11 mart 2013 - 20:30

Arif Yunus: "Azərbaycanda artıq gənclər hərəkatı meydana gəlib"

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən hakimiyyətin xəbərdarlıq və hədələrinə baxmayaraq “Əsgər ölümlərinə son” şüarı ilə keçirilən aksiya möhtəşəmliyi ilə yadda qaldı. Bu da bir daha hakimiyyətin köhnə metodlarının effekt vermədiyini göstərdi. Bu və ölkə gündəmini zəbt edən digər məsələlərlə bağlı azadlıq saytının əməkdaşları politoloq Arif Yunusun fikirlərini öyrənib.

- Hakimiyyətin ixtişaş şousuna, hədələrinə baxmayaraq 10 mart aksiyası uğurlu alındı. Gənclərin hədədən qorxmayaraq kuçələrə çıxıb öz sözünü deməsi nəyin görsənişidir?

- Bu olduqca xoş bir hadisədir. Əvvəl də qorxudurdular, küçələrə çıxmağa, insanların mitinq keçirməsinə imkan vermirdilər. Amma indi biz görürük ki meydana, siyasi arenaya yeni nəsil gəlib. Hakimiyyət həqiqətən də onlardan qorxur. Üç nəfəri həbs etdi, kütləvi informasiya vasitələrində, telekanallarda kampaniyaya başladı. Amma bunun nəticəsində biz gördük ki, küçələrə daha çox adam çıxdı. Inandırıram sizi, əgər hakimiyyət bu kampaniyanı həyata keçirməsəydi, bəlkə də aksiyaya daha az adam çıxardı. Ancaq bu dəfə aksiya iştirakçılarının sayı çox oldu. Artıq başa düşürük ki, bundan sonra meydanda yeni siyasi qüvvə var. Bundan öncə meydanda kimi görürdük - ya klassik müxalifəti, ya da dini müxalifəti. Ancaq indi ortaya üçüncü qüvvə çıxdı. Bu da olduqca ciddi qüvvədir. Bu da yeni nəsil, gənclərdir. Biz bu gün artıq gənclər hərəkatından danışmalıyıq. Indi orda lider kimdi, bu hərəkat nəyə gətirib çıxaracaq, bu artıq başqa məsələdir. Amma əsas odur ki, yeni qüvvə meydana gəldi. Bundan sonra bu yeni qüvvə daha aktiv rol oynayacaq. Buna artıq şübhə yoxdur.

”Azərbaycan saatı"nın səsini kəsmək istəyirlər"

- Bu günlərdə iki nazir “Azadlıq”ın baş redaktorunu məhkəməyə verdi. Bu addım “Azadlıq”ın fəaliyyəti ilə yanaşı həftədə iki saat yayımlanan “Azərbaycan saatı”nın fəaliyyəti ilə əlaqələndirilir. Hakimiyyət həftədə cəmi iki saat yayımlanan verilişdən niyə belə ehtiyatlanır?

- Bu veriliş hakimiyyət üçün çox təhlükəlidir. “Azadlıq”ın yazıları da böyük rol oynayır. Çünki bu gün faktiki olaraq təkcə “Azadlıq” qalıb,  birdə bir-iki digər kütləvi informasiya vasitəsi. Qalan mətbuat orqanları hamısı hakimiyyətin nəzarəti altındadır. Amma “Azərbaycan saatı” telekanalda yayımlanır. Insanlar ona baxırlar. Məhz ona görə o kanalın səsini kəsmək istəyirlər. Çünki faktiki bu əhaliyə təsir edir. Indi Emin Milli də Praqada belə kanal açmaq istəyir. Yaxşı bilirəm ki, onlara qarşı da təzyiqlər olacaq. Bizim hakimiyyət qorxur ki, nə qədər Azərbaycan əhalisininə həqiqət çox çatdırılsa, əhali bir o qədər çox reaksiya verəcək. Çünki əksəriyyət bir çox həqiqətləri bilmir. Baxırlar telekanallara və bəziləri də inanırlar ki, doğrudan da gənclər “Molotov kokteyli” hazırlayır. Amma nə vaxt insanların əlinə alternativ informasiya düşsə, onda hakimiyyətin vəziyyəti pis olacaq. “Azadlıq”a qarşı kampaniya məhz bununla bağlıdır. “Azadlıq” onlar üçün təhlükəlidir.

“Rusiyanın reaksiyası hakimiyyətin xeyrinə olmayacaq”

- Rusiya ilə münasibətlər gündən günə gərginləşir. Əvvəlki illərdə seçki ərəfəsində hakimiyyət bir çox addımlarını Rusiya ilə razılaşdırırdı, şimal qonşunun köməyindən yararlanırdı. Bu dəfəki seçki ərəfəsində Rusiyanın  mövqeyi necə olacaq?

- Sözsüz ki, indiki vəziyyətdə fərq var. Bu hiss olunur. Bu da onunla bağlıdır ki, yenidən hakimiyyətə gələn Putinlə İlham Əliyev arasında münasibətlər çox pisdir. Gərginlik  də məhz bununla bağlıdır. Azərbaycan Avrasiya Ittifaqına, Gömrük Ittifaqına qoşulmaqdan imtina etdi. Qəbələ RLS məsələsində Rusiya ilə razılığa gəlmədi. Hələ ötən il deyirdim ki, Putin buna mütləq cavab verəcək. Putin belə şeyləri unutmur və ona reaksiya verir. Indi təzyiqin hansı forması olacaq, necə olacaq, bu gərginlik seçkilərdə necə  öz əksini tapacaq, onu gələcək göstərəcək. Amma tamamilə aydındır ki, Rusiya buna reaksiya verəcək. Bu reaksiya da hakimiyyətin xeyrinə deyil. Düzdür, Rusiya Azərbaycandakı seçki məsələsində hələlik aktiv deyil. Onları nəsə saxlayır. Mən ruslarla görüşəndə deyirlər tutaq ki, İlham Əliyevi arenadan götürdük, onu kim əvəz edəcək. Onu əvəz edən qüvvə Rusiyaya yaxın olacaq, yoxsa əksinə, Qərbə yaxın siyasət yürüdəcək. Yəni ruslara yaxın siyasi qüvvələr Azərbaycanın siyasi arenasında faktiki olaraq yoxdur. Onlar burda heç bir ciddi rol oynamırlar. Rusları narahat edən budur.

“YAP-ın namizədi açıqlamaması daxili çəkişmələrlə bağlıdır”

- Əliyevin üçüncü prezidentliyi məsələsi gündəmdədir. Ancaq bununla bağlı artıq etirazlar səslənməkdədir. Tomas de Vall da üçüncü prezidentliyin Əliyev üçün rahat olmayacağını deyib. Maraqlıdır ki, YAP namizədi rəsmən açıqlayacaq qurultayı seçkidən az müddət əvvələ salıb. Hakimiyyətin bu gözləntisi nə ilə bağlıdır? Tərəddüd var, yoxsa hakimiyyət nədənsə ehtiyat edir?

- Bu daxili çəkişmələrlə, konfrantasiya ilə bağlıdır. Hakimiyyət daxilində çəkişmənin olduğu sirr deyil. Elşad Abdullayevin videolarından da bunu görmək olur. Bu gün İlham Əliyev və onun komandası ilə atasının, yəni Heydər Əliyev komandası, yəni Ramiz Mehdiyevin komandası arasında çəkişmə gedir. Bu artıq hamı üçün aydın məsələdir. Ilham Əliyev 2003-cü ildən hakimiyyətdədir. Son on il ərzində bir-iki naziri, konkret olaraq özünə qarşı çıxanları işdən çıxardı. Qalanları qaldı yerində. Heydər Əliyevin dövründə vəziyyət fərqli idi. Əgər o dövr Ismayıllı, Quba hadisələri kimi olaylar baş versəydi, Heydər Əliyev buna reaksiya verərdi. O başa düşürdü ki, əgər açıq şəkildə bu tipli sosial partlayış baş veribsə, deməli buna reaksiya vermək lazımdır. Heydər Əliyev hakimiyyəti əlində çox bərk saxlayırdı. Hər şey ondan asılı idi. Bu gün isə bir nömrəli sual odur ki, Azərbaycanı kim idarə edir, Ilham Əliyev, yoxsa Ramiz Mehdiyev və onun komandası. Mənə də xaricdə olanda tez-tez bu sualı verirlər.

- Amma bununla belə belə ehtimallar var ki, İlham Əliyevin deyil, Mehriban Əliyevanın namizədliyi irəli sürülə bilər. Bu halda hakimiyyətin içində nələr baş verəcək?

- İnanmıram ki, İlham Əliyev öz funksiyasını kiməsə tapşırsın. Fərq etmir söhbət Mehriban Əliyevadan,  yaxud başqasından gedir. Əliyev buna getməz.

- İlham Əliyev son müşavirələrin birində Azərbaycanın üzv olmadığı beynəlxalq təşkilatların tövsiyələrinə əməl etməyə borclu olmadığını deyib. Təbii ki, o bununla Avropa Birliyinə işarə vurub. Hakimiyyətin atdığı son addımlar, həbslər iqtidarın beynəlxalq təşkilatlarla münasibətləri korladığını göstərir. Bu vəziyyət hakimiyyətə nə vəd edir?

- Bu həmişə belə olub. Dəfələrlə Avropa qurumlarının nümayəndələri ilə görüşəndə də demişəm, əgər siz heç nəyə reaksiya vermirsizsə, gec-tez hakimiyyətdə belə bir fikir yarana bilər ki, biz onlar üçün daha vacibik, nəinki  onların bizə qarşı irəli sürdüyü tələblər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır