səkkiz yüz silahlı oldu. Təəssüf ki, döyüş başlayandan sonra canlı qüvvənin böyük hissəsi şəhəri tərk etdi və təxminən yüz əlli nəfər qaldı. Şəhərdəki korpus qüvvələrini nizama salıb bir neçə istiqamətə yerləşdirdik. Nəhayət, günorta nə şəhərdə, nə korpusda, nə də jandarmeriyanın sərhəd taborlarında kimsə qaldı. Axırda silah-sursatı partlatmaq qərarına gəldim və bunu etdim.

Günortadan sonra saat 4-də şəhərin müxtəlif yerlərində olan qardaşları topladım və axşam bir neçə yerdən şəhərə girib təmizləmə əməliyyatına, silah-sursat yığmağa başladıq. Gecə vaxtı şəxsi heyəti şəhərin bir neçə yerinə yerləşdirib məscidi qərargah etdik. Əlbəttə, şəhidlərimiz şəhərin ətrafında və çayın o tayında qaldı. Biz onları dəfn etməyə də vaxt tapmadıq və bu, bizim üçün həqiqətən, ağrılı idi.

Axşam qardaşlarla danışıb dedim: "Qardaşlar! Gəlin, cənnəti satın alaq". Hamımız təkbirlə bir-birimizlə və öz Allahımızla əhd bağladıq ki, bədənimizdəki son damla qanımıza qədər Bəəs rejiminin top, tank, avtomat, helikopter, MiQ və qvardiya qüvvələri qarşısında müqavimət göstərəcəyik.

Yenə şəhərə girdik, səhər çağı uşaqları dəstələrə bölüb strateji yerlərə yerləşdirdik. Noyabrın 16-da gecədən səhərə qədər şəhəri tank, top və minaatanlardan atəşə tutdular, sübh erkəndən Hüveyzə magistralı tərəfdən hücum başlandı. RPG, J3 və Kalaşnikov avtomatı ilə silahlanmış qardaşların bir neçəsi evlərin üstündə və küçələrdə mövqe seçib, şəhərə girmiş beş düşmən tankı ilə vuruşurdular.

Səhər saat 10-dan İraq tərəfi yenə şəhəri vurmağa başladı. Bu, onların şəhərə girişinə hazırlıq üçün idi. Lakin qardaşlar misilsiz cəsarət və qəhrəmanlıqla böyük işlər gördülər. İnanılası deyil, yalnız orada olub əyani surətdə görmək lazım idi. Uşaqlar silahsız halda tankların önündə duruş gətirirdilər. Hərədə cəmi yüz patron vardı, onunla üç-dörd gün müqavimət göstərməli idi. Biz hətta çirkli çala sularından içməyə məcbur olsaq da, uşaqlarda çox böyük ruh yüksəkliyi vardı.

Bir neçə saat vuruşandan və pasdar qardaşlardan bir şəhid verəndən sonra beş düşmən tankından üçünü vura bildik. Bu zaman düşmənin köməkçi qüvvələri gəlib tankları şəhərdən çıxardılar. Bundan sonra yenə dörd tərəfdən artilleriya atəşinə başladılar. Evlər bir-bir uçur, bəzi qardaşlar yaralanırdı.

Təxminən saat 12-də Kərxəkur kanalı və Hüveyzə magistralı tərəfdən hücum başlandı. Qardaşlar yenə vuruşmağa başladılar. Bu döyüşlərdə də sıradan çıxarılmış dörd tanklarını və çoxlu yaralını qoyaraq geri çəkildilər.

Bu döyüşün yaralıları olduqca çox idi. Həmin gün iyirmi yeddi yaralımız oldu və çox təəssüf ki, həkimlər yaralılardan qabaq çamadanlarını hazırlayıb çayı keçdilər.

Qazandığımız qələbələrlə qardaşların ruhiyyəsi get-gedə güclənir, hücumlarını artırırdılar. Düşmən Dehlaviyyə-Süsəngird magistralı tərəfdən şəhərə daha çox yaxınlaşdığına görə qardaşların bir neçəsi körpüyə mina və TNT bombaları yerləşdirdilər. Döyüş çox güclü olduğuna görə, qardaşlar qərara gəldilər ki, körpünün o tərəfində qalmış bir neçə yaralını həm qərargah, həm də hospital sayılan məscidə gətirsinlər. Birinci maşın keçəndən sonra üç yaralının olduğu ikinci maşını körpünün üstündə vurdular, qardaşların üçü də şəhadətə qovuşdu.

Haqla batilin müharibəsində, top-tanklarına baxmayaraq, ağır zərbə almış muzdur bəəsçilər dəli kimi bütün evləri, xüsusən də bizim yerləşdiyimiz hündür tikililəri top, tank və Qrad raketləri ilə atəşə tuturdular. Əlbəttə, döyüşün nəticəsi bizim xeyrimizə idi. Çünki bir qədər şəhid və yaralı verməklə onların güclü hücumlarını dəf etmiş, çoxlu tanklarını və zirehli maşınlarını sıradan çıxarmışdıq.

Önəmli olan qardaşların bir-biri ilə əməkdaşlığıydı. Onlar təkbirlə tankın önünə çıxır, müvəffəqiyyətlə qayıdır, bizə deyirdilər ki, dua edin, şəhər işğal olunmasın, Allahın, ümmətin və imamın qarşısında xəcalətli olmayaq. Bu gün bütün qardaşlar mehribancasına, vəhdət halında çiyin-çiyinə vuruşdular. Jandarmeriyada bir həkim də vardı, son iki gündə çox köməyi dəymişdi. Lakin acınacaqlı olan dərmanın, hətta bintin və merkuroxromun olmaması idi. Yaraları döşəkağı ilə bağlayırdılar. Yaralı qardaşların bir neçəsi məhz tibbi imkanlar olmadığına görə şəhadətə qovuşdu.

Şəhərdə qəribə ab-hava vardı, həqiqətən də, Kərbəla meydanı idi. Hər bir küçədə, hər bir evdə İslam əsgərlərinin, qəhrəmanlıq yaratmış cəsur aslanların pak qanı görünür, şəhər od içində yanırdı. Məsciddən və evlərdən yaralıların ah-naləsi ucalırdı. Həqiqətən də, onların fəryadlarına və məzlum xalqın duasına görə Allah-Taala bizə kömək edirdi.

Yenə sağ qalmış qüvvələri nizama salıb cəld müxtəlif evlərdə mövqe seçdik və şəhərin ətrafında keşik çəkməyə başladıq. Amerikanın muzduru olan bəəsçi dəlilər səhərə qədər şəhəri vurdular.

Bugünkü döyüşlərin nəticəsi çox yaxşı oldu. Qardaşlar gördülər ki, imanla və “Allahu-əkbər”lə, həqiqətən də, muzdurların burnunu ovmaq mümkündür.

Növbəti gün, noyabrın 17-də səhər tezdən yenə hücum başlandı. Köməkçi qüvvələr gəlmədiyinə görə qardaşlar narahat idilər. Əlbəttə, onlar şəhid olacaqlarından deyil, rəhbərləri Hüseyn (ə) kimi qərib qaldıqlarına, qəribcəsinə vuruşduqlarına görə narahat idilər. Onlar Hüseyn (ə) kimi ürəklərində danışırdılar: "Kimsə varmı bizə kömək etsin?!" Bizi narahat edən səbəb dostlarımızı itirməyimiz idi. Ən yaxın dostlarımız, ən yaxşı qardaşlarımız qanlarına qəltan olurdular. Hər halda, bədənini toplamağın imkansız olduğu bir cəsədi təsvir etmək, ya da cidd-cəhdlə şəhərdə qalmaq istəyən yaralı qardaşın iradəsini bəyan etmək mümkün deyil.

Döyüşün ikinci günündə səhər çağı yenidən iki səmtdən hücum başlandı. Bəəs qüvvələri bu döyüşlərdə Hüveyzə magistralı, Dehlaviyyə və Ehsaniyyə tərəfdən hücuma keçdilər. Qardaşlar çox rəşadətlə, diş və dırnaqları ilə müqavimət göstərdilər. Bu gün günortaya yaxın şəhərdə on iki iraqlı muzduru ələ keçirə, şəhərə girmiş beş tankın komandirini öldürə və muzdurların çoxunu qanına qəltan edə bildik. Əsirləri dindirəndə öyrəndik ki, on səkkiz xüsusi təyinatlı döyüşçü iki tərəfdən şəhərə daxil olub. Yaralı və ölülərin sayı da hər gün artırdı. Təəssüf ki, bizimkilərdən bir neçəsi də düşmənə əsir düşdü. Onlar münasib fürsətdə qaçmaq üçün bir evdə gizlənmişdilər.

Bu gün düşmənin şəhərə atdığı Qrad mərmilərinin qəlpələri mənə və əməliyyat komandirinə də dəydi. Yaramı ağ parça ilə bağlayıb qardaşların köməyinə getdim. Bu gün baş vermiş başqa bir mühüm məsələ də jandarmeriya qüvvələrindən ərəb paltarı geyinmiş doqquz nəfərin ələ keçməsi oldu. İraqlılar qalib gələcəyi təqdirdə onlar sağ qalacaqdılar. Bu hadisə pasdarların, bəsicilərin və yanımızda olan bir neçə mülki insanın ruhiyyəsinə böyük təsir etdi. Bir neçə jandarm da yalnız məscidin önündə dayanıb kömək edirdi, oradakı bir-iki evi özləri üçün otelə çevirmişdilər.

Biz bu müddətdə ratsiya ilə Əhvazla əlaqə saxladıq, lakin təəssüf ki, kömək gəlmədi və iraqlılar mühasirəni daraltdılar. Sursatımız get-gedə bitirdi. Bu zaman düşmənə güclü zərbə endirib silah-sursatlarını, toplarını qənimət götürdük. Bu gün şəhərdə salamat yer qalmamışdı, qardaşların çoxu ya yaralanmış, ya da şəhid olmuşdu. Buna baxmayaraq, hər an daha da qərarlı şəkildə vuruşurdular. Bu gün Allahdan xəbərsiz olan muzdurlar topla məscidi vurdular, oradakı yaralılar yenidən yaralandılar.

Noyabrın 17-də səhər çağı mənə xəbər verdilər ki, köməkçi qüvvələr şəhərin yaxınlığındadırlar. Bizsə hələ inanmırdıq. Nəhayət, günortaya yaxın qardaşlardan bir neçəsi ilə birlikdə magistrala tərəf gedib Keşikçilər korpusunun gəldiyini gördük.

Yüngül silahlı yüz əlli piyadanın çoxlu top, tank, minaatan və Qrad raketlərini məhv etdiyini, qənimət götürdüyünü gördüyünə görə, ordu və korpus qüvvələri gələndən sonra düşmənin canına lərzə düşdü və dərhal geri çəkildi. Əgər bizdə ağır silahlar olsaydı, onları torpaqlarımızdan daha tez çıxara bilərdik.

Ordu və korpusun artilleriya və aviasiyası tərəfindən məhv edilmiş düşmən tankları Kərxəkur və Mərada bütün səmanı tüstüyə bürümüşdü. Köməkçi qüvvələr pasdar qardaşlarla və öz komandirləri ilə birlikdə şəhərə girdilər, təmizləmə əməliyyatına başladıq, pərakəndə düşmən döyüşçülərini öldürdük, bir qismini də əsir tutduq.

Müharibə boyunca yaşadığım ən yaxşı xatirə və ən böyük sevinc Süsəngirdin mühasirəsinin İslam qüvvələri tərəfindən yarılması oldu. Bu qələbənin pik nöqtəsi o idi ki, Tasua günü səhər saat 11-də sağ qalmış təxminən on altı döyüşçü ilə birlikdə Süsəngird darvazasına doğru yola düşdük. Orada qardaşlara dedim: "Birlikdə Əhvaza doğru gedək, bəlkə yolu biz açdıq".

Məhərrəmin ikinci, ya da üçüncü günündə qardaşlar israrla deyirdilər ki, elə et, bu il Tasua və Aşura günlərini Kərbəlada olaq. Ümidimiz buna idi, söz vermişdik ki, dayanmayacağıq, məhərrəmin səkkizinci günündə hücuma keçib irəliləyəcəyik. Lakin Allah Tasua və Aşuranı Süsəngirddə bizə hədiyyə etdi və Süsəngirdin özü Kərbəla oldu.

Yolda getdiyim yerdə düşmənlərin yanmış tanklarını görürdüm. İnanılmaz idi. Çünki biz dörd gün idi onların mühasirəyə aldığı şəhərin içindəydik. Həmin anda Əhvaz tərəfdən gələn, bəzən yoldan aşağı enən, bəzən sağa-sola dönən və ümumilikdə, Süsəngirdə doğru irəliləyən bir qrup adam gördüm. Bütün qardaşlara dedim ki, mövqe seçib atəşə hazır olun, düşmən olsalar, hamısını cəhənnəmə vasil edək. Bir neçə dəfə durbinlə baxıb gördüm ki, bizimkilərdir, bir neçə düşməni əsir tutub bizə tərəf gəlirlər. Yaxınlaşanda bildim ki, Təbriz korpusunun uşaqlarıdır, qardaş Nasir Bayraqinin başçılığı ilə mühasirəni yarıb qüdrətlə irəliləyirlər.

Vəsfəgəlməzdir; canlı qüvvənin bir-birinə çatarkən necə sevindiyi inanılmazdır. Çünki bizə kömək gələcəyini gözləmirdik, hamımız elə bilirdik ki, şəhid olacağıq. Həddən artıq sevinirdik. Nasirlə bir-birimizə doğru qaçdıq. Mən ona çatanda silahımı göyə atıb Nasiri qucaqladım. Hər ikimiz qucaqlaşıb ağlayırdıq. Yerə yıxılıb yolda diyirlənməyə başladıq, amma bir-birimizdən ayrıla bilmirdik. Digər təbrizli uşaqlar da mənim üstümə düşdülər. O anın sevincini təsvir etmək mümkün deyil. Hamı dua və şükür edir, bir-birini qucaqlayıb ağlayırdı. Əlbəttə, sevindiklərindən ağlayırdılar, acizliklərindən yox. Bir-birimizi qucaqladığımız və Süsəngirdin mühasirəsinin yarıldığı o an mənim üçün müharibənin ən şirin anıdır. Mən bu gün yenə ayağımdan yaralandım. Əgər həmin anda beynimdən də vurulsaydım, narahat olmazdım. Çünki arxayın şəkildə şəhid olardım; Süsəngird artıq azad idi.

Amerikalı ərbablarının əlində alət olmuş səddamçı-yezidçi muzdurlar bu ümmətin, imamımızın sözünə və Mehriban Allahın məzlumlara vədinə uyğun olaraq, məğlub olmayacağını və Bəəs rejimini devirənədək vuruşacağını bilmirlər.

Məruzəmin sonunda ölkə rəhbərliyindən xahiş edirəm ki, çatışmazlıqların səbəblərini araşdırsınlar. Ən önəmlisi budur ki, Süsəngirdə hücumdan qabaqkı günlərdə kömək gəlməməsinin və ordu artilleriyasının atəş açmamasının səbəbi nə olmuşdur? Bu, sözügedən çatışmazlıqlar üzündən həyatını itirmiş şəhidlərin sualıdır. Döyüşçü qardaşlar mənə dedilər ki, bunları mütləq xalqımıza çatdırım və vəziyyətimizin necə olduğunu söyləyim. Xalq səngərdə kimlərin kəsilmiş əl-ayaqlarını topladığımızı bilməlidir ki, onları lazımınca qiymətləndirsin. Korpusa, pasdar və bəsici qardaşlara lazımınca dəyər verilmir və bu, bizdə təəssüf doğurur. Biz döyüşçülərdə sual yaranıb ki, nə üçün korpus tankların önündə ölümə getməlidir? Halbuki tank korpusdan qabaqda getməli, avanqard olmalıdır. Qardaşlar deyirdilər ki, bu qədər ictimai dayağımız ola-ola biz nə üçün qəribcəsinə öldürülməliyik?! Hər halda, biz xalqı əmin edirik: Nə qədər ki biz varıq, bədənlərimizdə qan var, düşmənin ən kiçik zərbəsinin də qarşılıqsız qalmasına imkan verməyəcək, İslam yolunda son nəfəsimizədək vuruşacağıq!

 

 ARDI VAR...

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*