?>

Ermənistan rəhbərləri QDQR-nin yanında olduqlarını vurğulayıblar

Ermənistan rəhbərləri QDQR-nin yanında olduqlarını vurğulayıblar

Ermənistan hökumət və müxalifət nümayəndələri qondarma “arsax”ın “müstəqillik günü” ilə bağlı erməni xalqına “təbrik” ünvanlayıblar.

ABNA24 Xəbər Verir, Ermənistan Prezidenti Armen Sərkisyan ünvanladığı müraciətində iddia olunan müstəqilliyi əlamətdar  hadisə adlandıraraq onun 30-cu ildönümünün çox çətin bir dövrdə - 44 günlük müharibədən sonra yaranan ağır vəziyyətdə “qeyd olunduğunu” deyib. Ermənistan prezidenti bildirib ki, “arsaxın” “müstəqilliyi”nin və əhalinin toxunulmazlığının təmin edilməsi, Azərbaycandan aramsız yeni müharibə təhdidləri, “arsax”ın statusu, sosial-iqtisadi və humanitar məsələlərin həlli ümummilli gündəmin prioritetləridir:

“Tariximizdə erməni dünyası üçün “arsax” və “arsaxlılar”ın hər zaman xüsusi rolu olmuşdur. Artıq ortaq erməni məsələsində səhv etməyə haqqımız yoxdur”.

Ermənistan Baş naziri Nikol Paşinyan isə müraciətində, 44 günlük müharibə zamanı Azərbaycanın bütün səylərinə baxmayaraq, öz hədəfinə çatmadığını iddia edib.

Paşinyan deyib:“Bu gün “arsax” yaralıdır, amma israrlıdır və Ermənistan və erməni xalqının tam dəstəyinə malikdir. Ermənilər “arsax”ın “azadlığı” uğrunda mübarizədə ölənləri xatırlayır və qarşılarında baş əyirlər. “Arsax” “xalqı”nın öz müqəddəratını təyin etmək haqqı müqəddəsdir və o, güc tətbiqi yolu ilə dayandırıla bilməz. Buna görə biz bütün beynəlxalq platformalarda deyirik ki, “dağlıq qarabağ münaqişəsi” həll edilməyib. Bunu hətta həmsədr ölkələrin bəyanatları da təsdiq edir”.

Ermənistan Xarici İşlər Nazirliyi də qondarma “arsax”ın “müstəqillik günü” ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Ermənistan münaqişənin ədalətli həlli və bölgədə sülhün bərqərar olması üçün “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyin etmək, tarixi vətənində yaşamaq və inkişaf etmək hüququnun müdafiəsinə davam edəcək.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da qondarma “müstəqillik günü” ilə bağlı təbrikinə 44 günlük müharibədə ermənilərin məruz qaldığı ağır itkiləri qeyd etməsilə başlayıb:

“Bu gün “arsax” dövlətçiliyinin saxlanmasının girovu yalnız öz ərazinizdə yaşamağınız və onu rifahlandırmağınızla bağlı sarsılmaz iradənizdir. Biz birlikdə “arsax respublikası”nın müdafiəsi üçün mümkün hər şeyi etməliyik”, - Köçəryan bildirib.

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan yaydığı bəyanatda 44 günlük müharibədə acı məğlubiyyətin günahını Paşinyanda görüb:

“2020-ci ildə Qarabağa qarşı yeni müharibə başladı və Nikol Paşinyan tərəfindən 9 noyabr 2020-ci ildə gizli şəkildə imzalanan kapitulyasiya Ermənistan və Qarabağı yeni bir təhlükənin qarşısına qoydu və bunun nəticələri hər gün hiss olunur. Ermənistan hakimiyyəti nəqliyyat kommunikasiyalarının açılması və dinc inkişafla bağlı vədləri ilə xalqın sayıqlığını söndürür, öz gücündə və qabiliyyətində qorxu və qeyri-müəyyənlik yaradır və “iki erməni respublikası”nı yeni fəlakətlərə sürükləyir”.

Qeyd edək ki, Azərbaycan Respublikası ikinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük bir hissəsini Ermənistanın işğalından azad etdi. Ancaq münaqişəli ərazi olan Xankəndi və onun ətraf rayonları hələ də Dağlıq Qarabağ Respublikası adlandırılan qondarma qurumun nəzarətindədir və Azərbaycanın bu əraziyə və separatçı quruma heç bir müdaxilə imkanı yoxdur.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*