Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,
5 oktyabr 2012-ci il "Hicaba azadlıq" aksiyasında iştirak etdiyi üçün 6 il azadlıqdan məhrum edilən Elşad Rzayevin ailəsində itki baş verib. Belə ki, hicab məhbusunun anası Minayə Rzayevə bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Elşad Rzayev orta təhsil ocaqlarında hicab qadağasına qarşı keçirilən 3-cü "Hicaba azadlıq" aksiyasında iştirak etdiyi üçün saxlanılmışdı. Onu 2013-cü il fevral ayının 23-ü yaşadığı mənzildə həbs etmişdilər.
Elşad Rzayevin ailəsində baş verən itki ilə bağlı onun vəkili Bəxtiyar Hacıyevlə əlaqə saxladıq. Vəkil AzadXeber.net-ə açıqlamasında bildirdi ki, qanunvericiliyin tələbinə uyğun olaraq məhbusun valideyninin yas mərasimində iştirakı üçün müraicət ünvanlanacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının qanunvericiliyində yaxın ailə üzvünü itirmiş məhbuslara yas mərasimində iştirak etmək üçün 3 gün azadlıqda olmaq icazəsi verilir.
Islamazeri.az
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır