Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, el arasında “Cəhənnəm darvazası” ilə məşhur olan Astara rayon Beynəlxalq Gömrük Məntəqəsində gündəlik ruzi dalıyca İran İslam Respublikasına getmək istəyən vətəndaş növbədə vəfat edib.
Dekabrın 28-də, günün ikinci yarısında baş verən hadisədə Astara rayon sakini olan İlqar Kərimov növbədəki analoqsuz sıxlıqdan ürəyi dayanaraq dünyasını dəyişib. Mərhumun yaxınlarının dediklərinə görə İlqar Kərimov İran İslam Respublikasına bazarlığa gedirmiş.
Hadisənin şahidi, Astara şəhər sakini Fərbiyə İbayeva belə deyib: “Adamlar gömrüyün qapısında toplaşdılar. Qapını səhər saat 9-da açanda basabas düşdü. Adamların fəryadı qulaq batırırdı. Ölən adam da bizim aramızda idi. Mənim iki qolum da zədələndi. Biz içəriyə girdik, qapını yenidən bağladılar. O adam münasib bir yer tapan kimi əyləşdi. Görünürdü ki, sıxıntı keçirdib. İranla Azərbaycan arasında olan körpüyə çatanda kənara çəkilib əyləşdi. Orda da keçindi”.
İran İslam Respublikasına ucuz ərzaq dalınca...
Fərbiyə İbayeva Azərbaycanda zəruri ərzaq məhsulların qiymətlərinin gündən günə qalxdığından şikayətlənərək deyib: “Məcbur olub İrana ucuz ərzaq dalınca gedirlər. Ayda bir dəfə sərhəddən buraxırlar. Hər kəs bu fürsətdən istifadə etməyə çalışır”.
Astara Gömrük İdarəsində isə İlqar Kərimovun növbədəki sıxlıq üzündən ölməsi fikri ilə razılaşmırlar. Faktla bağlı hüquq mühafizə orqanlarında araşdırmaya başlandığı bildirilir.
Azərbaycandan İrana gedən vətəndaşlardan gömrükdə növbədə ölüm hadisələri bundan əvvəl də baş verib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır