Əhli Beyt (əleyhis səlam) - ABNA - Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan İslam Partiyası hal-hazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin müalicə müəssəsində ürək ağrılarından şikayəti ilə bağlı yerləşdirilən Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov və onun sağlıq durumu ilə bağlı qurumun rayon təşkilatları rəhbərlərinin ciddi narahatçılıqlarını nəzərə alaraq, dövlətin rəsmi orqanlarına, ictimai hüquq müdafiəçilərinə, beynəlxalq təşkilatların Bakı nümayəndəliklərinə - ATƏT-in Bakı nümayəndəsinə, xarici ölkələrin diplomatik korpuslarına, Qızıl Aypara və Qızl Xaç cəmiyyətlərinin yerli nümayəndələrinə Avropa İnsan Haqları və Hüquqlarının Müdafiəsi Komitəsinə müraciətlər ünvanlamış, M.Səmədovun müalicəsinin nəzarətə alınmasının zəruriliyini bəyan etmişdir.
Müraciətdə deyilir: “Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov 2011-cu ilin yanvar ayında həbs olunmuşdur. İstintaq və məhkəmə dövründə həbsin motivi kimi odlu silah əldə etmək, terrorçluq, hakimiyyəti zorla dəyişdirmək qeyd olunsa da, əsas səbəb M. Səmədovun 02 yanvar 2011- cu il tarixdə AİP-in Baş Məclisindəki çıxışı və bu çıxışda ölkədə rüşvət, korrupsiya, dövlət büdcəsinin məmurlar tərəfindən talan olunması, milli-mənəvə-islami dəyərlərin aşınmasına səbəb olan daxili və xarici siyasətdəki səhvlər, inanclı insanlara qarşı başa düşülməyən süni qadağalar və bu kimi neqativ, dövlətçilik üçün təhlükəli halların ciddi tənqid olunması idi.
Qərəzli və sifarişli həbs, ağır məhkəmə ittihamı və 12 illik həbs cəzası bu gün də ölkə ictimaiyyətini ciddi narahat etməkdədir. Qanunçuluğun qorunmaması cəmiyyət üzvlərinin hər hansı bir haqsızlıqla məhkum olunmsına səbəb ola biləcəyi ehtimalını doğurur və vətəndaşlarda ümidsizlik, etimadsızlıq sindromu doğurur ki, bu da ölkədə vətəndaş cəmiyyəti quruculuğuna, ədalətli idarəetmə sisteminin yaradılmasına, vətəndaş-dövlət münasibətlərinin şəffaf qurulmasına, ümumən dövlətçiliyimizin möhkəmlənməsinə çox ciddi maneə törədir.
Narahatçılığımızın və ümumilikdə islamçı qüvvələrin bu məsələyə rəğmən, xüsusilə də M. Səmədovun xəstəliyi-ürək ağrıları ilə bağlı olaraq müalicəsinin etibarlı şəkildə həyata keçirilməsinə inam baxımından böyükdür. Səbəbi birincisi, Səmədovun biz əminik ki, şərlənərək, günahsız həbsidir. İkinci səbəb həbsxanada ona digər məhbuslardan fərqli olaraq mənfi mənada fərqli davranışdır. Üçüncüsü, həm də narahatçılığın daha ciddi səbəbi eyni motivlərlə şərlənərək elə həmin tarixdə həbs olunan AİP funksioneri Hacı Vaqif Abdullayevin həbsxana divarları arasında müəmmalı ölümüdür.
İnsanlara, xüsusən cəmiyyətin inanclı kəsiminə qarşı baş verən qeyri humanist, ədalətsiz və qərəzli münasibətdən, bu mənada insanların, AİP üzvlərinin haqlı tələblərindən çıxış edərək bir daha bəyan edirik ki, baş verə biləcək hər hansı mənfi təzahür və hallara görə, M. Səmədovun həyatının təhlükəyə məruz qalacağına rəsmi dövlət orqanları, hakimiyyət nümayəndələri, şəxsən dövlət başçısı cavabdehlik daşıyır. Beynəlxalq təşkilatlar həbs olunmuş günahsız insanlarla həbsxana düşərgələrindəki davranışı diqqətdə saxlamalarını bu gün bəşəri dəyər, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyaların tələbləri baxımından vacib və zəruri hesab edirik. Əmin olmaq istəyirik ki, baş verənlər bir daha araşdırılacaq, adekvat addımlar atılacaqdır”.
Qeyd edək ki, bu günlərdə AİP rayon təşkilatlarından İslamın Səsi xəbər portalına çoxsaylı müraciətlər ünvanlanmışdır. Həmin müraciətlərdə AİP sədri Hacı Mövsüm Səmədovun xəstəliyi ilə bağlı narahatçılıq dolu fikirlər, tələblər səsləndirilmişdir. Biz həmin məktub və müraciətləri AİP rəhbərliyinə ünvanlamışıq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır