Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Musavat Partiyası əliyevin fərmanını gecikmiş və ədalətsiz sayır.
Bununla bağlı Müsavat Partiyası bəyanat da qəbul edib.
Partiyanın mətbuat xidmətindən yayımlanan bəyanatda bildirilir ki, dövlət başçısı İlham Əliyev keçmiş SSRİ Əmanət Bankının ölkə vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir ki, 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və o bankın hüquqi varisi “Kapital Bank” ASC-də bu fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan vətəndaşlarına və ya onların vərəsələrinə o hesabdakı qalıqlar nəzərə alınmaqla fərdi birdəfəlik ödəmələr verilsin.
Fərmanda nəzərdə tutulan indeksləşməyə əsasən əmanətçilər 2000 rubla 300 manat, 5000 rubla 600 manat, 10000 rubla 1000 manat ödəmə alacaq.
Müsavat Partiyası bu qərarı çox gecikdirilmiş, həddindən artıq ədalətsiz və yarımçıq bir addım kimi dəyərləndirir.
Müsavat Partiyası hesab edir ki, fərmanda nəzərdə tutulan indeksləşmə sosial ədalətdən prinsipindən tamamilə uzaqdır və əmanətçilərin aldadılmasına hesablanıb. Təklif olunan indeksləşmə əmanətçilərin öz vəsaitlərini geri almaq hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmaqla yanaşı, həm də Azərbaycan Dövlət büdcəsinin geniş imkanları barədə hakimiyyət nümayəndələrinin rəsmi bəyanatlarına ziddir.
Müsavat Partiyası sovet əmanətlərinin qaytarılmasına dair ədalətli indeksləşmənin tətbiq olunmasını, əmanətçilərin öz vəsaitlərini geri almaq hüquqlarının gerçək olaraq təmin olunmasını tələb edir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır