Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Bakı Dövlət Universitetinin professoru Mayis Əliyevin BDU-da Yavər Camalovun oğlu tərəfindən döyülməsi barədə xəbəri ilk olaraq “Olaylar” yayıb. Dünən isə “Yeni Müsavat” qəzeti hadisənin təfərrüatlarını yazıb.
Qəzetin yazdığına görə, Hüquq fakültəsinin sosial təminat hüququ fənnini tədris edən müəllimi, professor Mayis Əliyev nazir oğlunun nişanlısına telefonla oynadığı üçün irad tutub və onu auditoriyadan çıxarıb. Bundan yarım saat sonra nazirin oğlu və mühafizəçiləri universitetə gəlib. Onlar auditoriyaya girərək Mayis müəllimdən dərhal xanımdan üzr istəməyi tələb edib. Professor bunu etməyəcəyini deyib və bu zaman nazir oğlu onu təhdid etməyə başlayıb. Bunu görən qrup uşaqları müəllimin müdafiəsinə qalxıb və aranı sakitləşdirməyə çalışıblar. Bundan sonra nazir oğlu Mayis müəllimi itələyərək yıxıb və təpikləməyə başlayıb. Bir neçə saniyəlik çaşqınlıqdan sonra tələbələr hadisəyə müdaxilə edib, nazir oğlu məcbur qalıb BDU-nu tərk edib.
“Azadlıq” isə nazir oğlunun nişanlısının kimliyi barədə maraqlı məlumat əldə edib. Məlumatda bildirilir ki, həmin xanım tələbə prokuror qızıdır. Onun atası Respublika Prokurorluğunda çalışır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır