19 may 2013 - 19:30
AİP Ruhulla Axundzadənin səhhətilə bağlı bəyanat yaydı

AİP son üç ilin ikinci faciəsini yaşamaq ərəfəsindədir

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan İslam Partiyası, partiyanın Astara rayon komitəsinin sədri Ruhulla Axundzadənin səhhətinin pisləşməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

Məlum olduğu kimi, Azərbaycan İslam Partiyasının sədri  və bir neçə funksionerinə qarşı 2011-ci ilin yanvar ayında əsl səbəbi bu gün də ictimaiyyətə bəlli olmayan həbs tədbirləri həyata keçirilmişdir. Artıq üç ildən çoxdur ki, AİP sədri Hacı Mövsüm Səmədov və digərləri barədə  ağır, həm də qondarma ittihamlarla məhkəmə hokmü çıxarılaraq məhbəsə göndərilmişlər. Geniş ictimaiyyətin səy və tələblərinə baxmayaraq, bu qanunsuzluqlar hələ də aradan qaldırılmamışdır. Ədalətsizlik və mənəvi sarsıntılar nəticəsində haqsız həbs olunanlar məhbəsdə ağır  xəstəliklərə düçar olmuşlar. Saxta ittihamlarla həbs olunanlardan Hacı Vaqif Abdullayev məlum olmayan səbəblərdən ötən il həbsxana divarları arasında gözlənilmədən dünyasını dəyişmişdir.

Baş verən faciə bir ailənin başsız qalmasına, günahsız insanların azadlıqdan məhrum edilməsi isə cəmiyyət üzvlərini təhlükəsiz yaşamaq ümidlərini  itirməyə səbəb olmuşdur.

Bu gün Azərbaycan İslam Partiyası son üç ilin ikinci ağır faciəsini yaşamaq təhlükəsi qarşısındadır. Belə ki, partiyanın Astara rayon komitəsinin sədri Ruhulla Axundzadə 15 saylı  cəzaçəkmə müəssisəsində ağır xəstəliyə düçar olmaqla yanaşı, həm də infarkt keçirmişdir. O, artıq bir neçə gündür ki, penitensiar xidmətin mərkəzi klinikasında həkimlərin nəzarəti altındadır. R. Axundzadənin səhhəti ona bu ədalətsiz ağır mənəvi zərbənin nəticəsi olaraq həbsin qalan hissəsini çəkməyə imkan vermədiyi üçün onun  təcili azadlığa buraxılması məsələsinə baxılmalıdır. Ruhulla Axundzadənin günahsız olması, ölümlə həyat arasında qalaraq həbsxana divarları arasında iztirab çəkməsi heç bir humanizm və mərhəmət  duyğularına  uyğun gəlmir.

Hər bir Azərbaycan vətəndaşının, ailəsinin təhlükəsiz yaşamaq hüququnu üzərinə öhdəlik götürənlər bilməlidirlər ki, ölüm ayağında olan Azərbaycan vətəndaşı, Azərbaycan xalqının qeyrətli, əqidəli  övladıdır. Bu insanlar Vətən, torpaq yolunda, din, namus yolunda canlarından  keçənlərdir. Onların hər birinin mənəvi işgəncələrə  məruz qoyularaq incidilməsi, qətlə yetirilməsi cəmiyyətdə ədalətsizliyə rəvac verənlərə qarşı  böyük qəzəb və nifrət yaradır. Haqq olan Allahın və səbri tükənən xalqın qəzəbi qarşısında  bu gün hər  kəs məsuliyyətini  dərk etməli, haqsızlıqlara cavab verəcəyi anı xatırlamalıdır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır