Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Gəncə şəhərini təmirə dayandıran icra başçısı Elmar Vəliyevin özünə məxsus idarəetmə qaydaları var. Onlardan biri tikinti meydançasını xatırladan Gəncəyə icra başçısının əvvəl işlədiyi Yevlax rayonundan işçi qüvvəsi cəlb etməsidir. Şəhər sakinlərdən aldığımız məlumata görə, təmir-tikinti sahələrində yerli sakinlərdən özünə iş tapanlar olduqca azdır.
Söküntü kampaniyasının əvvəlində heç kimə güzəşt etməyən Elmar Vəliyev sonradan «yumşalıb». İndi «plana» düşən ticarət, biznes obyektiləri şəhər rəhbərliyi ilə dil tapa bilirlər. Mənbə bildirib ki, artıq belə «anlaşmaların» sayı yüzlərlədir. İş adamları icra başçısının yaratdığı «dəhlizdən» keçərərək əmlaklarını qorumağa nail ola bilirlər.
Evi, ticarət köşkləri dağıdılmış minlərlə ailənin isə şikayətlərinə məhəl qoyulmayıb. Onların əksəriyyətinə kompensasiya verilməyib.
Xatırladaq ki, Gəncə şəhərinin yenidən qurulması üçün ilkin olaraq 200 milyon manat vəsait ayırılıb. Bundan başqa prezidentin ehtiyyat fondundan da 10 milyon manat vəsaitin ayrılması barədə sərəncam verib.
Elmar Vəliyevin daha bir xüsusiyyəti icra hakimiyyətində yeni subardinasiya qaydaları yaratmasıdır. Tabelyində olan məmurları tez-tez sərt şəkildə danlayan icra başçısı Gəncədə şəxsiyyətə pərəstişin yeni nümunəsini yaradıb.
Mənbə buna misal kimi maraqlı bir xəbər açıqlayıb. Bu ilin əvvəlindən fevral ayının ortalarına qədər xarici ölkələrin birində məzuniyyətdə olan E.Vəliyevin Gəncəyə dönüşü «möhtəşəm» olub. Şəhərin bütün məmur təbəqəsi, iş adamları Gəncənin girişində Elmar Vəliyevin pişvazına çıxıblar. Mənbə icra başçısının dövlət başçısı kimi avtomobildən işçilərinə əl eləyərək şəhərə daxil olduğunu deyir.
Gəncədə söküntülər zamanı kütləvi aksiyalar keçirilməsə də şəhərdə yerli hakimiyyətə qarşı böyük narazılıq var. İşsizlik, məmur özbaşınalığı, əhalinin əmlakının vəhşicəsinə dağıdılması, iş adamlarının soyulması insanların səbr kasasını daşırıb. Mənbə tədbirlər görülməszə Gəncədə kütləvi etirazların olacağını qaçılmaz hesab edir.
E.Elnuroğlu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır