Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Özbəkistan Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində iştirak edən siyasi partiyaların nümayəndələrini rəsmi olaraq qeydə alıb.
Bu haqda Daşkənddə keçirilən mətbuat konfransında MSK-nın sədri Mirzə-Uluqbek Abdusalamov məlumat verib.
O bildirib ki, Sahibkarlar və İşgüzar Adamlar Hərəkatı - Liberal-Demokratik Partiyasından hazırkı dövlət başçısı İslam Kərimovun, “Milli Dirçəliş” Demokratik Partiyasından Akmal Saidovun, Özbəkistan Xalq-Demokratik Partiyasından Xotamjon Ketmanovun və “Ədalət” Sosial- Demokrat Partiyasından Narimon Umarovun namizədliyi MSK-da qeydə alınıb.
MSK-nın sədri prezident seçkilərinə hazırlıqla bağlı ətraflı məlumat verib. Bildirilib ki, namizədlər qeydə alınan gündən onların təbliğat və təşviqat kompaniyası başlayır. Özbəkistanda növbəti prezident seçkiləri bu il martın 29-da keçiriləcək. Bundan əvvəlki seçkilər 2007-ci ildə keçirilib və İslam Kərimov yeddi il müddətinə dövlət başçısı seçilib. İndi Özbəkistanda prezident beş il müddətinə seçilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır