Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İordaniya xalqı bu gün parlamentin alt qanadı olan Nümayəndələr Palatasının 130 üzvünü müəyyən etmək üçün seçkilərə gedir.
Seçkilərdə 2007-ci ildən bu yana ilk dəfə sələfiyönlü "Müsəlman Qardaşlar"ın siyasi qanadı olan "İslami Hərəkat Cəbhəsi" də iştirak edir. 4 milyondan artıq seçici 1252 namizəd arasından seçim edəcək. Parlamentdəki kresloların 27-si qadınlara, xristianlara və digər etnik azlıqlara ayrılıb.
İordaniya Kralı 2-ci Abdullah parlamentin üst qanadı olan Senatın üzvlərini hökumətin razılığı olmadan vəzifədən kənarlaşdırmaq səlahiyyətinə malik olduğunu bildirib.
Demokratik islahat istiqamətində atılmış kiçik bir addım olaraq görülən bugünkü seçkilərdə isə gözlər iştirak fəallığı və sələfiyönlü müxaliflərdə olacaq.
9 ildə ilk dəfə seçkilərə qatılan sələfiyönlü "Müsəlman Qardaşlar" daha əvvəl 2010 və 2013-cü ildə keçirilən son iki seçkini seçki sistemi və qanunsuzluq ediləcəyinə dair iddialar səbəbindən boykot etmişdi.
Mütəxəssislər hərəkatın siyasi qanadı olan "İslami Hərəkət Cəbhəsi"dən 20-yə yaxın deputat seçilməsini gözləyir.
Ölkənin ən böyük dini orqanı "Dar əl-İftaa" (Fətva Şurası) səs vermənin milli və dini vəzifə olduğunu bildirən fətva verərək, xalqı seçkilərə getməyə çağırıb. Ancaq Fransa xəbər agentliyi AFP səhər saatlarında iştirak nisbətinin aşağı olduğunu bildirib.
İordaniya Daxili İşlər Nazirliyi isə ciddi təhlükəsizlik tədbirlərinin görüldüyü seçkilərlə əlaqədar 50 min polisin vəzifə başında olduğunu açıqlayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır