Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Amerika mediası yenə də Azərbaycan dövlət başçısı İlham Əliyevi rusiyalı həmkarı Vladimir Putinlə müqayisə edib
Azadlıq internet qəzetinin məlumatına əsasən, “Quartz” qəzetinin Azərbaycandakı repressiyalar haqda hazırladığı iri həcmli məqalədə müəllif Ronan Keenan eyni zamanda, Qərbi də öz maraqları naminə bu ölkədə baş verənlərə göz yummaqda ittiham edib. “Azərbaycan kiçik Rusiyaya çevrilir” başlıqlı yazıda deyilir: Azərbaycanın özünü dünyada tanıtmağa cəhd göstərməsi açıq-aşkar görünür. Üç binadan ibarət Alov qüllələri paytaxt Bakını bəzəyir. Aeroport yolunda xarici biznesmenləri London taksiləri daşıyır. Ölkə rəhbərliyi Bakını qlobal investisiyalar üçün cəlbedici etməyə çalışır. Lakin paytaxtın parıldayan mərkəzindən cəmi bir neçə kilometr qərbdə heç də hər şey parlaq deyil. Təxminən 30 ildir ki, Azərbaycan Dağlıq Qarabağla bağlı problem yaşayır. 1994-cü ildə tərəflər arasında atəşkəs razılaşması imzalansa da, bununla belə, indiyədək ara-sıra atışmalar müşahidə olunur. Yanvar ayında ATƏT-in Minsk Qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri tərəfləri problemin sülh yolu ilə həllinə dair öhdəliklərə əməl etməyə çağırdı. İlham Əliyev Minsk Qrupundan problemin həlli, o cümlədən ermənilərin Azərbaycan ərazisindən çıxarılması üçün tədbirlər görməyi tələb etdi. Şübhəsiz ki, bu da ermənilərlə qarşılıqlı müdafiə haqqında müqaviləsi olan Rusiyanı qıcıqlandırdı. Dağlıq Qarabağ problemi Azərbaycanın qonşularla və Qərblə münasibətlərini pisləşdirən məsələlərdən yalnız biridir. Azərbaycanın geosiyasi əhəmiyyəti ABŞ və Avropanın bu ölkəyə münasibətdə yumşaq mövqe nümayiş etdirməsinə səbəb olur. Narazılıqların, tənqidlərin qarşısını almaq üçün Əliyevin əlində bir sıra vasitələr var. Məsələn, 40 milyard dollar ehtiyatı olan Dövlət Neft Fondu. Hökumət büdcə kəsirlərini Fondun hesabına aradan qaldırır. Hətta bəzən dövlət büdcəsinin yarısı Fondun maliyyəsindən ibarət olur. Fondun gəlirlərin bu cür istifadə neftin qiyməti kəskin ucuzlaşdığı bir vaxtda yalnız qısa müddətdə problemin həllinə yardım edə bilər. Əliyevin xüsusən 2013-cü ildən sonra daha da tez-tez istifadə etdiyi ikinci vasitə fərqli fikirlərin boğulmasıdır. Azərbaycanda inkişaf etməkdə olan orta sinif korrupsiya və siyasi repressiyaların gücləndiyi şəraitdə vəziyyətə uyğunlaşıb mövcudluğunu saxlamağa çalışır. Azərbaycan resurslarından asılılığı daha da artıracaq. Bundan başqa, ABŞ Əfqanıstana qoşunların göndərilməsi məsələsində əsas tranzit məntəqə kimi Azərbaycandan istifadə edir. Baxmayaraq ki, Azərbaycan İran, Rusiya kimi güclü qonşularla əhatə olunub, lakin bu ölkə bəlli səbəblərdən Qərbin maraqları baxımından cəlbedicidir. Azərbaycan öz ərazisində İsrailə İranla sərhədlərin yaxınlığında baza yaratmağa imkan verməklə İslam Respublikasını qəzəbləndirib. Bundan başqa, 20 ildən artıqdır ki, Xəzərin bölünməsi məsələsində Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan arasında mübahisə davam edir. 2012-ci ildə BMT-də Bəşər Əsəd rejiminə qarşı qətnamə qəbul olunarkən Azərbaycan Əsədin tərəfində olan Rusiya və İrana qarşı çıxaraq, ABŞ-ı dəstəkləmişdi. Azərbaycanın İranla, Rusiya ilə müəyyən problemləri olsa da, heç də onun bütün addımları Qərbin maraqlarına tam cavab vermir. Azərbaycan hökuməti ünvanına səslənən tənqidlərin qarşısını almaq üçün bir sıra başqa incə üsullardan da yararlanır. “The New York Times” yazırdı ki, Azərbaycan ABŞ-da lobbi fəaliyyətinə böyük pullar xərcləyir. Həmin lobbi təşkilatları aldıqları pullar müqabilində Azərbaycana ABŞ üçün əhəmiyyətli tərəfdaş imici yaratmağa çalışır. Azərbaycan hökuməti dünyadakı artmaqda olan qeyri-müəyyənlikdən əvvəlki kimi yenə də öz xeyrinə istifadə edir. Azərbaycanda böyük neft pulları hesabına iqtisadi artım təmin olunsa da, hökumət orta sinfi boğub. Bu cür davranış da yaxın perspektivdə ölkədə stabilliyi təmin edə bilməz. Uzunmüddətli stabillik üçün əsas amil orta sinfin mövcudluğudur. Görünür, Əliyev Vladimir Putin modelini özünə nümunə götürüb. Hərçənd, onların arasında qarşıdurmanın olması da faktdır. Düşünmək olardı ki, Bakıdakı hökumət də rəsmi Moskva kimi yürütdüyü repressiv siyasətə görə ciddi beynəlxalq təzyiqlərə məruz qala bilər. Amma hələlik cənab Əliyev üçün təhlükə real görünmür.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır