Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan sədri Hacı Mövsüm Səmədovun sağlıq durumu barədə narahatedici xəbərlər yayılıb. Vəziyyəti pisləşdirən amil odur ki, M.Səmədov barədə vəkilinə praktiki olaraq, heç bir məlumat verilmir.
Yaxınlarının verdikləri məlumata görə, son bir ayda Mövsüm Səmədovun ürəyinin arxa damarlarında qan çatışmazlığı yaranıb.
DEVAMM bununla bağlı bəyanat qəbul edib. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: "DEVAMM olaraq, Hacı Mövsümün sağlamlığı ilə bağlı yaranmış vəziyyətdən dərin narahatlığımızı ifadə edirik. Nəzərə çatdırırıq ki, azadlıqdan məhrum olan bir insan kimi, Hacı Mövsümün sağlamlığı ilə bağlı bütün məsələlərə hökumət cavabdehlik daşıyır.
Biz Hacı Mövsümün səhhət durumu ilə bağlı təxirəsalınmaz addımlar atmaq, o cümlədən, neytral və obyektiv tibb komissiyası təşkil etmək, yetərli diaqnostik hərəkətlərini həyata keçirmək, etimad doğuran yerlərdə tibbi prosedurlara başlamaq üçün əlaqədar qurumlar qarşısında məsələ qaldırırıq.
DEVAMM olaraq bildiririk ki, Hacı Mövsüm Səmədov - vicdan məhbusudur. Bu baxımdan, onun barəsində hər hansı diqqətsizlik xüsusilə mənfi dəyərləndirilir".
Xəbər xidməti
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır