26 iyul 2012 - 19:30

İmam Hüseyn həzrəti Rəsuləllahdan (səlləllahu əleyhi və alih): "Yaxşılıqlar mərifət qədərincə olmalıdır"

Böyük və görkəmli şəxsiyyətlər insanlarla qarşılaşanda həmin insanların özünü tanımazdan əvvəl onun şəxsiyyətini tanımağa, mənəviyyatının, təfəkkür tərzinin və dünyagörüşünün dərinliyindən xəbərdar olmağa, cəmiyyətdə özlərinin hər cür hərəkət və rəftarlarını onun əsasında möhkəmləndirməyə çalışırlar.

İslamıın başlanğıcında siyasi, hərbi, nizami və məhkəmə işlərində bu məsələyə dəqiq şəkildə diqqət verilmiş, hətta yaşca kiçik olsalar belə, dərrakəli, düşüncəli və qətiyyətli adamları, sadə və qətiyyətsiz yaşlılardan  üstün tutulmuş, Islamın idarə qurumlarına heç bir vəchlə dostbazlıq və dəstəbazlıq yol tapmamışdır.

Əlaqələr  qanunlar üzərində hakim deyildi, "mərifəti qədərincə məşhurdur" qanununa riayət edirdilər. Şəhidlər sərvəri Imam Hüseyn (ə)-ın gözəl əməl və hərəkət dənizinə bu məsələ barəsində  bir baş vuraq.

Ağır borc təzyiqi altında inləyən və heç bir çıxış yolu tapmayan bir ərəb kişi Mədinəyə gəldi, yoxsulların ümidi, şəhidlərin sərvəri, Zəhra (ə)-ın oğlunun evinə daxil oldu və salam verəndən sonra belə dedi:

Yəbnə Rəsulillah, böyük borcum var və bir qan puluna zamin olmuşam. Ancaq onu ödəməyə imkanım yoxdur. Qərara aldım ki, insanların ən böyüyündən kömək istəyəm, öz ehtiyacımı ona deyəm. Bu gün Islam Peyğəmbərinin nəslində sizdən kəramətlisini tanımıram.

İmam Hüseyn (ə) ona belə buyurdu: Ey ərəb qardaş, mən səndən üç  məsələ soruşacağam. Əgər birinə cavab versən sənin istəyinin üçdə birini, əgər iki məsələyə cavab versən üçdə ikisini, əgər hər üç sualıma cavab versən bütün istəklərini yerinə yetirəcəyəm.

İmam Hüseyn (ə) əvvəlcə ağır borc altına girmiş ərəb kişinin şəxsiyyətini öyrənmək və ona üyğün hərəkət etmək istəyirdi ki, məbada, birdən öz şəxsiyyətinin, böyüklüyünün və şəninin xilafına bir iş görər.

Ancaq qəti aydın idi ki, o, heç bir cavab verməsəydi də, Imamın vücudunun kərəmindən məhrum olmayacaqdı, çünki bu sual-cavab onun öz məqamına və şəninə riayət etmək məqsədi daşıyırdı. Hər halda söhbət belə davam etdi: Ərəb dedi: Yəbnə Rəsulillah, necə rəvadır ki, risalət və şərafət xanədanından olan sənin kimi bir şəxs yalnız bədəvi bir ərəb olan məndən sual etsin?

İmam Hüseyn (ə) buyurdu: Babamdan eşitmişəm ki, belə buyurub:

"Yaxşılıqlar mərifət qədərincə olmalıdır"

Ərəb dedi: Ey Peyğəmbərin oğlu, nə istəyirsən soruş, əgər bilsəm cavab verərəm, bilməsəm, sizdən öyrənərəm. "Allahdan başqa bir qüvvə yoxdur"

Imam (ə) buyurdu: Əməllərin ən üstünü hansıdır?

Ərəb: Allaha iman bəsləmək.

Imam (ə) buyurdu: Insanın həlakətdən nicat tapmasına nə səbəb olar?

Ərəb: Allaha etimad və inam.

Imam (ə) üçüncü sualını soruşdu: Insana zinət verən nədir?

Ərəb: Elmlə helm.

Imam (ə): Əgər bu olmasa necə?

Ərəb: Sərvət və mürüvvət.

Imam (ə): Əgər bu da olmasa, insanın zinəti nədir?

Ərəb: Yoxsulluğa səbr və dözüm.

Imam (ə): Bu da olmasa, kamalın və zinətin səbəbi nədir?

Ərəb: Göydən bir ildırım çaxar və ona layiq olan şəkildə həyatına son qoyar.

Imam Hüseyn (ə) ərəb kişinin sonuncu cavabından gülümsündü, içində min qızıl dinar olan kisəni ona verdi, əlavə olaraq, qaşı  200 dirhəmə dəyən bir üzüyü də bağışlayıb buyurdu:

Dinarlarla borcunu ödə və üzüyü də satıb öz həyatını təmin et.

Ərəb dedi: Allah öz risalətini harada qərar verməyi daha yaxşı bilir.

 

Fərhad Mirzə

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır