Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən “Amnesty İnternational” beynəlxalq insan hüquqları təşkilatı 2011-ci ilin 2 aprel aksiyasına görə məhkum olunanları vicdan məhbusu kimi tanıyıb, amma həmin ilin 6 may aksiyasına – orta məktəblərdə hicab qadağasına etiraz piketinə görə məhkum olunanlar bu statusdan kənarda qalıb.
Anar Qasımlı: “Hüquq müdafiə təşkilatları 6 may aksiyasının iştirakçılarını müdafiə etmədilər”
Həm 2 aprel, həm də 6 may aksiyasına görə həbs olunanların hüquqlarını müdafiə edən vəkil Anar Qasımlı “Media forum” saytına bildirib ki, nəinki beynəlxalq təşkilatların, hətta yerli hüquq mühafizə qurumlarının, eləcə də hüquq müdafiəçilərinin bu iki aksiyanın iştirakçılarına münasibəti fərqli olub: “Hadisələrə şərti yanaşsaq, Cinayət Məcəlləsinin 233-cü maddəsinin (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) əlamətləri həm 2 aprel, həm də 6 may aksiyasında vardı. Şərti qəbil edək ki, prokurorun dediyi və hakimiyyətin iddia etdiyi kimi, həm aprelin 2-də, həm də mayın 6-da cinayət baş verib, küçəyə çıxan adamlar cinayət törədiblər. Hər iki aksiya iştirakçıları haqda çıxarılan hökmdə bir nüans diqqət cəlb edir. 6 may aksiyasında iştiraka görə təqsirləndirilənlər 1 il 6 aylıq cəza alırlar, amma 2 aprel aksiyasının iştirakçıları 2 il 6 ay.
İlk baxışdan belə görünə bilər ki, hicab məhbuslarının işinə baxmış Nərimanov Rayon Məhkəməsi 2 aprel aksiyaçılarını məhkum etmiş Səbail və Nəsimi məhkəmələrindən daha ədalətlidir. Amma belə deyil, bunun arxasında tamamilə başqa məsələlər, dövlətin cəza siyasətinin vahid və yetkin olmaması dayanır. Hər iki məsələ üzrə eyni tip hadisəni təhlil etmək mümkündür, yəni aksiya – orada səslənən şüarlar fərqli olmasına baxmayaraq eyni məğz daşıyır. İstərdim bütün bunların necə baş verdiyinə dair ictimai müzakirələr keçirilsin”.
Anar Qasımlı vurğulayır ki, həm yerli, həm də beynəlxalq hüquq müdafiə təşkilatları 2 aprel aksiyaçılarından fərqli olaraq 6 may aksiyasının iştirakçılarını müdafiə etmədilər: “Hüquq müdafiəçiləri Leyla Yunus, Eldar Zeynalov və Eynulla Fətullayev məndən dindarlarla bağlı informasiya alıb. Qalan hüquq müdafiəçilərinin bu yöndə fəaliyyətlərindən xəbərsizəm. Burada bir sıra maraqlar dayanır və buna görə də hüquq müdafiəçilərini qınayıram. Onlar bu məsələlərə ikili standartlarla yanaşırlar. Bu, təbii ki, maliyyə ilə bağlıdır. Yəni hüquq müdafiəçiləri vicdan məhbuslarını müdafiə işlərini müəyyən qrantlar hesabına həyata keçirirlər. Hesab edirəm ki, İrana rəğbəti olan insanları Qərbin maliyyəsi ilə dəstəkləmək mümkün olmur. Amma hüquq müdafiəçiləri nəzərə almalıdırlar ki, bu insanların İranla bağlılığı sırf dini mahiyyət daşıyır. Əgər bu gün Türkiyə islam dövləti olsaydı, onları Türkiyə ilə əlaqələndirəcəkdilər”.
Vəkil dindar şəxslərin sərbəst toplaşmaq azadlığından istifadə cəhdlərini İrana bağlayıb onların müdafiəsindən çəkinməyi absurd hesab edir: “Beynəlxalq təşkilatlar məsələylə maraqlanırlar, amma biz onların bu informasiyalardan necə istifadə etdiklərindən xəbərsizik. Bu təşkilatlar daxili reaksiyaları da nəzərə alırlar. Əgər ölkədə 2 aprel məhbusları ilə bağlı geniş müdafiə kampaniyası başlamasaydı, onlar da bu məsələyə laqeyd yanaşardılar. Burada ögey münasibət birmənalı olaraq islam və İranla bağlıdır”.
Birlik sədri: “Bu gün istənilən ölkədə dindarların tələbləri qərb ölkələrinin maraqlarına uyğun deyil”
Birlik sədri deyir ki, qərbi bürüyən antikorporativ hərakatın fəalları həbs olunur, onların toplşamaq hüquqları pozulur, aksiyaları vəhşiliklə dağıdılır, lakin “Human Rights Watch” və başqa təşkilatlar bütün bunları görməzliyə vurur: “Çünki “Occupy” fəalları qərbin fundamental dəyərlərinə qarşı çıxırlar. Deməli, dırnaqarası hüquq müdafiəçilərinin gözündə onlara qarşı haqsızlıqlar əsaslandırılmış görünür. İslamçılarla bağlı hüquq pozuntuları da bu qəbildən olan haqsızlıqlardandır. Bu gün istənilən ölkədə dindarların tələbləri qərb ölkələrinin maraqlarına uyğun deyil deyə onların hüquqlarının pozulması da heç kəsi maraqlandırmır”.
Kimlər vicdan məhbusudur?
“Amnesty İnternational” vicdan məhbusu terminini 1960-cı illərin əvvəllərində dövriyyəyə buraxıb. Terminin yaradıcısı “Amnesty İnternational”in qurucusu, britaniyalı hüquq müdafiəçisi Piter Benensondur.
Vicdan məhbusu (prisoner of conscience) siyasi, dini və sair inanclarına, həmçinin etnik, cinsi, irqi, dil, milli, sosial mənsubiyyətinə, əmlak vəziyyətinə, qohumluq münasibətlərinə, seksual yönümünə və başqa özəl xüsusiyyətlərinə görə fiziki azadlığı həbslə və ya başqa metodlarla məhdudlaşdırılmış şəxsdir. Zorakılığa əl atmış, zoru və düşmənçiliyi təbliğ edən şəxs vicdan məhbusu sayıla bilməz.
İlk vicdan məhbusu 1962-ci ildə praqalı keşiş Yozef Beran elan olunub. O, kommunist rejiminə qarşı təbliğat apardığına görə 14 il (1949-1963) həbsdə yatıb.
“Amnesty İnternational” 2011-ci il aprelin 2-də İctimai Palatanın Bakıda keçirdiyi mitinqə görə məhkum olunan Arif Hacılı, Tural Abbaslı, Ülvi Quliyev, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Məhəmməd Məcidli, Elnur Məcidli, Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Elnur İsrəfilovu vicdan məhbusu kimi tanıyır.
2011-ci il mayın 6-da Bakıda, Təhsil Nazirliyinin qarşısında keçirilmiş hicaba azadlıq aksiyasına görə 12 nəfər həbsdə yatır:
Zaur İsgəndərov - 3 il;
Məmməd Əsgərov - 3 il;
Araz İsmayılov - 2 il 6 ay;
Nurani Məmmədov - 2 il;
Rüfət Miriyev - 2 il;
Mais Abdullayev - 1 il 6 ay;
Rəşad Vəliquliyev - 1 il 6 ay;
Tərlan İsmayılov - 1 il 6 ay;
Taleh Ələkbərov - 1 il 6 ay;
Çingiz Novruzov - 1 il 6 ay;
Taleh Bağırov - 1 il 6 ay;
Elşən Abbasov - 1 il.
Bu məhkumlar “Amnesty İnternational” təşkilatının onları vicdan məhbusu kimi tanımamasından narazıdırlar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır