29 may 2013 - 19:30
Məhkəmə dindar Bəxtiyar Qurbanov və Röyal Əsgərovun işi ilə bağlı yeni qərar verdi

Vəkil: “Məhkəmə gənc dindarların psixi durumunun ekspertizası və telefon danışıqlarının araşdırılması üçün onların həbs müddətinin iyunun 31-dək uzadılmasını vacib sayıb”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən mayın 30-da Nərimanov Rayon Qondarma Məhkəməsi dindar məhbuslar Bəxtiyar Qurbanov və Röyal Əsgərovun həbs müddətinin uzadılması ilə bağlı qərar çıxarıb.

Vəkil Osman Kazımov bildirib ki, məhkəmə gənc dindarların psixi durumunun ekspertizası və telefon danışıqlarının araşdırılması üçün onların həbs müddətinin iyunun 31-dək uzadılmasını vacib sayıb.

Xatırladaq ki, gənc dindarlar Bəxtiyar Qurbanov və Röyal Əsgərov aprelin 2-də həbs olunublar.

Aprelin 11-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə qondarma məlumat yayıb. Qondarma məlumatda deyilir ki, aprelin 2-də naməlum şəxslər Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atıblar: “Daha sonra vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atılıb, birinci mərtəbənin şüşələri sındırılıb və divarına “Taleh Bağırova azadlıq!” sözləri yazılıb.

Elə həmin gün, təxminən saat 5:35 radələrində Bakı Şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanılıb. Onların əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb. İlkin dindirmə zamanı onlar Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ətrafında əvvəlcədən bir neçə dəfə müşahidə apardıqlarını, Tale Bağırovun həbsinə və Hicaba qoyulan qadağaya etiraz olaraq icra hakimiyyətini yandırmaq, bununla da vətəndaş itaətsizliyi və ajiotaj yaratmaq istədiklərini “etiraf” ediblər. Lakin bütün bunlara baxmayaraq, xalq artisti Zeynəb Xanlarova mediaya verdiyi açıqlamada, bu qondarma oyunun məmur saxtakarlığının bariz bir nümunəsi olduğunu və Tale Bağırovun belə bir iş görmədiyini tam əminliklə bəyan edərək, Daxili İşlər Nazirliyindən onu bu qondarma oyuna daxil etməməklərini tələb edib”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır