7 sentyabr 2013 - 19:30
Bu gün Şah Məsudun vəhabi terrorçuları tərəfindən Şəhid olmasının ildönümüdür + Foto

Əfqanıstanda nisbi sakitliyin hökm sürdüyü qısamüddətli dövrdə Məsud rəsmi Bakının nümayəndələrinə gərəkirsə Qarabağda döyüşməyə əsgər göndərə biləcəklərini söyləyib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün Şah Məsudun vəhabi terrorçuları tərəfindən Şəhid olmasının ildönümüdür. Mövzu ilə əlaqədar Əhməd Şah Məsudun KİV-də az yayımlanan şəkilləri eləcə də onun həyatı haqda qısa material hazırlanıb.

Həyatı

Əhməd Şah Məsud 1953-cü il sentyabrın 1-də Pəncşir vadisində tacik əsilli ailədə anadan olub. Məsudun atası Əfqanıstan kralı Zahir şahın ordusunda polkovnik rütbəsini daşıyıb. Uşaqlığı Kabildə keçən Məsud burada "İstiqlal" adlı fransız məktəbində təhsil alaraq, Kabil Texniki Universitetinin memarlıq fakültəsinə daxil olub. Lakin universiteti bitirə bilməyən Məsud 1970-ci illərdə professor Bürhanəddin Rəbbaninin formalaşdırmaqda olduğu İslam Hərəkatına qoşulub.

Hərbi və siyasi fəaliyyəti. Sovet işğalı dövründə

Məsudun səhra komandiri kimi formalaşması SSRİ-nin Əfqanıstanı işğal etdiyi 1979-cu ildən başlayır. Həmin vaxt Konar bölgəsində əhalini kommunistlərə qarşı silahlandıran Əhməd Şah Məsud Sovet ordusuna qarşı əldə etdiyi nailiyyətlərlə bütün Əfqanıstana səs salır. Yerli ərazini, relyefi, ən başlıcası isə bölgədə dağların altı ilə yüz kilometrlərlə məsafədə uzanan təbii tunellərə bələd olan Məsudun qüvvələri kiçik bölgəni 1989-cu ilədək Sovet ordusu üçün "başağrısına" çeviriblər. Sovet ordusunun on il boyunca 80 kilometr uzunluğundakı və hər iki tərəfi dağlarla əhatələnmiş Pəncşir vadisinə girmək cəhdləri nəticəsiz qalıb. Statistik məlumatlara görə, SSRİ-nin Əfqanıstandakı itkilərinin 60 faizi məhz Pəncşir bölgəsində olub.

Sovet işğalından sonra

Sovet ordusu Əfqanıstanı tərk etdikdən sonra Məsud Nəcibulla hökumətinə qarşı silahlı mübarizəsini davam etdirir. 1992-ci ildə özbək general Rəşid Dustumla anlaşaraq Kabili ələ keçirir. Bundan sonra ölkədə Bürhanəddin Rəbbaninin başçılıq etdiyi yeni hakimiyyət qurulur. "Hezbi-İslami" partiyasının rəhbəri Gülbəddin Hikmətyar baş nazir, Məsud isə müdafiə naziri təyin edilir. Lakin hakimiyyətdaxili mübarizə Qəndəhar vilayətində yaranmış vəhabi Taliban hərəkatını gücləndirir. Talibana qarşı ən böyük müqaviməti təşkil edən Məsudun ordusu 1994-cü ildən 1996-cı ilədək Kabili müdafiə etməyə nail olur. 1996-cı ildə Taliban hərəkatı ölkədə hakimiyyəti ələ keçirəndə Şah Məsud Rəbbani və əfqan ordusunun sadiq hissələrini götürərək dağlara çəkilir və Şimal Alyansını qurur və tacik, özbək və həzaraların dəstəyi ilə Talibanın şimala doğru irəliləməsinin qarşısını alır.

Diplomatların qeydlərində Məsudun Şimal Alyansına rəhbərliyinə dair qeyd olunur ki, Əfqanıstandakı narkotik tacirləri Şimal Alyansının nəzarət etdiyi bölgələrə girməkdən çəkinirdilər. O, eyni zamanda əfqan gənclərin təhsil alması və peşə sahibi olması, texnologiyaları mənimsəməsi üçün fəaliyyət göstərib.

Əhməd Şah Məsud müdafiə naziri olduğu dövrdə Ermənistan işğalçı qüvvələri ilə müharibə aparan Azərbaycana da kömək təklif edib. Əfqanıstanda nisbi sakitliyin hökm sürdüyü qısamüddətli dövrdə Məsud rəsmi Bakının nümayəndələrinə gərəkirsə Qarabağda döyüşməyə əsgər göndərə biləcəklərini söyləyib.

Şəhadəti

Əfqan komandir 9 sentyabr 2001-ci ildə Pəncşir vadisindəki Hoca Bahəddin kəndində ondan müsahibə götürmək istəyən Belçika pasportlu və Mərakeş əsilli iki vəhabinin törətdiyi partlayış nəticəsində həlak olub.

Məsudun generallarından Əbdülvahhab Cüyəndə hadisəni belə təsvir edir: "Mərakeş əsilli iki jurnalist müsahibə üçün gəlmişdi. Biz gələndə əsgərlər dedilər ki, jurnalistlər 5 gündür gözləyirlər. Əslində Məsudun iş proqramı çox gərgin idi. Jurnalistlərə ayırmağa vaxtı yoxdu. Ona məlumat verildi. Dedi ki, "gəliblərsə görüşüm, əlləri boş getməsinlər". Jurnalistlər içəri girdilər. Az keçməmiş partlayış baş verdi. Əvvəlcə bir şey başa düşmədim. Çünki onları yoxlamışdıq, təmiz çıxmışdılar. Partlayış zamanı jurnalistlərdən biri ölmüş, digəri yaralanmışdı. Yaralını da mühafizəçilər güllələdilər. Yaralı Məsudu vertolyotla Düşənbəyə aparsaq da, yolda vəfat etdi".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır