Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan hakimiyyəti ABŞ-la gələcək münasibətlərini qaydaya salmaq üçün Vaşinqtonda intensiv lobbi kampaniyası aparır.
Bu kampaniya çərçivəsində ABŞ prezidenti Barak Obamanın seçki fondunda da dolayısı formada maliyyə yardımları göstərilir. “Los Angeles Times” qəzetinin və digər Amerika KİV-lərinin xəbərlərinə görə, aprelin 27-də Vaşinqtonda Azərbaycan və türk icmasının üzvlərinin Birləşmiş Ştatların vitse-prezidenti Cozef Baydenlə görüşü keçirilib. Bu, Azərbaycan icmasının ABŞ-ın vitse-prezidenti ilə ilk belə görüşüdür. Görüş Vaşinqtonda ABŞ-Azərbaycan münasibətlərinin 20 illiyi münasibətilə iki günlük konfransın ardınca keçirilib.
Baydenlə Vaşinqtondakı “Fairfax” otelində keçirilən işgüzar səhər yeməyinə 200-ə yaxın qonağın qatıldığı bildirilir. Onların arasında ABŞ-Azərbaycan münasibətlərinin 20 illiyi münasibətilə Vaşinqtonda keçirilən konfransa qatılmaq üçün Bakıdan gedən nümayəndə heyətinin üzvləri də olublar. Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə SOKAR-ın yüksək vəzifəli şəxsləri və maliyyə naziri Samir Şərifov da daxil idi. S.Şərifov Amerika-Azərbaycan iqtisadi əməkdaşlıq komissiyasının həmsədridir, onun ABŞ administrasiyası ilə yaxın əlaqələri var.
Cozef BaydenAmerika mətbuatı yazır ki, Baydenin Azərbaycan və türk icması ilə səhər yeməyi pullu olub. Yeməyə qatılmaq üçün biletin minimal qiyməti 2500 dollar təşkil edib. Bayden mərasimdə 20 dəqiqəlik çıxış edib və Birləşmiş Ştatların Azərbaycan, habelə Türkiyə ilə münasibətlərinin əhəmiyyəti barədə danışıb. O, Amerikada bu il seçki ilində ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrini təmsil edən icma üzvlərinin dəstəyinin əhəmiyyətini vurğulayıb. Bayden Türkiyə və Azərbaycanın ABŞ-ın mühüm tərəfdaşları olduğunu deyib. O, Amerikada yaşayan türk və Azərbaycan icmasının üzvlərinin ölkənin həyatında oynadıqları rolu və verdikləri töhfələrə yüksək qiymət verildiyini bildirib.
Vitse-prezident çıxışında Türkiyənin “Ərəb baharı” prosesindəki vasitəçi rolunu, Azərbaycan və Türkiyənin İraq və Əfqanıstan müharibələrində Amerikaya dəstək verməsini yüksək qiymətləndirib. C.Bayden Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini və əhalisinin əksər hissəsini müsəlmanların təşkil etdiyi bu ölkədə demokratik inkişafların bütöv Yaxın Şərqə nümunə olduğunu da deyib. O, Türkiyənin regional nüfuzunun Amerikanın o bölgədəki nüfuzundan qat-qat artıq olduğunu bildirib.
C.Bayden “demokratiya yolunda irəliləyən” Azərbaycanla Amerikanın münasibətlərinin getdikcə dərinləşdiyini də deyib. Bildirilir ki, görüş ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsinə daxil idi. Rəsmi olaraq görüşün təşkilatçıları amerikalılar və avrasiyalıların şurası TCEA və ABŞ Azərbaycanlılarının şəbəkəsi USAN olub.
Amerika mətbuatının yazdığına görə, görüş zamanı iştirakçıların heç bir reaksiya göstərmədən Baydeni dinləməsi vitse-prezidentin replikasına səbəb olub. O deyib ki, görüşdə əsl “cəhənnəm süstlüyü” hökm sürür: “Mən çalışıram ki, sizin səhər yeməyiniz darıxdırıcı olmasın, ancaq sizin sifətinizdə süstlük hökm sürür. Bu, mənim indiyədək çıxış etdiyim ən süst auditoriyadır. Niyə dayanıb baxırsınız? Deyin ki, mən sizin xoşunuza gəlirəm”.
Baydenin bu sözləri zalda gülüşə səbəb olub. O, çıxışına davam edərək deyib ki, Amerika administrasiyası Azərbaycanı böyük potensiala sahib olan ölkə kimi görür: “Biz istəyirik ki, Azərbaycan demokratik inkişaf və regionun lideri olmaq yolunda irəliləsin”.
Amerika KİV-ləri qeyd edir ki, bu səhər yeməyi Baydenin “Obamanın qələbə fondu”na pul toplanması üçün keçirdiyi 25-ci mərasim idi. Həmin səhər yeməyində toplanan pulların hamısı sözügedən fonda köçürülüb və Obamanın seçki kampaniyasına sərf olunacaq.
Ziya MəmmədovBelə məlum olur ki, əslində həmin səhər yeməyinin əsas sponsoru Azərbaycan hakimiyyəti olub. Çünki “Amerikanın səsi” qeyd edir ki, mərasim Amerika-Azərbaycan münasibətlərinin 20 illiyi ilə bağlı təşkil edilən tədbirlər çərçivəsində baş tutmuşdu. Bu tədbirlərin təşkilatçıları arasında nəqliyyat naziri Ziya Məmmədovun oğlu, nazirin ailə biznesinə rəhbərlik edən Anar Məmmədovun Vaşinqtonda qurduğu lobbi təşkilatı - Amerika Azərbaycan Alyansı da yaxından iştirak edib. Alyans ARDNŞ-lə birlikdə bu tədbirlərin sponsorları arasında yer alıb. İki gün əvvəl
Vaşinqtonda ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə geniş konfrans çağırılmışdı. Bu konfransa nüfuzlu çıxışçıların dəvət edilməsi üçün də kifayət qədər böyük məbləğ xərclənib. Konfransda Azərbaycanın Amerika üçün nə dərəcədə mühüm strateji tərəfdaş olması barədə çıxışlar olub.
Maraqlıdır ki, məhz həmin konfransın ardınca ABŞ-ın Azərbaycandakı yeni səfiri postuna namizədin adı məlum oldu. Bu, Azərbaycan hakimiyyəti ilə əvvəldən yaxşı münasibətləri olan, Birləşmiş Ştatların bölgədə enerji siyasətini kurasiya edən Riçard Morninqstardır. Şübhə yoxdur ki, Morninqstarın namizədliyi Azərbaycan tərəfi ilə razılaşdırılıb. Onun namizədliyinin irəli sürülməsi prezident Obamanın ikinci müddətə seçiləcəyi halda Azərbaycanla münasibətlərə daha çox önəm verəcəyinə dair vəd kimi də qəbul edilə bilər.
ABŞ-ın Bakıdakı ilk səfiri olmuş təcrübəli diplomat Robert Finn isə “Turan”a müsahibəsində Morninqstarın səfir təyinatının ikitərəfli münasibətlərdə uzunmüddətli gərginliyi aradan qaldıra biləcəyinin mümkünlüyü məsələsini şərh edib.
“Əgər prezident Obama yenidən seçilməsə, yeni prezident gələn il Bakıya başqa səfirin təyin olunması barədə qərar qəbul edə bilər” - deyə R.Finn bildirib.
O, qeyd edib ki, Morninqstarın təyinatı Obama administrasiyasının Azərbaycana verdiyi önəmi göstərir: “O, Bakıda yalnız energetikanın inkişafı ilə deyil, həm də regional siyasət, Dağlıq Qarabağ, demokratiya və insan hüquqları məsələləri ilə məşğul olacaq. Ümid edirəm ki, təcrübəli diplomat Morninqstar Senatda təsdiqlənərkən çətinliklərlə üzləşməyəcək”.
Digər ekspert, Stiven Ostin Universitetinin professoru Maykl Tkaçik isə qeyd edib ki, Morninqstarın təyinatı münasibətlərə müsbət inkişaf gətirəcək. Məsələ burasındadır ki, Obamanın birinci prezidentlik müddətində onun administrasiyasının Azərbaycanla münasibətləri heç də yaxşı keçməyib. Hakimiyyət hətta bir müddət Amerikaya qarşı “soyuq müharibə” aparıb, ancaq sonradan dünyanın ən böyük dövləti ilə münasibətləri korlamağın təhlükəli olacağını nəzərə aldılar və Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq üçün lobbi kampaniyası genişləndi.
Anar Məmmədovun Amerikada yeni lobbi təşkilatı quraraq onun fəaliyyətinə böyük pullar xərcləməyə başlaması da bura daxildir. İndi belə məlum olur ki, hakimiyyət Amerika seçkilərində demokratlara stavka edir və Obamanın kampaniyasına dolayısı maliyyə yardımları edir. Respublikaçıların potensial namizədi mormon təriqətinə mənsub olan Mitt Romnidir. Obamanın reytinqi hazırda yüksək olmasa da analitiklərə görə, o, seçkilərdə Romni ilə qarşılaşsa, qələbə qazanacaq. Çünki amerikalıların mormon namizədə münasibəti birmənalı deyil. Amerikada prezidentliyə namizədin seçki fonduna xarici hökumət rəsmiləri və iş adamları tərəfindən birbaşa yardımlar mümkün deyil. Ancaq bunun dolayısı mexanizmləri var, məsələn, pullu yemək mərasimləri və lobbi kampaniyaları üzərindən maliyyələşmə kimi. Görünür, Azərbaycan hakimiyyəti bu mexanizmlərdən mümkün qədər istifadə edir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyəistinad lazımdır