Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən Milli Preventiv Mexanizm (MPM) qrupu tərəfindən Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzinin məcburi müalicə şöbəsinə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsinin cərimə təcridxanasına, Bakı İstintaq Təcridxanasına və 3 saylı İstintaq Təcridxanasına təkrar baş çəkmə həyata keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, 17 saylı cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasında saxlanılan 18 nəfər məhkumla təklikdə söhbət aparılıb, məhkumların cərimə təcridxanasında saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olunub. Məhkumlar rəftar və saxlanma şəraitindən şikayət etməyiblər.
MPM Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasında da saxlanılan bir neçə təqsirləndirilən şəxslə görüşüblər. Onlar saxlanma şəraitindən şikayət etməyiblər. Eyni zamanda “Tolişi Sədo” qəzetinin təsisçisi və baş redaktoru Hilal Məmmədov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini Mehdi Şamilov barələrində aparılan istintaqdan narazı olduqlarını bildiriblər.
3 saylı istintaq təcridxanasına baxış zamanı burada son bir ayda xeyli iş görüldüyü müşahidə edilib.
MPM qrupunun üzvləri şəraitin daha da təkmilləşdirilməsi istiqamətində müəssisə rəhbərlərinə tövsiyələr veriblər. Başçəkmənin nəticələri ilə bağlı ədliyyə nazirinə müraciət edilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır