Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Qarabağ Azadlıq Təşkilatı daha bir qrup Azərbaycanlı deputatın Ermənistanın paytaxtına səfər etməsini pisləyən bəyanat yayıb. QAT-ın bəyanatında bildirilir ki, Qarabağ Azadlıq Təşkilatı daha bir qrup Azərbaycanlı deputatın-Rövşən Rzayev, Azay Quliyev və Fərəc Quliyevin Ermənistanın paytaxtına səfər etməsini qətiyyətlə pisləyir. Bu cür səfərlərə heç bir adla, istər Avronest Parlament Assambleyası, istərsə də başqa bir tədbir olsun, bəraət yoxdur. Bu, erməni siyasətidir, erməni bu yolla işğal faktını unutdurmağa çalışırlar. Bu səfərlərə gedənlər bilməlidirlər ki, birmənalı şəkildə erməni siyasətinə xidmət edirlər. Biz deputat qrupunun bu səfərini Azərbaycanın milli maraqlarına xəyanət hesab edirik.
Bu dəfə gedənlərdən Rövşən Rzayev çoxdandır ki, müxtəlif yollarla ermənilərə xidmət göstərməyə çalışır, gah Dağlıq Qarabağın Azərbaycanlı icmasının nümayəndəsi kimi canfəşanlıq edir, gah ermənilərlə hansısa əlaqələrin qurulmasına təşəbbüs edir. Bəzi məlumatlara görə, onun erməni qanı var, İrəvanda xalası, dayısı yaşayır. Görünür, onlarla əlaqə qurmaqda, onların sifarişlərini yerinə yetirməkdə maraqlıdır. Bu məsələ Azərbaycanın Milli Təhlükəsizlik orqanları tərəfindən araşdırmalıdır. Azay Quliyev və Fərəc Quliyevin isə bu işlərə qoşulması başa düşülən deyil. Azay Quliyev həm millət vəkili, həm də QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri kimi dəfələrlə “xalq diplomatiyası” na, ermənilərlə təmaslara qarşı çıxış edib. Fərəc Quliyev də həmişə erməni siyasətinə qarşı olub. Bu iki şəxsdən biz bu hərəkəti heç gözləmirdik. Görünür, kreslo, vəzifə hərisliyi onların da gözlərini tutub, hisslərini öldürüb. Biz onlara “ar olsun!” deyir və lənətləyirik. Onlar özlərini ləkələdilər, şəhidlərimizin ruhları onları heç vaxt bağışlamayacaq.
Emin Nəsirli
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır