Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən “Xeber44.com” portalının həbsdə olan rəhbəri Araz Quliyevə dekabrın 10-da yeni ittiham verilib. Vəkil Fariz Namazov bildirib ki, bu gün Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi ilə birlikdə Bakı İstintaq Təcridxanasında olublar.
Fariz Namazovun sözlərinə görə, müstəntiq təqsirləndirilən Araz Quliyevə vəkil kimi onu təqdim edib: “Hüquqlarını müdafiə elədiyim şəxsə indiyə kimi Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) maddələri ilə ittiham irəli sürülmüşdü. Yeni ittihama görə, cinayət işindən 221.2.1-ci maddə götürüldü və əvəzində 5 maddə əlavə olundu: 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər)”.
Vəkil əlavə edib ki, Araz Quliyev bu ittihamlar üzrə özünü təqsirli bilməyib: “Bu gün Arazın rəhbərlik etdiyi saytda dərc olunan bəzi məqalələrin ekspertiza rəyi də açıqlanıb. Həmin məqalələrə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin eksperti rəy verib. Rəydə deyilir ki, həmin məqalələrdə hakimiyyət əleyhinə tənqidi fikirlər var, bu isə vətəndaşlara nifaq yaratmaq və nifrət etməyə əsas verir. Araz Quliyev buna da etirazını bildirdi. O əlavə etdi ki, əgər onu Masallıda keçirilən beynəlxalq folklor festivalına görə həbs ediblərsə, onda nə üçün “Xeber44.com” saytında həmin tədbiri təbliğ edən yazıların ekspertizası keçirilmir?”
Fariz Namazov hüquqlarını müdafiə etdiyi şəxsin səhhətinin normal olduğunu, saxlandığı yerdən şikayəti olmadığını bildirib: “Sadəcə onu əlavə etdi ki, həbs olunarkən Masallı Rayon Polis Şöbəsində onu möhkəm döyüblər, hətta Bakıya gətirilərkən bunun izləri qalırmış. Araz Quliyev deyib ki, Masallıda olarkən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov onunla görüşüb, vəziyyəti qeydə alıb”.
Vəkil dekabrın 15-də Araz Quliyevlə bir daha görüşəcəyini deyib: “Araz Quliyev bir daha təkrar etdi ki, onu yazılarına, jurnalist fəaliyyətinə görə həbs ediblər”.
Araz Quliyev sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərməkdə, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutulub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır