?>
Qarabağ İslam Torpağıdır

Kərbəla arzusunda olan Şəhid Məşhədi Sultan İbrahimov barəsində qısa məlumat

Kərbəla arzusunda olan Şəhid Məşhədi Sultan İbrahimov barəsində qısa məlumat

Qismət Qasımov: “Həmişə məsciddə birgə namaz qılardıq. Məni tək qoymurdu, gecələr mənlə qalardı. O heç kəsin üstünə səsini qaldırmazdı, nalayiq sözlər işlətməzdi. İbadətlərini vaxtlı-vaxtında edirdi. Ailəlikcə əlləri, könülləri açıq insanlardır. Sultanın ən böyük arzusu da Kərbəlaya getmək olub”.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İkinci Qarabağ Müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin hərəsi bir qəhrəmanlıq dastanı yazdı...

Belə qəhramanlardan biri də Şəhid gizir Məşhədi Sultan İbrahimovdur. O, Zəngilan istiqamətində gedən döyüşlərdə yaralı silahdaşını savaş meydanından çıxararkən şəhidlik zirvəsini fəth edib...

Şəhidimiz 1996-cı il aprelin 24-də Salyan rayonunda anadan olub. Sultan 7-ci sinifə qədər Moskvada təhsil alıb. Daha sonra Salyanda orta məktəbi davam etdirib. Bakı Biznes və Kooperasiya Kollecinin Gömrük işi ixtisasını bitirib. Tələbəlik illərindən sonra Sultan 8-ci İmam, həzrət Əli İbni Musa əl-Rzanın (əleyhi səlam) ziyarəti məqsədi ilə İran İslam Respublikasının müqəddəs Məşhəd və Qum şəhərlərinə gedir. Məşhədi titulunu alaraq geri dönür və həyatında dürüstlüyü və İslamı önə çəkir...

Sultan son 1 il idi ki, Dövlət Sərhəd Xidmətinin Lənkəran rayon Sahil Mühafizə Dəstəsində çalışırmış. Atası şəhidimizin müharibədən əvvəl işini DSX-nin xüsusi təyinatlılarına dəyişmək istədiyini bildirib. Atasının xeyir-duasından sonra 10 günlük təlimlərə qoşulur. Bir həftə sonra isə artıq xüsusi təyinatlı olduğunu bildirir.

Müharibə başlayanda Sultan və onun yoldaşları döyüşlərə yollanır. İlk öncə Murov daha sonra isə Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edir. Deyirmiş ki, “hər şey yaxşıdır. Ermənilərlə aramızda 150 metr məsafə var. Yaxın gedən kimi silahlarını atıb qaçırlar. Çox qorxaqdırlar”.

Şəhidlik zirvəsinə ucalmaq onun ən böyük arzusu imiş...

Məşhədi Sultan və silahdaşları Xudafərin körpüsünə bayrağımızın sancılmasında böyük şücaət göstəriblər...

Döyüş yoldaşının sözlərinə görə, Sultan və başqa 5 nəfər Cəbrayıl istiqamətində əsas yüksəkliyi ələ keçirərək 50 ermənini məhv edib: “30 nəfər idik. Ermənilərin minomyotları qalmışdı. Sultan tək gedərək onları gətirdi və düşmənin özünə qarşı istifadə etdi. Yüksəkliyi alandan sonra içməyə su tapmadıq. Heç kəs ürək edib su gətirməyə getmirdi. Sultan bunu etdi, bizim üçün su gətirdi. O, çox ürəkli və mərd idi”.

Şəhidimiz 20 ermənini məhv edir, böyük qəhrəmanlıq göstərir. Son dəfə isə atasına mesaj yazaraq qeyd edir ki, hər şey yaxşıdır, məndən narahat olmayın, qələbəyə doğru gedirik, zəfərə az qaldı.

Mikayıl ata deyir ki, 5 gündür xəbər almadığım oğlumdan mesaj gələndə ürəyim rahatladı. Ancaq oktyabrın 23-ü zəng elədilər ki, Sultan şəhid olub.

Cəbrayıl uğrunda mərdliklə vuruşan Məşhədi Sultan döyüşün 24-cü günündə, Zəngilanda ən ümdə arzusuna qovuşdu - Şəhidlik zirvəsinə ucaldı.

Sultan yaralı döyüş yoldaşlarını savaş meydanından çıxaran zaman snayperlə vurulur. Həmin döyüşdə silahdaşları Xudayar və Xalid də şəhid olur. Məşhədi Sultanın və digər şəhid dostlarının qisası alınır.

Şəhidimizin kiçik qardaşı Aqil də Vətənin müdafiəsinə yollanıb. Sultan şəhid olanda gələrək onun dəfnində iştirak edib.

Mikayıl ata deyir ki, mən də döyüşlərə getməyə hazır idim: “Sultanla fəxr edirəm ki, Allah mənə belə bir oğul qismət elədi. O, başımı ucaltdı. Sultan həm də Azərbaycanın, bu xalqın başını uca etdi... Sultan kimi oğullarımızın sayəsində alnımız açıq, başımız dik gəzə bilirik”.

Sultanın arzuları da var idi. O, idman sahəsində uğur qazanmaq istəyib həmişə. “Azərbaycan və Avropa üzrə çempion olmaq istəyirdi. Rusiyada olanda da yarışlarda iştirak edib, güləşlə məşğul olub, medal və diplomlarla təltif olunub. Digər arzusu da kasıb ailənin hicablı qızı ilə evlənmək idi. Deyirdi ki, kasıb qızla evlənəcəm ki, onun yaşamadıqlarını mən yaşadım”.

Sultan maaşını yardımlara xərcləyib. Ən çox da ehtiyac sahibləri üçün dərman alarmış. İslam dininə çox bağlı idi. Bütün dini qaydalara əməl edərmiş şəhidimiz. Evdə olan son pulu belə heyvanlar üçün yemək alarmış. Heyvansevər olub Sultan. Öz yeməyini də onlarla bölüb.

İndi Sultan dostlarının röyalarına gəlir, onlarla görüşür...

Şəhidimizin 15 illik dostu Qismət Qasımov da onunla bağlı xatirələrini danışıb. O bildirib ki, Sultanla 9 yaşından birlikdə olublar: “Həmişə məsciddə birgə namaz qılardıq. Məni tək qoymurdu, gecələr mənlə qalardı. O heç kəsin üstünə səsini qaldırmazdı, nalayiq sözlər işlətməzdi. İbadətlərini vaxtlı-vaxtında edirdi. Ailəlikcə əlləri, könülləri açıq insanlardır. Sultanın ən böyük arzusu da Kərbəlaya getmək olub”.

Sultan böyüyün-kiçiyin yerini bilən biri olub. Taksi sürücüsü deyirmiş ki, o həmişə arxada oturardı. Səbəbini soruşanda isə “birdən yaşca böyük adam gələr, ona hörmətsizlik olmasın”, deyərmiş.

Qismət Qasımov deyir ki, hətta Salyanda ərzaq satan insanlar da onun şəklini görəndə ağlayırmış: “Rayonda hamı onu tanıyırdı. Həmişə torpaqlar alındıqca zəng edirdi. Deyərdi ki, mən şəhid olmadım, yəqin nəsə günahım var. Şəhidlik ən böyük arzusu idi. Anasına deyirmiş ki, mənim üçün dua et, ucalım. Tez-tez xəstələnən idi. Məndən dərman məsləhət alardı həmişə. Dəfn edəndən sonra yuxuma gəldi, çox öskürürdü. Dedim, gedək dərman alaq. Mənə dedi ki, boş ver, mən düzələrəm, amma anam çox pis xəstədir. Həkim resept yazıb, ancaq oxuya bilmirəm, mənlə aptekə gedib alaq”.

Sultanın belə bir yazısına rast gəldim. Deyir ki, Allah güclüləri seçmir, seçdiklərinə güc verir. İndi onun və Allahın seçərək güc verdiyi yüzlərlə oğullarımızın ruhu şaddır. Çünki uğrunda savaşdıqları torpaqlarımız azaddır və hər kəsə nəsib olmayan, bükülərək torpağa tapşırıldıqları o üçrəngli bayrağımız azad olunmuş Vətəndə dalğalanır. Arzusunda olduğun şəhadətin mübarək, şəhidim!

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəјə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*