29 mart 2013 - 19:30

Vəkil Rüstəm Zülfüqarov: “İttiham aktı uzağı beş günə təsdiq edilib məhkəməyə göndəriləcək”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Lənkəranın Kiçik Bazar Hüseyniyyə Məscidində ötən il dekabrın 5-də baş verən insidentlə bağlı aparılan “istintaq” yekunlaşıb. İşə Lənkəran Rayon Məhkəməsində baxılacaq.

Vəkil Rüstəm Zülfüqarov martın 29-da deyib ki, ittiham aktı uzağı beş günə təsdiq edilib məhkəməyə göndəriləcək: “İş Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə (bir qrup şəxs tərəfindən xuliqanlıq) başlamışdı, məhkəməyə də o formada gedir. İlkin Əsədov və İbrahim Azadov eyni maddə ilə təqsirləndirilir. Fərq ondadır ki, İlkin Əsədov barəsində həbs qətimkan tədbiri seçilib. İbrahim Azadov isə insident zamanı bıçaqlandığına görə ondan başqa yerə getməmək haqda iltizam alınıb”.

Vəkil verdikləri vəsatətlərə baxılmadığını bildirib: “İbrahim Azadov bıçaqlanıb, xəsarət alıb. İstintaq orqanı indiyə kimi heç bir tədbir görməyib. Halbuki istintaq orqanına təqdim etdiyimiz videoda şikayətçi Həmdulla Əliyevin oğlu Pərviz Əliyev İbrahim Azadovu bıçaqladığını etiraf edir. Videoya baxış keçirilib, bıçaqlayan adam da dindirilib. Xəsarət yetirənin çıxışından aydın görünür ki, bu, qurama işdir. Deyir bir neçə fəal dindarı tutmalı idilər, mən bu hərəkətləri etdim ki, sizi tutmasınlar. Gülünc bir fikir söyləyib. Belə çıxır ki, o, İlkinin, İbrahimin və Lənkəranda məscidə gedən bir neçə şəxsin tutulacağını əvvəlcədən bilirmiş. Həmdulla Əliyev söyülüb təhqir olunduğunu deyir. Hadisə şahidləri faktı təsdiq etmir. Amma istintaq orqanı belə məqamlarda şahid qismində özünə münasib adamlar tapır və istifadə edir”.

Rəsmi məlumata görə, 2012-ci il dekabrın 5-də Lənkəranın Kiçik Bazar Hüseyniyyə Məscidində baş vermiş insidentdən sonra şəhər sakini, eləcə də eyniadlı dini icmanın rəhbəri Həmdulla Əliyev polisə şikayətçi olub. O, şikayətdə göstərib ki, İlkin Əsədov, İbrahim Azadov və digərləri onu döyərək xəsarət yetiriblər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır